Modern.az

“Bizim qəzet” - “Mübariz keşikdə”: Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı

“Bizim qəzet” - “Mübariz keşikdə”: Azərbaycan polisinin 80 yaşlı mətbuat orqanı

22 Sentyabr 2012, 11:42

“Mübariz keşikdə” qəzetində qonarar az olsa da, peşəkarlar əməkdaşlıqdan imtina etmirlər

Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Modern.az saytı “Bizim qəzet” rubrikası çərçivəsində həmin sahə qəzetləri barədə ətraflı məlumat verəcək.

Öncə Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzeti haqqında danışaq. Qəzet 1933-cü ildən nəşr edilir. Gələn il polislərin sevimli qəzetinin 80 yaşı tamam olur. Bu gün qəzet həftədə bir dəfə (cümə axşamı ) Azərbaycan dilində, A2 formatında, rəngli nəşr edilir. Qəzetin hazırkı redaktoru Cavid Xaspoladovdur. Baş redaktor həm də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsi müavini, polis polkovnikidir.
Cavid Xaspoladov Modern.az saytına açıqlamasında bildirib ki, dörd səhifə həcmində nəşr olunan “Mübariz keşikdə” bayram günlərində, əlamətdar günlərdə və ya materiallar çox olanda  6-8 səhifə ilə çıxır.

C.Xaspoladov qəzetin 3-4 əsas əməkdaşı və 1-2 texniki işçisi olduğunu qeyd edib. Lakin o, qəzetdə kənar müəlliflərin, də yazılarının dərc olunduğunu vurğulayıb.

“Bizim qəzet redaksiyası nazirliyin mətbuat xidmətinin tərkibində ayrıca stuktur kimi fəaliyyət göstərir. Kənar müəlliflər də olur. Bizə gələn təbrik, təşəkkür, eyni zamanda irad məktublarını dərc edirik. Eyni zamanda alimlər, tarixçilər, filoloqlar da yazılarını bizə verəndə imkan daxilində onları işıqlandırmağa çalışırıq. Bundan əlavə, bizim Daxili İşlər orqanlarının və Daxili Qoşunların da əməkdaşlarının-polis serjantından tutmuş idarə rəsisinə qədər hər kəsin yazısı dərc olunur”.

Cavid Xaspoladov “Mübariz keşikdə” qəzetinin tirajının 10 minə yaxın olduğunu və əsasən abunə yolu ilə yayıldığını qeyd edib.

“Qəzet Daxili İşlər orqanlarının və Daxili Qoşunların əməkdaşlarına verilir. Eyni zamanda, kim qəzetimizi oxumaq istəsə, onlar üçün də şərait yaradılır. Bizim veteran işçilər var ki, onlar həmişə bu qəzeti oxumaq istəyirlər və onlara şərait yaradılır ki, “Mübariz keşikdə” qəzetini alıb oxusunlar”.

C.Xaspoladov bildirib ki, qəzet dünyada və ölkədə baş verən hadisələri Daxili İşlər orqanlarının və Daxili Qoşunların əməkdaşlarına çatdırır.

“Nazirliyin tərkibində baş verən hadisələr, tədbirlər barədə şəxsi heyətə məlumat verilir. Eyni zamanda bizdə maarifləndirici yazılar da geniş yer tutur. Məsələn, başqa KİV orqanlarının bir-iki cümlə ilə qeyd etdikləri material bizdə daha əhatəli şəkildə verilir”.  

Baş redaktorun sözlərinə görə, qəzetdə maaş və qonarar o qədər də yüksək deyil.

Qəzetin redaktoru, DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Cavid Xaspoladov 1983-cü ildən jurnalistikadadır. “Azərbaycan”, “Xalq qəzeti”ndə işləyib, AzərTAc-da baş redaktor müavini olub. 1995-ci ildən O, “Mübariz keşikdə” qəzetinin baş redaktorudur, 2008-ci ildən əməkdar jurnalistdir. “İgidləiyə görə, medalı, “Qızıl qələm” mükafatları ilə təltif edilib. Evlidir, iki qızı var.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir