Modern.az

“Çinar” restoranı, “Muğam Mərkəzi”, Gültəkin Hacıbəyli və ya “pat” vəziyyəti...

“Çinar” restoranı, “Muğam Mərkəzi”, Gültəkin Hacıbəyli və ya “pat” vəziyyəti...

2 Oktyabr 2012, 17:32

“Gülər Əhmədovanın düşmənləri qonaqlıq verdi...”. Adı olub, özü olmayan “xəbər portal”larından birinin dünənki sayı bu manşetlə, bu başlıqla necə deyərlər, “bəzədilmişdi”. Düzünü desəm, buna əhəmiyyət verməmək, üstündən heç nə olmamış kimi keçmək də olardı. Amma... Amması da ondan ibarətdir ki, cavab verilmədikcə, yalan, şər, böhtan ayaq tutub yeriyir, at izi it izinə qarışır, cəmiyyət qəsdən çaşbaşlıq içində vurnuxdurulur. Həmin yazıda, - ona da yazı demək mümkünsə- daha doğrusu, “dezo”da iddia olunur ki, məlum video qalmaqalına görə hakim partiyadan olan  millət vəkili Gülər Əhmədovanın düşdüyü durum onun düşmənlərini sevindirib və  çevik hərəkətə keçirib. Guya ki,  “Azneft” dairəsinin yaxınlığında yerləşən “Çinar” restoranında qonaqlıq təşkil olunub və həmin qonaqlıqda Gülər Əhmədova ilə (o deputat olan zaman) konfliktdə olan bir neçə məmur və 4 deputat iştirak edib.
“Çox maraqlıdır ki, həmin vaxt restorana ARDNŞ-in prezidenti Rövnəq Abdullayev də təşrif buyurub. Amma onun həmin ziyafətə qatıldığı dəqiq bilinmir. Mənbə bunu da qeyd edir ki, Gülər Əhmədovanın düşüyü durumdan daha çox sevinən şəxs isə keçmiş millət vəkili Gültəkin Hacıbəyli olub. Çünki Gültəkin Hacıbəylinin növbəti dəfə deputat seçilməsini əngəlləyən Gülər Əhmədova olub”- deyə, iddia edən “portal”ın daha sonra yazdığına görə, 2010-cu ilin parlament seçkiləri ərəfəsi Gülər Əhmədova xanım həmkarı ilə bağlı kompromat materialları və bir video çəkilişi (?) Prezident Administrasiyasına (PA) göndərib. Video çəkilişdə isə Gültəkin Hacıbəyli deputat olan zaman Macarıstanda təşkil olunan və keçmiş baş prokuror Eldar Həsənovun da iştirak etdiyi ziyafətdə (?) keçmiş deputatın dediyi “sağlıq” olub. “İndi isə Gültəkin Hacıbəyli Gülər Əhmədovanın düşdüyü durumdan məmnun olub və Muğam Mərkəzində bunu əməllicə qeyd edib”- deyə, sonda iddia edilir.

Dəfələrlə qeyd etdiyim kimi, Gültəkin Hacıbəylini uzun illərdən bəri yaxından tanıyan, onunla yerli olan və ailəvi dostluq edən birisi kimi deyə bilərəm ki, bu “yazı”da-“dezo”da iddia olunanlar böhtandan və səfsəfədən başqa bir şey deyil, olsa-olsa, bulanıq suda balıq tutmaqdan və ya “mənə də bir pay verin” deyib kimdənsə ənam ummaqdan savayı bir şey deyil. Gültəkin xanımın tərbiyəsinə, mənəviyyatına, əxlaqi keyfiyyətlərinə, dəyərlər sisteminə, keçdiyi yola az-çox bələd olan bir şəxs kimi tam əminliklə deyə bilərəm ki, xanım siyasətçi heç zaman - istər aktiv siyasi fəaliyyəti-parlamentarlığı dövründə, istərsə də parlamentarlıqdan sonrakı, bəlkə də əvvəlkindən qat-qat  artıq siyasi-elmi fəaliyyəti,  aktivliyi dövründə ona pislik etməyə çalışanlara, onu gözü götürməyənlərə, əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə paxıllıq edib düşmən mövqedə dayananlara, şəxsinə cəbhə açanlara qarşı həmin məxluqatlar kimi öz üslubları ilə cavab verməyib, qurşaqdan aşağı zərbə endirmək cəhdində bulanmayıb. Əksinə, bunları özünə yaraşdırmayıb, özünə əskiklik bilib, ona namərdcəsinə savaş elan edənləri, cəbhə açanları  öz  təmkini, dözümü, səbri ilə cəzalandırıb, mənəvi cəhətdən öldürüb və bir daha onlardan nə qədər üstün olduğunu, ucada dayandığını, əlçatmazlığını sübut edib.

Bunları heç də Gültəkin xanıma olan dərin hörmət-ehtiramdan irəli gələn və ya  boğazdan yuxarı fikirlər kimi səsləndirmirəm, sadəcə, olanı, həqiqəti deyirəm. Gültəkin xanım cılızlıqdan, fürsətbazlıqdan və sairədən  qat-qat uzaqda dayanan insandır. O, dəyərlər adamıdır, bunu onun dostları da, elə düşmənləri də yaxşı bilirlər. Sadəcə, görünür, kimlərsə hələ də bunun fərqində deyillər və ya xidmət(lər)ində durduqlarının dirijor çubuğu ilə oturub-durmağa öyrəşdikləri üçün istənilən çirkin hərəkətlərə gedirlər. Həmin “yazı”da, “dezo”da da bir daha bunlar-bu çirkinliklər, naqisliklər öz əksini tapır. Gah əvvəlcə iddia olunur ki, qonaqlıq “Çinar” restoranında baş tutub, gah da beş-altı cümlə sonra  qeyd edilir ki,  “Muğam Mərkəzində” əsl kef, yeyib-içmək, şadyanalıq  mərasimi düzənlənib. Eşq olsun, belə “tapıntı” müəlliflərinə! Onlara söz ola bilməz, belə də davam etsinlər... Eyni zamanda, daha bir iddiada bulunulur ki, Gültəkin xanımın siyasi-deputatlıq karyerasının bitirilməsi (?) onunla bağlı kompromat materialların (?)  vaxtilə PA-ya göndərilməsi olub. Axı, hansı kompromatlardan və ziyafət mərasimindən söhbət gedir ki, iki ildir onu tapıb ortaya qoya bilmirlər. Axı, belə  kompromat yoxdur və ola da bilməz.  Çünki Gültəkin xanım kompromat(lar) hədəfinə çevrilə biləcək birisi deyil.

Onun fəaliyyəti də, mənəviyyatı da, əxlaqı da çoxlarından fərqli olaraq daim şəffaf olub və bu gün də belədir. Dəyişən heç nə yoxdur. Yalnız  o adamlar kompromat hədəfi ola bilərlər ki, onların həqiqətən də kompromatlıq işləri, əməlləri, hərəkətləri olsun... Gültəkin xanım isə yuxarıda qeyd etdiyim kimi, heç zaman belələrindən olmayıb, deyil və bundan sonra da olmayacaq. Hətta, kimlərsə vaxtlarından, pullarından keçsə belə, bu niyyətlərinə nail ola bilməyəcəklər. Onların bütün mənasız çabaları hər zaman olduğu kimi, bundan sonra da iflasa məhkumdur və fiasko effekti verəcək.  Yazıqdırlar, başqalarına demirəm, heç olmasa, özlərinə yazıqları gəlsin,  havayı yerə pullarını və vaxtlarını bir “molodes” üçün Gültəkin xanımın “ifşa”sına xərcləməsinlər. Alınmayıb, alınmır və alınmayacaq da!

Bir də,  ifşa olunacaq o qədər məxluqatlar var ki, belə cəsarətli və ürəklidirlər, gedib onları ifşa etsinlər. Amma onu da bilsinlər, quyu qazanın özü axırda qazdığı quyunun içinə  düşür və ya, onun özünü kəllə-mayallaq yuxarıdan-aşağıya yuvarlandırırlar. Bunu da həmin adamlar qulaqlarından sırğa etsələr, yaxşıdır!

Kamil Həmzəoğlu

P.S. Onu da qeyd edim ki, ötən həftənin sonları-məlum videoqalmaqalın qızışdığı günlərdə Gültəkin xanım Goranboy rayonunun Xanqərvənd kəndində (öz ata-baba yurdunda) atası Yunis müəllimin yaxın qohumu, elə mənim də xətrini çox istədiyim Bayram kişinin kiçik qızının toy mərasimində ailə üzvləri ilə birgə iştirak edib və bazar günü günün sonlarında-gecə saatlarında ailə üzvləri ilə bir yerdə Bakıya-evinə dönüb. Həmçinin qeyd edim ki, mən də Gültəkin xanımgillə birlikdə gedəcəkdim, xəstə anamı Bakıya müalicəyə gətirmək üçün. Ancaq sonda elə alında ki, obyektiv səbəblərdən birgə getməyimiz mümkün olmadı, mən bir gün sonra kəndimizə-Qızılhacılıya getdim. Tak-çto, belə-belə işlər, əzizlərim!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər