Modern.az

“İşğal olunmuş ərazilərə dair qanunun qəbulu təklifini dəstəkləyirəm”

“İşğal olunmuş ərazilərə dair qanunun qəbulu təklifini dəstəkləyirəm”

Ölkə

4 Fevral 2010, 13:24

Parlamentin bugünlərdə öz işinə başlayan yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis (MM) tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış edib. Millət vəkili Qənirə Paşayeva da Modern.az-a açıqlamasında deputat həmkarının məlum təklifini dəklədiyini bildirib. Q.Paşayeva bildirib ki, bu, vaxtında səsləndirilın təklifdir. “Müharibə vəziyyətində olan bir ölkə kimi belə bir qanunun qəbuluna çox böyük və zəruri ehtiyac var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır”. Yeri gəlmişkən, iki il öncə Q.Paşayevanın özü də buna bənzər bir təkliflə çıxış etmişdi. O. işğal olunmuş ərazilərimizdə separatçı-terrorçu rejimlə işbirliyi quran xarici şirkətlərlə, Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə, eləcə də digər məqamları özündə ehtiva edən məsələlərlə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifini irəli sürmüşdü. Millət vəkilinin bildirdiyinə görə, o, yenə də öz təklifində qalır: “Heç də vacib deyil ki, bu yöndə iki qanun layihəsi hazırlansın və qəbul edilsin. Məsləhət bilinərsə, bu istiqamətdə bir təkmil qanun layihəsi hazırlana və parlament müzakirələrinə çıxarılaraq qəbul oluna bilər. Amma bildirmək istəyirəm ki, son illər bəzi xarici ölkələrin şirkətləri Ermənistan rəhbərliyinin şirnikləndirmələri əsasında gedib Azərbaycanın işğal olunmuş ərazilərində iş qururlar. Mineral sularımızı, qiymətli ağalarımızı öz ölkələrinə daşıyırlar. Biz bu məqama da çox ciddi diqqət yetirməliyik və həmin xarici şirkətlərlə, onların arxasında dayanan ölkələrlə sərt davranmalıyıq. Bu yerdə başqa bir məqama da diqqət cəlb etmək istəyirəm. Bəzi xarici şirkətlər özlərinə aidiyyəti olmadığı halda, onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini öz saytlarında Ermənistanın ərazisi kimi göstərir, Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi və murdar kampaniya aparırlar. Bundan başqa, bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr düzəldirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu məsələni parlamentdəki çıxışlarım zamanı da səsləndirmişəm və bu gün də o fikrimin üstündə qalıram ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparan, işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə iş quranlar xarici şirkətlərlə və şəxslərlə bağlı, yaxud ümumilikdə işğal olunmuş ərazilərlə əlaqədar xüsusi bir qanun qəbul edilməlidir. O şirkətlər hətta gələcəkdə də Azərbaycanda fəaliyyət göstərməməlidirlər. Özü də nəinki o şirkətlər, o şirkətlərdə işləmiş, vəzifə tutmuş, onlara rəhbərlik etmiş şəxslər sabah başqa bir şirkət yaratsalar belə, onların şirkətlərinin və özlərinin Azərbaycanda fəaliyyəti yolverilməzdir. Bu qanunu qəbul etdikdən sonra onu xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarına, səfirliklərinə, eyni zamanda, ölkəmizin xaricdə fəaliyyət göstərən nümayəndəliklərinə göndərməliyik. Biz bu qanunla onları yaxından tanış etməliyik ki, gələcəkdə həmin ölkələri və onların işğalçı, separatçı rejimlə işbirliyi quran şirkətlərini hansı aqibət gözləyir. Biz həmçinin mütəmadi olaraq Azərbaycanın əleyhinə kampaniya aparmış, işğalçı rejimlə əlaqələr qurmuş, sərvətlərimizi talamış xarici şirkətlərin siyahılarını dərc etməliyik. Hesab edirəm ki, internet dünyasında Azərbaycan əleyhinə təbliğat, iş aparan xarici şirkətlərin də araşdırılması, üzə çxarılması üçün hansısa bir qurum daxilində bir qrup yaradılmalıdır”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı