Modern.az

Səhiyyə Nazirliyi həkimləri imtahan edəcək

Səhiyyə Nazirliyi həkimləri imtahan edəcək

1 Fevral 2010, 19:25

Səhiyyə Nazirliyi fevralın 1-dən epidemiologiya, yoluxucu xəstəliklər, kardiologiya, oftalmologiya, terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları və təcili təxirəsalınmaz tibbi yardım üzrə həkimlərdən sənəd qəbuluna start verib. Nazirlikdən Modern.az-a verilən məlumata görə,  həkimlərə ixtisas dərəcəsinin verilməsi üçün növbəti imtahanlar bu ilin martında keçiriləcək.

Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi yenə də könüllülük prinsipi əsasında keçirilir. Həkimlərdən sənədlər fevralın 1-dən 28-dək aparılacaq.

 

Tibbi xidmət sahəsində iş təcrübəsi, peşəkarlıq səviyyəsi ilə fərqlənən həkimlər test imtahanlarında iştirak etməklə ali, birinci və ikinci ixtisas dərəcəsi ala bilərlər. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi səhiyyə nazirinin əmri ilə yaradılan, tərkibi vaxtaşırı dəyişdirilən 5 nəfərdən ibarət İxtisaslaşdırılmış Komissiyalar tərəfindən həyata keçirilir.

Nazirlikdən bildirilib ki, ixtisas üzrə əmək stajı beş ildən az olmayan ali təhsilli və ixtisas üzrə əmək stajı üç ildən az olmayan orta təhsilli tibb işçiləri ixtisas dərəcəsini almaq hüququna malikdirlər. Tibb işçilərinə ixtisas dərəcəsi bir qayda olaraq ardıcıllıqla (ikinci, birinci, ali) beş il müddətinə verilir. Bu müddət ərzində ixtisasartırma və ya təkmilləşdirmə kursu keçmiş tibb işçisi ixtisas dərəcəsi verilən vaxtdan 3 il sonra daha yüksək ixtisas dərəcəsi almaq üçün müraciət edə bilər.

Test imtahanı zamanı test suallarına 60 % -dən az olmayaraq düzgün cavab verənlər söhbət mərhələsinə buraxılacaqlar. Test imtahanı 3 saat ərzində 100 sualın cavablandırılması şərti ilə keçirilir. Tibb işçisinə söhbət zamanı əsas fəaliyyətinə aid olan suallar verilir. Müvafiq ixtisas dərəcəsi test imtahanının nəticələri və suallara cavablar nəzərə alınmaqla Komissiyanın qərarı ilə verilir. Test imtahanından və ya Komissiya ilə söhbətdən keçməyənlər ixtisas dərəcəsi almaq üçün 6 aydan sonra yenidən müraciət edə bilərlər. İxtisas dərəcəsi olan tibb işçisinə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir:

ali ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında;

birinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında;

ikinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında

. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?