Modern.az

Bayramımız mübarək?

Bayramımız mübarək?

8 Sentyabr 2012, 15:24

8 sentyabr – Beynəlxalq Savadlılıq Günüdür. Başqa cür ifadə etsək, bu gün oxuyanların və yazanların bayramıdır. BMT-nin baş katibi Pan Gi Mun deyib ki,  dünyada təxminən 775 milyon gənc və yaşlı hələ də yazmağı və oxumağı bacarmır. Digər bir məlumata görə, bir yapon ildə 25, isveçrəli 10, fransız isə 7 kitab oxuyur.  
Dünyada qəbul olunmuş  standarta görə, ildə 5 kitab oxuyanlar az, 6 ilə 20 arası orta, 21 kitabdan artıq mütaliə edənlər isə çox oxuyan hesab olunurlar.

Bəs biz necə, görəsən, oxumağı sevirikmi? Təbii ki, kitab oxumağı nəzərdə tuturam. Məncə, bu suala cavab tapmaq üçün çox fikirləşməyə ehtiyac yoxdur. Ən azından şəhərimizdəki əyləncə mərkəzləri ilə kitabxanaların sayını müqayisə etsək, cavab ortaya çıxar. Bəli, təəssüf ki, bir çoxlarımız əyləncəni kitaba dəyişirik və nəyi itirdiyimizin fərqində belə deyilik...

Rica edirəm, insanların oxumaq həvəsində olmamalarını da siyasiləşdirməyək. Günahkarı və ya səbəbləri məsələyə aidiyyatı olmayan problemlərdə axtarmağa lüzum görmürəm. Bu cür yanaşmaların birmənalı olaraq yeri yoxdur. Vaxtı da bəhanə gətirməyək. Məlumatlı olmaq üçün uzun zaman sərf edib 300-500 səhifəlik bir kitab oxumaq da vacib deyil. Bəzən bir səhifəlik yazını oxuyanda belə çox qaranlıqlar aydınlaşa bilər. Yetər ki, oxumaq istəyək.  

Amma nədənsə bu cür mütaliədən də qaçırıq. İstənilən sosial şəbəkədə yarımca saat araşdırma aparsaq, oxumağa meyilli olmamağımız gün kimi aydın olar. Yəqin, çoxlarınız razılaşarsınız ki, sosial şəbəkələrdə belə 5 cümlədən artıq status paylaşılan zaman tək-tük adamın hövsələsi çatıb onu sonadək oxuyur.

Məncə, bunun əsas səbəbi bədii mütaliə vərdişimizin olmamasıdır. Halbuki bu vərdişə yiyələnən birisi iki saat içərisində yazıçıların əsərlərini oxumaqla onların illərlə yazdığı və qazandığı təcrübəyə malik ola bilər.

Bəs niyə və nədən qaçırıq? Bunun əsas səbəbi böyüklərin oxumaması ilə yanaşı uşaqlara da hələ məktəbəqədər çağından oxumağı aşılamamasıdır. Ötən il Türkiyədə Şefika adlı məktəbli bir qızın bir ildə 285 kitab oxuduğunu və mükafatlandırıldığını eşidəndə çox təəccüblənmişdim. Niyə bizim övladlarımız kitab oxumağa həvəsləndirilmir, onlara bu vərdişi aşılamamağımızın səbəbləri nədir?  Səbəbkar və ya günahkar kimdir?

Əksər hallarda övladının savadlı olmasına laqeyd yanaşan valideyn. Etiraf edək ki, günümüzdə övladının oxuyub-yazmağının dəyərini tam dərk edə bilməyən valideynlər var. Elə buna görə də övladlarına kitab oxumağı sevdirə bilmirlər.  Uşağına hər saatbaşı “kitab oxu” deyənlər də kifayət qədərdir. Ancaq bu da doğru yol deyil. Qarşındakına nəyisə yalnız sevərək və sevdirərək vərdiş etdirmək olar, əmr edərək yox.  Ən böyük örnək isə əməllərdir. Bəzi ata-analar özləri nəinki ayda, heç ildə bir dəfə də olsun, kitab deyil, övladlarına nümunə üçün bir qəzet belə oxumurlar. Ətrafımızda nə çoxdur evdəki boş vaxtını televizor qarşısında keçirib övladından oxumaq tələb edən ata-analar.

Düzdür, mənim yaşım o qədər də çox deyil. Amma tam səmimiyyətimlə deyə bilərəm ki, bizim vaxtımızda oxumağa daha çox meyil edənlər vardı, nəinki indi. Özümüzü anlayar-anlamaz evimizin yaxınlığında kitabxana axtarıb tapar və oraya yazılardıq. Bacı-qardaşlar, dostlar “kim daha çox kitab oxudu” bəhsinə düşərdik. Nə yazıq ki, son illər ətrafımızda bu cür məktəbliləri görməyə həsrət qalmışıq. Yeni dərs ili ərəfəsində məktəblə bağlı tutduğumuz siyahının başında kitab-dəftər sayı gələrdi. İndi isə acı bir həqiqət var ki, siyahıların başında bir çox hallarda geyim gəlir...

Mən bu məsələdə yenə də valideyni günahkar hesab edirəm. Valideyn uşağa birmənalı olaraq mütaliəni sevdirməlidir, bunun dəyərini anlatmağı bacarmalıdır. Bu, onun ən vacib vəzifəsi olmalıdır. Bundan sonrakı mərhələdə isə müəllim uşaqlara kitab oxumağı aşılamalıdır. Övladını tamamilə məktəbin ixtiyarına buraxanlar nə qədər səhv etdiklərinin fərqində belə deyillər. Fərqində deyillər ki, əksər məktəblərdə uşaqlar əzbərçiliklə məşğuldurlar. Təəssüf doğuran digər bir fakt da var ki, övladlarını ixtiyarlarına verdikləri bəzi müəllimlərin özlərinin belə kitab oxumaq vərdişləri yox dərəcəsindədir.

Bəs problemin həlli yolları nədir? Bir neçə sadə variantlar təklif etmək olar. Düşünürəm ki, övlad ata və anasının mütaliə etdiyini görməlidir, arada-sırada da olsa. Bundan əlavə, valideyn uşaqlarını tanımağa çalışmalıdır. Yəni onların xarakterlərini düzgün müəyyənləşdirib, özlərinin arzuladıqları deyil, övladlarının həvəs və bacarıqlarının olduğu sahəni öyrənib, onları bu sahə ilə bağlı kitablara yönləndirməlidir. Üstəlik, çox kitab oxuyana mükafat da versə daha effekli olar.

Məktəblər isə dərs ilinin başlanğıcında heç olmasa bir il ərzində oxunması vacib olan kitabların siyahısını elan edib, məktəbin divar qəzetində şagirdlərin mütəmadi olaraq oxuduqları kitablarla bağlı yazılarının dərcini təmin etməklə bu vərdişlərin aşılanmasına dəstək ola bilərlər.  

Sağlam düşüncəyə sahib olmaq, yeni dünyalar kəşf etmək, ən sadiq dostlara sahib olmaq, qaranlıqlara işıq salmaq- bir sözlə, həyatınızın açarını əldə etmək istəyirsinizsə, oxumaqdan və övladlarınızı oxutmaqdan qaçmayın.

Beynəlxalq Savadlılıq Günümüz mübarək?! 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir