Modern.az

Deputatlar Müdafiə Nazirliyindən izahat tələb edirlər

Deputatlar Müdafiə Nazirliyindən izahat tələb edirlər

1 Fevral 2010, 13:01

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən yaz sessiyasının ilk iclasında Daşkəsəndəki N saylı hərbi hissədə bir neçə gün öncə baş verən qətliama münasibət bildirilib. Deputatlar Müdafiə Nazirliyinin parlamentdə izahat verməli olduğunu vurğulayıblar.

 

Deputat İqbal Ağazadə çıxış edərək bildirib ki, Milli Məclisdə Müdafiə Nazirliyinin izahatı dinlənilsin, ümumiyyətlə ordunun vəziyyəti haqqında qapalı müzakirə keçirilsin. Çünki orduda ölüm halları, bir əsgərin digər əsgərə silah çəkməsi, intiharların sayı çoxalıb. “Xüsusən də Daşkəsəndə, Seyfəlidə baş verən hadisələr bunu göstərir ki, orduda vəziyyət neqativdir. Biz dəfələrlə müraciət etsək də, məlumat verilmir. Ordu həm ictimaiyyət, həm də Milli Məclis üçün qapalıdır. Əslində sivil dövlətlərdə bu cür hallar təkrar baş verdikdə Müdafiə Nazirliyi istefaya gedir. Biz də isə heç kim cəzalandırılmır. Adətən hadisəni ölən hərbçinin özünün üstünə yıxırlar”. 

İkram İsrafil təklif edib ki, Daşkəsəndəki N saylı hərbi hissəyə deputat komissiyası göndərilsin. Məsələnin nə yerdə olduğu araşdırılsın.

Səyavuş Novruzov bildirib ki, cəmiyyətin özündə də cinayət baş verir. Ordu da cəmiyyətin bir hissəsidir. "Prokurorluq bu işlə məşğuldur. İstintaq işi də gedir. Həm də Müdafiə Nazirliyinin burada hesabat verməsinə ehtiyac yoxdur. Nazirlik Ali Baş Komandan qarşısında hesabat verir".

Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, baş verən hadisə ilə bağlı bərk narahat olub. "Hərbi hissə ilə əlaqə saxlamışam. Orada çox ciddi işlər gedir. Tədbirlər görüləcək".

 

Xatırladaq ki, yanvarın 28-də saat 18.00 radələrində Daşkəsən rayonundakı N saylı hərbi hissədə 2 əsgərin avtomat silahdan açdığı atəş nəticəsində 4 hərbi qulluqçu həlak olub, 2-si isə yaralanıb. Həmin əsgərlər daha sonra özlərini öldürüblər. Respublika Hərbi Prokurorluğu Daşkəsəndəki “N” saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birliklə tərəfindən adam öldürmə) 120.2.3-cü (zərərçəkmiş şəxsin vəzifəli şəxsin və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu öldürmə) və 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir