Modern.az

Azərbaycanda 799 ailə qorxulu xəstəliyə yoluxub

Azərbaycanda 799 ailə qorxulu xəstəliyə yoluxub

1 Fevral 2010, 15:36

HİV/AİDS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 7400-dən artıq insan HİV-ə yoluxur. Təkcə 2008-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,7 milyon, AİDS-dən vəfat etmiş insanların sayı isə 2,0 milyon olub. Ümumilikdə, 2008-ci ildə yer kürəsində HİV–lə yaşayan insanların sayı 33,4 milyon təşkil edib ki, onlardan da 15,7 milyonu qadın, 2,1 milyonu uşaqdır. Modern.az bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə istinadən məlumat verib. Mərkəzdən bildirilib ki, Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2%-i, ümumilikdə isə 1987-01.01.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-i (96,0%) Azərbaycan vətəndaşı, 18 nəfəri (4,0%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub. Ümumilikdə, Azərbaycanda ilk dəfə HİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV-infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96,0%) Azərbaycan vətəndaşı, 90 nəfəri (4,0%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7%) kişi, 355-i (16,3%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olub. Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-i (29,3%) Bakı şəhəri və Abşeron rayonunda, 1497-i (68,9%) Respublikanın digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8%) yaşayış yeri naməlumdur. 2174 nəfər Azərbaycan vətəndaşından 1395-də (64,2%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 509-da (23,4%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 21-də (1,0%) anadan uşağa keçməklə, 232 nəfərdə (10,7%) yoluxma yolu naməlumdur. 1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 330 nəfər cəlb olunub. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılıb. Əvvəlki illərdə olduğu kimi, 2009-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, Respublikada HİV/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir