Modern.az

Filip Kirkorovun Bakıya gəlişi sənətçiləri bir-birinə düşmən etdi

Filip Kirkorovun Bakıya gəlişi sənətçiləri bir-birinə düşmən etdi

Mədəni̇yyət

1 Oktyabr 2012, 15:36

Azərbaycanlı musiqiçilər Rusiyanın erməni əsilli müğənnisi Filip Kirkorovun noyabrın 9-da Azərbaycana gəlməsinə etiraz etdilər .

Xalq artisti Azər Zeynalov Modern.az -a bildirdi ki, F. Kirkorovu Bakıya gətirən “İtaldizayn Group” bu addımı ilə yanlış bir hərəkət edir. “Əvvəla, Kirkorov elə də böyük bir sənətkar deyil ki, onun bura gəlişi böyük bir hadisəyə çevrilsin. Azərbaycanda elə qüvvətli sənətkarlar var ki, onlara konsertlər təşkil etmək olar. Bu məsələnin bir tərəfi. Mən onu bura dəvət edən təşkilatdan soruşmaq istərdim ki, onun məqsədi, məramı nədir ki, erməni əsilli müğənnini bura dəvət edir. Fikrimin nəticəsi budur ki, onun bura gəlişinə vətəndaşlıq mövqeyindən çox pis baxıram. Kirkorovun gəlişinə etiraz etməyən sənətçi həmkarlarımı da qınayıram“.

Xalq artisti Nazpəri Dostəliyeva isə bu cür təşkilatların öz müğənnilərimizə qiymət verməməsindən şikayətləndi. “Xalqımız öyrəşib xaricdən gələn kim olursa olsun, qəbul etməyə. Bu hər halda bizim əlimizdə olan bir şey deyil. Mən hesab edirəm ki, Azərbaycan müğənnilərinə hörmət etsinlər. Bu konsertləri təşkil edən adam elə Azərbaycanın nə qədər dəyərli sənətkarları var ki, onlar üçün konsertlər təşkil etsin. Onları qiymətləndirsin. Əksinə onları efirdə təhqir etməsinlər. Mən bir azərbaycanlı kimi bunu bu cür qəbul edirəm. Konsertin təşkilatçısına sözüm budur ki, əgər bunu bacarırsansa, azərbaycanlı müğənniləri elə dünyada tanıt. Bir sözlə, azərbaycanlı olsun. Elə Kirkorun gəlişini alqışlayanlar da”.

Maestro Ceyhun İsmayılov isə bu məsələdə bir az ehtiyatlı olmağı məsləhət gördü. “Onunla Moskvada və digər ölkələrdə toylarda olmuşuq. Bir musiqiçi, səhnə ulduzu kimi ona bir etirazım yoxdur. Amma Azərbaycana gəlməyi hər halda mənim ürəyimcə deyil”.

“Toylar kralı” kimi tanınan müğənni Manaf Ağayev də musiqiçi həmkarı ilə eyni fikirdə olduğunu bildirdi. “Sənətkar kimi böyük sənətkardır. Amma mən razı deyiləm ki, erməni ilə bir səhnə bölüşən adam gəlib Azərbaycanda konsert versin. Onun qanında erməni qanın olması və Bakıya gəlməsi mənə çox pis təsir edir. Kimdir onun fanatı ki, Azərbaycanda bizim üstümüzə qalxa. Dünyada ki, fanatları ilə bizim nə işimiz var, söhbət Azərbaycandan gedir, getsin dünyadakı fanatlarına konsert versin. Axı bu düzgün deyil”.

Xatırladaq ki, bundan öncə Modern.az-a açıqlamalarında bir qrup tanınmış sənətçi Kirkorovun Bakıya gəlişini müsbət qiymətləndirmişdilər.

Şahanə Rəhimli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır