Modern.az

“Şairin torpağına əl vurmaq olmaz” - Yazıçı Anar Ağa Laçınlının varislərini müdafiə etdi

“Şairin torpağına əl vurmaq olmaz” - Yazıçı Anar Ağa Laçınlının varislərini müdafiə etdi

Mədəni̇yyət

2 Oktyabr 2012, 16:13

Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov tərəfindən əl qoyulmasını bir çox ictimai xadimlər qınayıblar. Modern.az məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin də mövqeyini öyrənib.

AYB sədri qeyd edib ki, heç vaxt yazıçının, şairin torpağına, evinə əl vurmaq, zəbt etmək olmaz. “Şairin torpağına əl vurmaq olmaz. Onun torpağına, evinə əl vuranlar cəzasını çəkəcək. Bu, çox pis haldır. Ağa Laçınlının xatirəsini əbədiləşdirmək lazımdır, nəinki onun torpağını zəbt eləmək”.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Məlum olub ki, torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra  başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası B.Məmmədovanın adına verdiyi  885 saylı sərəncam əsasında zəbt olunub.

Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (Torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi