Modern.az

Eşqin diktatorlara diktəsi

Eşqin diktatorlara diktəsi

11 Sentyabr 2012, 15:52

Diana Dükre – fransız telejurnalisti və yazıçısı “Diktatorların qadınları” adlı kitabını güclü kişilərin yanında olmuş həmcinslərinə həsr edib. Bir qadın kimi o, dünyanı lərzəyə gətirmiş diktatorlarla bu qadınları nəyin birləşdirməsini anlamaq istəyib.

Artıq 18 ölkədə tərcümə olunmuş kitabın rus nəşri başqa ad daşıyır – “Tiranla bir yataqda”. Elə bu nəşr vasitəsi ilə Diana Dükrenin əsərindəki qadınlarla “tanış oldum”. Bu kitabda daha kimlərin adı yoxdur: İnessa Armand (Vladimir Lenin), Angelika Raubal, Eva Braun (Adolf Hitler), Nadejda Alliluyeva (İosif Stalin), Klara Petaççi (Benito Mussolini)...

Zərifliyin rəmzi olan qadınların əzazilliyin, qəddarlığın, rəhmsizliyin təcəssümü olan sadalanmış kişiləri necə və niyə sevdiyi mənim üçün müəmmadır. Diana Dükre bu müəmmanı, aşiqanə-fəlsəfi tapmacanı çözməyə çalışıb. Onun çıxardığı nəticə budur: sözügedən qadınlar ev xanımı, məşuqə və s. kimi əvvəlcə ucaldılıb, vəsf edilib, sonra aldadılıb və qurban verilib. Onlardan bəzisi qurbangaha öz istəyi, yəni könüllü şəkildə gedib. Eva Braun kimi. Nişanlanmasından 40 saat sonra Fürerlə ölümü bölüşmüş sədaqətli qadın-silahdaş.

Başqa bir əhdə sadiqlik nümunəsi İnessa Armanddır. Vladimir Lenin-Nadejda Krupskaya-İnessa Armand üçbucağının son halqası. Lenin sevdiyi qadına yazır: “Səni min dəfə öpmək istərdim!” İnessanın cavabı: “Mənəsə səni bircə dəfə görmək kifayət edərdi”. Bu yasaq eşqin də sonu məcburi ayrılıq və İnessa Armandın hicrana dözməyərək ölümü ilə nəticələnib.

Diana Dükre tiranların sevgililərinə, onların eşqinə çözüm gətirib. Amma diktatorları bu qadınlara bağlayan səbəbi kölgədə qoyub. Doğrudan da özgə talelərlə bağlı ani qərarlar verməkdə mahir olan güclü kişilər bu qadınları niyə sevirmiş? Zərifliyinə, yoxsa zəifliyinə görə?

Siyasi güc üzərində həmişə mədhiyyə, yaltaqlıq, xəyanət kabusu dolaşır. İllər keçdikcə bu vahiməyə, qarabasmaya dönür. Qəfil yuxudan oyanmalar, sui-qəsd maniyası, özgə rəylərdə yalan işartısını sezmə və s. diktatorların hamısı birləşdirən ümumi səciyyədir. Yeganə arxa – yalnız yanında gücsüz, iradəsiz olduğun, hisslərini, qorxularını, tənhalığını utanmadan bölüşəcəyin qadındır. Sədaqətli qadın. Səninlə təkcə eşqini deyil, ölümü də bölüşməyə hazır olan qadın. Onu həqiqətən sevməyə dəyər! Fərqi yoxdur nə cür kişisən, hətta diktator olsan belə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?