Modern.az

Eldar Mansurov: “Rəşid Behbudovun bacisi oğlunu axtarıram, tapa bilmirəm” - MÜSAHİBƏ

Eldar Mansurov: “Rəşid Behbudovun bacisi oğlunu axtarıram, tapa bilmirəm” - MÜSAHİBƏ

Mədəni̇yyət

24 Sentyabr 2012, 11:05

Bəstəkar Eldar Mansurova Xalq artisti adı verildikdən sonra o da ilk müsahibəsini Modern.az-a verdi.

– Sizcə, Xalq artisti adı vaxtında verilmiş ad idi?

– Düşünürəm ki, bu işdə vaxtdan asılı olmayaraq, əsas odur ki, sənin zəhmətin, əməyin yerdə qalmır, qiymətləndirilir. Düzdür, çox adam mənə zəng edib deyir ki, bu addım bir qədər gecikib. Mən də onlara deyərəm ki, hər şey öz vaxtında baş tutur.

– Bəzi şəxslər deyirlər ki, fəxri adlar ləğv olunmalıdır, bu sovet dövründən qalıb.

– Türkiyədə dövlət sənətçisi fəxri adı var. Azərbaycanda isə bu ad incəsənət xadimi, əməkdar artist, xalq artisti adlarına bərabər tituldur. Həm də unutmayın ki, mən sovet dövründə böyüyüb boya-başa çatmışam. O zaman da bu adlar var idi, mən bunu görmüşəm.

– Hazırda hansı yeni mahnılar üzərində işləyirsiniz?

– Son illərdə daha çox orkestr və instrumental musiqi yazıram. Çünki musiqi mənə daha yaxındır, özümü orada daha çox ifadə edə bilirəm. Ara-sıra müğənnilərlə də işləyirəm. Həm dostlarım üçün, məsələn, Mübariz Tağıyev, Yalçın Rzazadə, həm də gənc müğənnilərdən İlhamə Qasımova, Cəlal Abbasov, Xəyyam Mustafayev üçün mahnılar yazıram. Bu yaxınlarda Samir Bağırova da bir neçə yeni mahnı verdim. Onu da deyim ki, hər zaman istedadlı uşaqlar və yeniyetmələr üçün də əməyimi əsirgəmirəm, gələcəkdə yaxşı müğənni olmaları üçün  onlara daha diqqətlə yanaşmaq lazımdır, yəni yaxşı mahnılar vermək lazımdır.

Mahnılarınızı satırsınız, yoxsa hədiyyə verirsiniz?

– Mən mahnılarımı satmıram, hamısını bağışlayıram. Mahnı satmaq dövrü 90-cı illərdə qaldı, çünki o zaman ağır illər idi, dolanmaq lazım idi, buna görə də heç kimin bəstəkarları qınamağa ixtiyarı yoxdur.

– Bəs mahnınızı verməkdən imtina etdiyiniz müğənnilər var?

– Elə adamlar da var. Xoşum gəlməyən adama heç vaxt mahnı verməmişəm.

– Yazdığınız mahnıların hamısı demək olar ki, hitə çevrilir. Əvvəlcədən müəyyənləşmək mümkündürmü ki, bu mahnı hitə çevriləcək və mahnılarınızın bu cür hitə çevrilməsinin sirri nədədir?

– Bunun heç bir sirri yoxdur. Sadəcə olaraq mən mahnını yazarkən heç vaxt qarşımda məqsəd qoymuram ki, bu mahnı mütləq populyar olmalıdır. Məni həmin anda yalnız mahnının obrazı və onu kim oxuyacaqsa, o müğənninin ifa manerası düşündürür.

– Biz indi bir az yaxın keçmişə baxanda sənətkar kimi xatırladığımız insanlar çoxdur. Məsələn, Şövkət Ələkbərova, Rəşid Behbudov, Müslüm Maqomayev və s. bəs gələcək nəsillər, yəni bu dövrə nəzər salanda kimlərə sənətkar deyəcəklər?

– Sənətdə çalışan hər adama korifey deməzlər. Əsl korifeylər öz sənətində istedadı və ağlı ilə başqalarından fərqlənən adamlardır. Tez-tez televiziyada, radioda, mətbuatda bu gün gündəmdə olan bəzi adamlara korifey deyirlər, onlar korifey deyillər. Korifey adını daşıyan adam öz hörmətini həmişə saxlamalıdır, əfsus ki, belə adamlarımız bu gün çox-çox azdır.

20 ildir ki, müstəqilik. Həmişə deyirdilər ki, Azərbaycan şou biznesi yeni yaranıb, inkişaf edir və s. Amma artıq 20 il keçdi. İndi siz necə görürsünüz, yekun nəticə olaraq nə deyə bilərsiniz? İrəli gedə bilib ya geriləmişik?

– Musiqi dünyamızı bu 20 ildə 2 mərhələyə bölmək olar. 1990-dan 2000-ci ilə qədər və 2000-ci ildən 2010-a qədər. Bu iki onillliklər arasında çox böyük fərq var. 90-cı illərdə yaxşı mahnılar yazılırdı. 2000-ci ildən bu yana yaxşı mahnıların sayı azaldı.  Mahnını bəstələmək istəyən adamların sayı çoxaldı, ona görə də musiqinin bu janrında keyfiyyəti aşağı düşdü. Bir şeydən ki, az olur, həmişə onun qiyməti üstündə olur. Yox əgər bir şeydən ki, çoxdur, artıq onun qiyməti ölür. Sənət də belədir. Əvvəllər sənətkarlar var idi, yaxşı mahnılar da yazılırdı. Hərdən mənə deyirlər ki, niyə yazmırsan? Mən də deyirəm ki, kimin üçün yazım? Bugünkülərin əksəriyyəti sənətə yox, şou biznesə qulluq edirlər. Onlara tarixdə qalmaq üçün sənət əsəri yox, ancaq bu gün dəbdəbəli geyinmək üçün, qalmaqallarda iştirak etmək üçün “hit” lazımdır. Onu da deyim ki, mahnını ifa etmək üçün təkcə səs yox, həm də qabiliyyət lazımdır. Məsələn, mən vaxtilə artıq bu gün tanınmış müğənnilərimizə mahnılarımı verirdim. Onlar mənim mahnımı necə yazmışamsa, elə də oxuyurdular. O zaman mahnı da tanınırdı, müğənnilərin özləri də, mən də. İndikilər isə oxuya bilməyə-bilməyə gələndə deyirlər ki, Eldar müəllim, mahnının burasını dəyiş, belə elə, elə elə. Belə çıxır ki, mənə mahnı yazmağı da öyrədirlər. Elələrinə mahnı verməkdənsə, yazmamaq daha yaxşıdır. O ki qaldı üçüncü mərhələyə, sizə deyim ki, o daha zəif olacaq, o vaxtı bu günümüzə də şükür edəcəyik.

Şou-biznesdəki müğənnilər bəzi sənətkarları korifey adlandırır və deyirlər ki, sovet dövründə çox məşhur sənətkarlar olublar. Sizcə sovet sözünün burada işlənməsi nə dərəcədə düzgündür?

– Sovet dövründə tək-tək adamlara korifey deyərdilər. O dövrdə yaşamış Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Tofiq Quliyev, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova və bir çoxları korifey yox, sənətkar adlanardılar. Onlar yalnız əbədiyyətə qoşulandan sonra korifey adlandırıldılar. Korifey dünyada iz qoymuş adamlara deyirlər. Amma bu gün bizdə korifey adlandırılan adamları Bakıdan kənarda da tanımırlar.

Siz həmişə mahnılarınız sizdən icazəsiz oxunduğunu bildirmisiniz. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmisiniz?

– Əvvəllər müraciət eləmişəm. Artıq neçə ildir ki, bu məsələ ilə özüm məşğul oluram.

Bəzi filmlərin musiqilərinin müəllifi sizsiniz, məsələn, “Bəxt üzüyü”. Bəs indi yeni çəkilən seriallar musiqi üçün müraciət edən olub?

– Bəli, müraciətlər olub. Yazmışam musiqi. Sonra baxıb görmüşəm ki, mənim musiqimi lazımsız yerdə verirlər, yerdə qalanlar isə xarici musiqilərdir. Amma filmin bəstəkarı kimi yazıblar ki, Eldar Mansurovdur. Keçmişdə yaxşı rejissorlara filmlər sifariş verirdilər. Azərbaycanın son məşhur filmi elə “Bəxt üzüyü”dür. 20 ildən çoxdur ki, Azərbaycanda məşhurluqda “Bəxt üzüyü”nə çatan ikinci film görməmişəm.

- Cəfər Behbudov, Rəşid Behbudovun bacısı oğlu sizə salam göndərib. Bildirib ki, çoxdandır ki, sizinlə əlaqəsi yoxdur. Onu da deyib ki, sizinlə zamanında dost olub. 

– Cəfərlə dost olmuşuq, mənim bir çox mahnılarımın ilk ifaçısı olub. Onu çoxdan axtarıram, amma tapa bilmirəm. O, Bakıda ən yaxşı ifaçılardan biri olub. Heyf, çox incitdilər onu. Görəndə məndən salamlar söyləyin.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır