Modern.az

“Bu şəhərdə” konsertinin tarixini niyə dəyişdi?

“Bu şəhərdə” konsertinin tarixini niyə dəyişdi?

27 Avqust 2012, 12:59

“Bu şəhərdə”nin oğlanları Rafael və Coşqunun oktyabr ayına planlaşdırılan konsertinin tarixində dəyişiklik edilib. Bu barədə konsertin ssenari müəllifi Müşfiq Abbasov məlumat verib. Onun sözlərinə görə, konsertin təxirə salınmasının səbəbi oktyabrın 7-də SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinin qeyd edilməsidir. Buna görə də “Bu şəhərdə”nin yeni "BalDuz" adlı konsertinin tarixi dəyişdirilib və konsert 8, 9, 10, 11, 12 oktyabrda keçiriləcək.

  Modern.az-ın xəbər verir ki, M. Abbasovun sosial şəbəkədəki bu məlumatından sonra bir çox şəxslər konsertə biletlərin baha olmasından şikayət ediblər.
“Orta aylıq əmək haqqı ailə üzvlərilə birgə orta sıralarda oturmağa imkan vermir”, - deyə bildiriblər. Bütün bu fikirlərdən sonra konsertin ssenari müəllifi qiymətlərlə bağlı açıqlama verib:

“Hamınıza fikirlərinizə görə minnətdaram. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim konsertin biletlərinin qiyməti 10 manatdan 100 manata qədərdir (Cennifer Lopezin, Rihannanın, Şakiranın konserlərinə bilet 35 manatdan 250 manata qədərdir və VİP yerlər isə 250 manatdan yuxarıdır. Amma onların Bakıya – futbolun açılışına gəlməsi gözə göstəricidir). Yəni bizim konsertə kimin imkanı var 10 manatlıq bilet alır, kim 15, kim 20, 35, 40, 55, 80 (cəmi 34 yer) və 100 manatıq (34 yer var)  bilet alır. Ümumi puldan hər gün üçün 5 inzibatçıya, 2 qrimçiyə, 2 vizajistə, 10 musiqiçiyə, 24 rəqqasa, aparıcıya, 10 mühafizəçiyə, sürücüyə, 5 operatora, rejissora, montajçı, eləcə də Rəfael və Coşquna, Müşfiqə,  kostyumçuya, mühasibə, rəssama, dizaynerə, dekoratora qonorar ödənilir. Bundan əlavə, hər gün Heydər Əliyev adın Sarayın icarə haqqı, 5 kamera, 2 mikrofon, televiziyada reklam, anons haqqı (2 ay hər gün), geyimlərin alınması, dekorasiyaların material xərci, afişaların çapı, vergi, səs studiyasının xərci, konsertdən sonrakı banketin hesabı. Yuxarıda sadaladıqlarımın hamısının xərcini bizim tamaşaçılar öz halal pulları ilə ödəyir. Allah tamaşaçılarımızı – konsertdə, DVD-də, televizorda, YouTube-da baxanı var eləsin. Xatırladım ki, dəfələrlə dəvətlər olsa da “Bu şəhərdə” toylara getmir, (qudurmamışıq, sadəcə janrımız uyğun gəlmir), nə də restoranlarda şou-proqramlara (gedənlərə də pis baxmırıq) gedirik”.  

Müşfiq Abbasov qeydlərinə “P.S.” əlavəsi edib: “Əgər kiminsə imkanı yoxdursa, konsertə bilet almağa o, 4 manata holoqramlı DVD alıb seyr edə bilər, əgər buna da imkan yoxdursa, 1 manata pirat disk ala bilərlər. Əgər buna da imkan yoxdursa, bir neçə aydan sonra TV-də pulsuz seyr edə bilərlər”.  

Sevinc İltifatqızı
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi