Modern.az

Milli Məclisin komitələrinin iclası necə təşkil olunur?

Milli Məclisin komitələrinin iclası necə təşkil olunur?

Parlament

4 Fevral 2010, 20:29

Modern.az parlamentin komitə iclaslarının necə təşkil olunduğunu araşdırıb. Qeyd edək ki, jurnalistlər bəzi icra qurumlarının komitə iclaslarına etinasız yanaşdıqlarının şahidi olurlar.

Bəzi deputatların da üzürsüz səbəbdən komitələrin iclaslarında iştirak etmədiyinə dair məlumatlar var. Komitə iclaslarınının təşkilini həyata keçirən Milli Məclisin Komitə və Komissiyalarla İş Şöbəsinin müdiri Şahin Mansurov bu məsələlərə aydınlıq gətirib.

Şahin Mansurov saytımıza bildirib ki,

Milli Məclisin Komitə və Komissiyalarla İş Şöbəsi

komitələrin işini təşkilati cəhətdən təmin edir: “Milli Məclisdə 11 komitə fəaliyyət göstərir. Şöbənin 11 məsul əməkdaşının hər biri ayrılıqda bir komitəyə təhkim olunub. Prosedur belədir, komitə rəhbəri iclasın vaxtını təyin edir, iclasın təşkil olunmasına isə bizim şöbə məsuldur. Bu sıraya deputatların komitənin iclaslarına dəvət olunması, müzakirəyə uyğun olan qurumların nümayəndələrinin iştirakının təmin olunması və həm deputatların, həm də dəvət olunan şəxslərin müzakirə olunacaq sənədlərlə təchiz edilməsi, iclasın gündəliyinin hazırlanması, iclasa stenoqrafçıların, KİV nümayəndələrinin dəvət edilməsi üçün bildirişlərin verilməsi daxildir”.

Şöbə müdiri bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, komitənin iclası haqqında komitə üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir: “Biz də deputatları iclas təyin edilən gündən məlumatlandırırıq, bu, bir həftə qalmış da ola bilər və ya 4-5 gün əvvəl də. Bu iş şöbənin əməkdaşları tərəfindən operativ surətdə yerinə yetirilir.

Aidiyyatı qurumların nümayəndələrinin komitə iclaslarında iştirakını isə həm müvafiq şöbələr, həm də bizim şöbə həyata keçirir. Ancaq bu məsələ komitə rəhbərləri ilə razılaşdırılır”.

Qeyd edək ki, jurnalistlər bəzi icra qurumlarının komitə iclaslarına etinasız yanaşdıqlarının şahidi olurlar.

Şahin Mansurov isə deyib ki, icra strukturlarının komitə iclaslarında iştirakı məsələsində heç bir problem yaranmır: “Müvafiq icra qurumlarına dəvət göndərilir. Bundan sonra həmin qurumdan komitənin iclasına qatılacaq şəxslərin adı və soyadı bizə göndərilir və həmin şəxslərin iclaslarda iştirakı təmin olunur”.

Bəzi deputatların üzürsüz səbəbdən komitələrin iclaslarında iştirak etməməsi məsələsinə gəlincə, şöbə müdiri bunun mümkünsüz olduğunu bildirib: “Bunun üçün mütləq komitə sədrindən icazə alınır. Üzürlü olsa belə, komitə rəhbərindən icazə alınır və ya məlumat verilir”.

Komitələrdə KİV nümayəndələrinin iştirakını isə Milli Məclisin mətbuat xidməti müəyyənləşdirir.

Ş.Mansurov onu da qeyd edib ki, iclaslar stenoqrama alınır və protokollaşdırılır. İclasda baxılan məsələlər üzrə qərarlar qəbul edilir. Protokol və qərarları da şöbənin əməkdaşları tərtib edir və həmin qərar Milli Məclisdə müzakirə olunacaq layihə ilə bərabər təqdim edilir.

Milli Məclisin komitələrinin iclasları barədə məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdirilir.

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!