Modern.az

Qara plyonkalı avtomobillər…

Qara plyonkalı avtomobillər…

Ölkə

3 Fevral 2010, 15:22

“Yol hərəkəti haqqında» qanunun tələblərinə görə, avtomobillərdə sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır. Amma Bakı şəhərində bir neçə dəqiqəlik müşahidə aparmaqla şüşələrində pərdə və plyonka olan onlarla avtomobil görmək mümkündür. Əksəriyyəti bahalı avtomobillər olan həmin maşınların sürücüləri niyə qanunun tələblərinə əhəmiyyət vermirlər? 

Qanunvericiliyin tələblərinə görə, nəqliyyat vasitəsinin texniki göstəriciləri və tələbləri istesalçı zavodun təyin etdiyi şərtlərə uyğun olmalıdır. Avtomobilin sənaye üsulu ilə hazırlanan şüşələrin işıqburaxma qabiliyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyin AZS-122-2004-cü il tarixli standartın tələblərinə uyğun olması zəruridir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-204 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşələrin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

- küləyə qarşı şüşələr (alın şüşəsi) üçün – 75 faizdən; - küləyə qarşı olmayan qabaq yan şüşələr üçün – 70 faizdən; - küləyə qarşı olmayan arxa yan şüşələr üçün – 60 faizdən; - avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır.

 

Müşahidələr də göstərir ki, Bakı şəhərində arxa və arxa yan şüşələri tündləşdirilən, pərdə və plyonka vurulan avtomobillər az deyil. Bəzi məlumatlara görə, belə avtomobillər vəzifəli məmurlara, onların övladlarına və yaxınlarına, yuxarı dairələrdə sözükeçən biznesmenlərə məxsus olduğundan yol polisi onları saxlamağa cürət etmir. Saxlayanda isə pərdə və plyonkanın sökülməsinə maneçilik törədilir. 

Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2007-ci il oktyabrın 22-də Nazirlər Kabinetinin müşavirəsində çıxış edərkən bu məsələyə ayrıca münasibət bildirmiş, avtomobillərdən plyonkaların tam yığışdırılması üçün tapşırıq vermişdi. Bundan sonra yol polisi geniş reydlərə başlamışdı. Belə reydlər indi də keçirilirmi?

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, reydlər hər zamankı kimi indi də davam etdirlir. İdarənin məlumatına görə, «Yol hərəkəti haqqında» qanuna görə, tutduğu vəzifədən və sosial stutusundan asılı olmayaraq heç kimə şüşələri şəffaf olmayan avtomobildən istifadə icazəsi verilmir. Yəni qanunda heç bir istisna yoxdur və tələblər hamıya aiddir.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2009-cu il ərzində yol hərəkətinə nəzarət prossesində DYP əməkdaşları ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə və plyonkaların çəkilməsinə görə 5982 fakt aşkar ediblər. Aşkarlanan faktlarla bağlı yerindəcə tədbirlər görüldüyü, pərdə və plyonkaların maşınların şüşələrindən söküldüyü bildirilir.

Ötən il avtoxuliqanlığa görə 610 sürücü saxlanılaraq cəzalandırılıb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir