Modern.az

Milli Kitab Mükafatınına start verildi, Münsiflər Heyəti açıqlandı - SİYAHI

Milli Kitab Mükafatınına start verildi, Münsiflər Heyəti açıqlandı - SİYAHI

28 Avqust 2012, 14:29

Avqustun 28-dən Milli Kitab Mükafatınına (MKM) start verilib. Bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzində layihənin təşkilat komitəsi və münsiflər heyətinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə MKM-in təsisçisi, “Əli və Nino” Nəşriyyat evinin rəhbəri Nigar Köçərli bildirib ki,
növbəti MKM layihəsi zamanı da milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar. “Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”.

Qqeyd edək ki, bu il layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

“Bakcell”-in baş icraçı direktoru Riçard Şirer belə bir layihəyə dəstək verdiklərindən məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, “Bakcell Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqətlə yanaşır.

“Bank Respublika” ASC İdarə Heyəti Sədrinin Müavini Rafael Qasımov da ədəbiyyatın inkişafına yönəlmiş bu cür layihələrin reallaşmasını vacib sayıb.

Nigar Köçərli daha sonra bildirib ki, ilk müsabiqələrdən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib.

Belə ki, mükafatın münsiflər heyəti belədir:

Çingiz Abdullayev
Pərviz Cəbrayıl
Nərgiz Cəlilova
Rafiq Əliyev
Mehriban Ələkbərzadə
Əkrəm Əylisli
Ramiz Fətəliyev
Cəmil Həsənlı
Şahbaz Xuduoğlu
Rüstəm İbrahimbəyov
Hamlet İsaxanlı
Elxan Qaraqan
Niyazi Mehdi
Rəşad Məcid
Afaq Məsud
Qənirə Paşayeva
Sabir Rüstəmxanlı
Ayaz Salayev
Elçin Şıxlinski

Əsərlər noyabrın 16-dək MKM-ə elektron ([email protected]) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək.

Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmalı deyil. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.


Nihadə Eyyubova 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır