Modern.az

Qənirə Paşayeva “Ədəbi Nobel antologiyası” nəşr etdirib

Qənirə Paşayeva “Ədəbi Nobel antologiyası” nəşr etdirib

Mədəni̇yyət

12 Sentyabr 2012, 15:32

Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə “Ədəbi Nobel antologiyası” (nəsr) hazırlanıb. Layihənin rəhbəri və ön sözün müəllifi Qənirə Paşayevadır. Antologiyanı yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı tərtib edib və çapa hazırlayıb, redaktorları Nurafiz və Əkbər Qoşalıdır. “Qanun” nəşriyyatında nəfis tərtibatla çap olunmuş 816 səhifəlik antologiyada dünyanın ən nüfuzlu ədəbi ödülü olan ədəbiyyat üzrə Nobel mükafatının təsis edilməsindən keçən 110 il ərzində bu şərəfə layiq görülmüş 67 nasirin yaradıcılığı təqdim olunub. Antologiyada müəlliflərin həyat və yaradıcılığı haqqında qısa məlumatlar da verilib.  Əhatə miqyasına və ədəbi nümunələrin seşiminə görə nadir olan bu antologiya Azərbaycan ədəbiyyatını da dünya ədəbiyyatı ailəsinin üzvü kimi hiss etməyə imkan verəcək. Bu il görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın  mükafata namizəd kimi qeydə alınması da Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə gərəkli təması olaraq başa düşülməlidir.
Antologiyaya daxil edilmiş əsərləri ingilis, rus, türk, ərəb, alman, ispan və başqa dillərdən tanınmış qələm adamları, peşəkar tərcüməçilər çeviriblər. Elçinin, Natiq Səfərovun, Vilayət Hacıyevin, Fərhad Əliyevin, Cəlil Nağıyevin, Nəriman Əbdülrəhmanlının, Mahir Qarayevin, Azad Yaşarın, Ramiz Abbaslının, Aslan Quliyevin, Nərgiz Cabbarlının, Akif Əliyevin, Həmzəli İlyasın, Ülvi Bünyadzadənin, Svetlana Quliyevann, Ülkər Nəsibbəylinin, Günel Pamazanqızının tərcüməsində Henrix Senkeviçdən (1905) Mario Varqas Lyosaya (2010) qədər Nobel mükafatını almaq şərəfinə nail olmuş yazıçıların yaradıcılığından örnəklər Azərbaycan oxucusu öçün maraqlı olacaq.

 Cəmi bir heçə həftədən sonra – oktyabrın 7-də ədəbiyyat üzrə Nobel mükafatının yeni sahibi məlum olacaq. “Ədəbi Nobel antologiyası”nın bu ərəfədə işıq üzü görməsi ədəbiyyatsevərlər üçün daha bir sürprizdir.
Q.Paşayeva deyib ki, “Ədəbi Nobel antologiyası” hər bir Azərbaycanlının evində, ən azı hər bir oxucumuzun əli çatan kitabxanada olmalıdır.
”Bu, bir güldəstədir, sözlə çəkilmiş gözəllik tablosudur, sənət əsəridir – bu güldəstə, bu tablo böyük qələmlərin ortaq işidir: hərə bir ilmə, bir naxış vurub, bir rəng qatıb ümumi ədəbi Nobel portretinə çevrilib və nəticədə vənzərsiz antologiya yaranıb!..”

Oxucular “Ədəbi Nobel antologiyası”nı sentyabrın 14-dən etibarən kitab mağazalarında əldə edə bilərlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!