Modern.az

Bakıda attestatında ancaq əla olan məzunların 9.74%-i 200 bal toplaya bilməyib

Bakıda attestatında ancaq əla olan məzunların 9.74%-i  200 bal toplaya bilməyib

3 Fevral 2010, 15:39

st1:*{behavior:url(#ieooui) }

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 3-də Bakı  şəhərində 2009/2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib.

Modern.az xəbər verir ki, tədbirdə TQDK sədri Məleykə Abbaszadə ötən il  keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı  məruzə ilə çıxış edib.

Zona müşavirəsində Təhsil Naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının qabaqcıl məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

 

Zona müşavirəsində iştirak edən bölgələrin 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin orta ümumtəhsil məktəblərini 2009-cu ildə 25244 şagird bitirib və onların 23005 nəfəri attestat alıb. Attestat alanların 93.48%-i (21504 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 9030 məzunu (imtahanda iştirak edənlərin 41.99 faizi) tələbə adını qazanıb. Onların 35.71 faizi (3225 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 51.09 faizi (4613 nəfəri) ödənişli ixtisaslarına, 13.20 faizi (1192 nəfəri) isə özəl ali məktəblərə qəbul olub.

Şəhərin məzunlarının 1727 nəfəri 500-dən, o cümlədən 404 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 241.044-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 13.7% yuxarıdır. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb: 0-100 intervalında 23.80% (5119 nəfər), 100-200 intervalında 21.61% (4647 nəfər), 200-300 intervalında 20.81% (4474 nəfər), 300-500 intervalında 25.75% (5537 nəfər), 500-dən yuxarı 8.03% (1727 nəfər).

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 33.78 faizi 300-dən yuxarı bal toplayıb. Bakının attestat qiymətləri əla olan abituriyentlərindən 9.74%-i qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 56.41%-dir. Qəbul imtahanlarında 310 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 184, 197 və 295 saylı orta məktəblərin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına Bakının 72 saylı məktəb-liseyi, 287 saylı "Zəkalar" liseyi, 160 saylı klassik gimnaziya, Texniki humanitar lisey, 291 saylı "Araz" ekologiya liseyi, 261 saylı məktəb-lisey, Beynəlxalq təhsil kompleksi, 147 saylı texniki-humanitar təmayullu lisey, 2 saylı orta texniki və humanitar elmlər liseyi, 83 saylı orta məktəb-lisey, 16 saylı texniki humanitar lisey, 1 saylı, 23 saylı, 48 saylı, 54 saylı, 82 saylı, 145 saylı, 210 saylı və 220 saylı orta məktəblər daxil olub.

Şuşa, Xocalı, Xocavənd rayonlarının orta ümumtəhsil məktəblərini 2009-cu ildə 368 şagird bitirib və onların 276 nəfəri attestat alıb. Attestat alanların 77.17%-i (213 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən bu rayonların 44 məzunu (imtahanda iştirak edənlərin 20.66 faizi) tələbə adını qazanıb. Onların 11.36 faizi (5 nəfəri) dövlət ali məktəblərinin ödənişsiz, 84.09 faizi (37 nəfəri) ödənişli ixtisaslarına, 4.55 faizi (2 nəfəri) isə özəl ali məktəblərə qəbul olub. Bu rayonların abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Bu rayonların məzunlarının 7 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Bakı Dövlət Universitetinə qəbul olub. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 163.188-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 21.2% aşağıdır. Şuşa, Xocalı, Xocavənd rayonlarının abituriyentlərinin yalnız 18.78 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 37 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 14-nün (37.84%)  bir abituriyenti belə ali məktəbə qəbul olmayıb. Şuşa 5 saylı şəhər və Xocalı 2 saylı şəhər orta məktəblərinin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər