Modern.az

Beynəlxalq hüquq, yoxsa "güclünün hüququ"

Beynəlxalq hüquq, yoxsa "güclünün hüququ"

Parlament

3 Oktyabr 2012, 09:03

 Dağlıq Qarabağ separatçı rejiminin növbəti "prezident seçkiləri" şousunun beynəlxalq səviyyədə adekvat reaksiya ilə üzləşməməsi dünya siyasətində beynəlxalq hüquq normalarına münasibətdə "ikili standartlar"ın hökm sürdüyünü bir daha təsdiqlədi. Dünya siyasətində "orbitr" statusuna iddia edən bir sıra dövlətlərin, müəyyən beynəlxalq təşkilatların, xüsusilə münaqişənin həlli missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrlərinin məsələyə qətiyyətsiz münasibəti beynəlxalq hüququn özünün formal səciyyə daşımağa başladığını bir daha göstərdi.  

Ümumilikdə regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda bu il ciddi durğunluq müşahidə olunur. Təəssüf doğuran haldır ki, danışıqlar prosesinə real təsir imkanlarına malik aparıcı dövlətlər və təşkilatlar problemin həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər. Fövqəlgüc dövlətlərinin geosiyasi maraqlarından çıxış edərək bəzi ərəb ölkələrinə qarşı tələm-tələsik qətnamələr qəbul edən BMT-nin 1992-1993-cü illərdə və sonra qəbul etdiyi çoxsaylı analoji sənədlərə münasibətdə ifrat loyallıq nümayiş etdirməsi "ikili standartlar"ın real mənzərəsini göz önünə gətirir. BMT qərarlarının heç də hamısının səmərəli təsir gücünə malik olmadığını təşkilatın Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bu faktı bir daha təsdiqləyir.

Bu gün ölkədaxili milli hüquq sahələri subyektlərin nəinki maddi və prossesual hüquqlarını qoruyur, habelə çeşidli mənəvi hüquqlarının da qorunmasını özündə ehtiva etməklə çox böyük inkişaf yolu keçmişdir. Milli hüquq hüquqi təminat və qanunsuzluğun aradan qaldırılması mexanizmlərinin işləkliyi baxımından beynəlxalq hüququ müqayisə edilməyəcək səviyyədə üstələmişdir. Son dövrdə "güclünün hüququ", "yumruq hüququ" kimi yeni anlayışlar əxz etmiş beynəlxalq hüquq nəinki milli hüquqların qibtə etməyəcəyi səviyyəyə enmiş, həm də beynəlxalq hüququn "gərəksizləşməsi", habelə güclü dövlətlərin beynəlxalq maraqlarının təminatı "vasitəsi"nə çevrilməsi prosesləri güclənmişdir. Beynəlxalq hüququn "gərəksizləşməsi" prosesi güclü dövlətlərə hüdudsuz "fəaliyyət azadlığı" verir ki, bu da müxtəlif ölkələrin işğalı və dövlətlərin beynəlxalq hüquqlarının pozulması ilə nəticələnən halları kütləviləşdirir. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu kimi faktlarla son vaxtlar daha çox qarşılaşırıq. Doğrudanmı, beynəlxalq hüququn "gərəksizləşməsi", onun güclünün hüququna çevrilməsi son nəticədə "beynəlxalq özbaşınalığın" güclənməsinə səbəb olacaq və dünyanı nəhəng bir "beynəlxalq cəngəlliyə" çevirəcək?  Beynəlxalq hüquq normalarına məhəl qoymadan güclü bir dövlətin digərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, "lazım gələndə" beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən "cəzalandırma əməliyyatı"na başlaması bəşəriyyətə yaxşı heç nə vəd etmir. Ölkədaxili milli hüquqla beynəlxalq hüququn üz-üzə qoyulması son nəticədə milli hüququn da beynəlxalq hüququn "xəstəliyinə" yoluxmasının kütləviləşməsinə və milli hüququn da eybəcərləşməsinə səbəb ola bilər. Çünki qondarma soyqırımlarının tanınması barədə qəbul olunan absurd qanunlar milli hüququ beynəlxalq hüququn bədnam "köməkçi"sinə çevirir ki, bu da yolverilməzdir. Belə proseslər milli hüquqi nailiyyətləri heçə endirir. Bunun acı fəsadları da ölkə vətəndaşlarının, habelə bütövlükdə insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Bu proseslər bədnam hüquqi təcrübəyə çevrilərək digər ölkələrdə də analoji proseslərə xaotik rəvac verir. Bütün bunlar beynəlxalq hüququ daha da eybəcərləşdirir və onu doğrudan da, güclünün hüququna çevirir. Əvvəllər müxtəlif ölkələrin milli hüquqlarının həmrəylik nümayiş etdirərək beynəlxalq hüququn əleyhinə "etiraz nümayişi"nə qalxıb onunla "qohumluq əlaqələri"ni kəsmək istəsəydilər, bunu təbii qəbul etmək olardı. Amma bu gun güclü dövlətlərdə milli hüququn siyasi hakimiyyətin təzyiqi altında beynəlxalq hüquqa "dəstək" verməsi absurd qanunların qəbul edilməsində ifadə olunur. Bu da nəinki insan hüquq və azadlıqlarını pozur, həm də hüquq mədəniyyətinə, bəşəriyyətin minillər boyu əldə etdiyi mənəvi dəyərlərə, habelə sivilizasiyalararası dialoqun əldə etdiyi uğurlara sarsıdıcı zərbə vurur.       

Beynəlxalq hüququn təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquqi müstəvidə ədalətsizliyin bərqərar olmasına gətirib çıxarır ki, bu da yolverilməzdir. Beynəlxalq münaqişələrin dondurulması kimi bədnam təcrübə də bu cür ədalətsizliklə nəticələnir. Milli, irqi, dini və s. zəmində baş verən münaqişələr zamanı problemin dondurulması başadüşüləndir. Çünki insan münasibətlərinin normallaşdırılmasının zamana ehtiyacı var. Amma belə münaqişələr işğal faktı ilə müşahidə olunanda beynəlxalq təşkilatın, konkret halda BMT-nin gözləmə mövqeyi tutması onun problemi həll etmək istəməməsi fikrindən xəbər verir. Dövlətin ərazisi onun BMT-yə üzv qəbul edilərkən təşkilatın bütün üzvləri tərəfindən hamılıqla tanınan əsas atributlarındandır. BMT-nin üzvü olan dövlətin ərazi bütövlüyünün işğal nəticəsində pozulmasına seyrçi qalmaq, işğal faktını aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin görülməməsi, ilk növbədə, beynəlxalq hüququ "eybəcərləşdirərək gərəksizləşdirir", BMT-yə isə başucalığı gətirməməklə onun fəaliyyətində qanundan kənar subyektiv amillərin rəhbər tutulduğunu göstərir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğaldan azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icra edilməməsi də məhz bu məqamlardan xəbər verir. Görünür, xristian təəssübkeşliyindən tutmuş supergüclərin geosiyasi maraqlarına qədər çeşidli səbəblər bu qətnamələrin icra edilməməsi, Azərbaycanın dünya birliyi tərəfindən hamılıqla tanınmış ərazisinin 20 faizinin işğal altında saxlanılmasının davam etdirilməsi və bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasına yol verilməməsini şərtləndirir. Belə bir şəraitdə nəinki bir milyondan artıq qaçqın və məcburi köçkün statusunda yaşayan soydaşlarımız, habelə bütün azərbaycanlılar və işğal faktının yolverilməzliyini qəbul edən tərəqqipərvər insanlar beynəlxalq hüququn məhz güclünün hüququ olmasını, BMT-nin isə güclünün mənafelərinə xidmət edən bir təşkilat olduğunu anlayır. 

Dünyada sülhün və təhlükəsizliyin təminatçıcı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkılatın əsas vəzifəsi kimi "beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək" nəzərdə tutulur.

Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi. 1-ci maddədə göstərilir ki, bir dövlət tərəfindən dıgər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı silahlı qüvvə tətbiq edilməsi BMT Nizamnaməsinə ziddir və təcavüzkarlıq hesab olunur. 2-ci maddədə deyilir ki, dövlətin BMT Nizamnaməsini pozaraq birinci olaraq silahlı qüvvə tətbiq etməsi təcavüz aktına sübutdur. 3-cü maddədə: a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxilə və ya hücum etməsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq hər hansı bir hərbi işğal və ya müdaxilə nəticəsində ərazinin ilhaqı; b) bir dövlətin silahlı qüvvələri tərəfindən digər dövlətin ərazisinin bombardman edilməsi ..;

v) bir dövlət tərəfindən və ya onun adından, silahlı qüvvələrin, qeyri-nizami dəstələrin və ya muzdluların göndərilməsi və s. təcavüz aktı kimi qiymətləndirilir.

Qətnamənin 5-ci maddəsində göstərilir ki, heç bir siyasi, iqtisadi, hərbi və ya başqa mülahizələr təcavüzə haqq qazandıra bilməz; təcavüz beynəlxalq sülhə, əmin-amanlığa qarşı cinayətdir və bu cinayəti törədənlər beynəlxalq məsuliyyət daşımalıdırlar; təcavüz nəticəsində ərazi əldə edilməsi və yaxud hər hansı mənfəət qazanılması qeyri-qanunidir.

Ermənistan tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə, əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verir ki, bu, əsl təcavüz hərəkətləridir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyin etmək hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması - başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Bunu belə bir fakt da təsdiq edir ki, Ermənistan parlamenti bütün beynəlxalq hüquq normalarını kobudcasına pozaraq hələ 1989-cu ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi, yəni qonşu dövlətin ərazisinin bir hissəsinin işğal olunması haqqında qeyri-qanuni qərar qəbul etmiş və bu qərarın indiyədək ləğv edilməməsi Ermənistanın ölkəmizə qarşı dövlət səviyyəsində ərazi iddiasında olmasına sübutdur.

Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas hissəsinin hüquqları ilə qəsdən üz-üzə qoyur və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Buna baxmayaraq, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ XX əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini - Ermənistan Respublikasını yaratmışlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, bugünkü Ermənistan dövləti 1918-ci ildə qurularkən tarixi Azərbaycan torpaqlarında, İrəvan xanlığı və Zəngəzur mahalı ərazilərində yaradılmışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Onun fikrincə, BMT Təhlükəsizlik Şurasında "həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır".

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif  etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəmə gətirmişdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını vacib məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".

Heç bir dövlətin daxili işinə qarışmayan, yalnız beynəlxalq hüquq norma və prinsiplərindən çıxış edən rəsmi Bakı BMT-nin ötən il Liviya ilə bağlı qəbul etdiyi qətnaməni, NATO-nun bu ölkəyə qarşı hərbi əməliyyatlarını haqlı olaraq dəstəklədi. Şimali Atlantika Alyansının Əfqanıstan və İraqdakı məlum sülhyaratma missiyasına hərtərəfli dəstək verən Azərbaycan Liviya ilə bağlı məsələdə də gözləmə mövqeyi tutmadı. Respublikamızın hazırda Suriyadakı vəziyyətlə bağlı mövqeyi də birmənalı və qəti olub beynəlxalq hüquq normalarına əsaslanır. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, "ikili standartlar" əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çoxsaylı qətnamə və qərarlarına eyni münasibəti göstərməməsi isə müəyyən suallar doğurur.

BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun Nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var.

2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra "əl-Qaidə" təşkilatını və "Taliban" rejimini Amerikaya hücumda təqsirləndirən rəsmi Vaşinqton məhz BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək 2001-ci il oktyabrın 7-də Əfqanıstanda müharibəyə başladı. BMT-dən heç bir icazə almadan, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarını gözləmədən hərbi əməliyyatlar başlandı. Bundan əvvəl İraqla müharibəyə başlayan ABŞ yenə də BMT-nin mövqeyinə məhəl qoymamışdı. İndi də Suriyada bioloji və bakterioloji silahlardan istifadə ehtimalını gündəmə gətirərək əməliyyatlara başlayacağını bəyan edib. Əlbəttə, kütləvi qırğın silahlarından istifadə bəşəriyyət üçün böyük fəlakət olardı. Ancaq söhbət burada bir dövlətin maraqlarının bütün beynəlxalq hüququn prinsiplərinin fövqündə dayanmasından gedir.

BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Qeyd etdiyimiz kimi, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən biri də odur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Burada, əsasən, Çin və Rusiyanın maraqları ABŞ, Böyük Britaniya və Fransa ilə tez-tez toqquşur. Bir daimi üzvün veto tətbiq etməsi isə konkret qərarın qəbuluna mane olur. Belə olan təqdirdə, təşkilat iflic vəziyyətinə düşür. Bu, BMT-nin, əslində, bir neçə aparıcı dövlətlərin nüfuz dairəsində olduğunu, daha dəqiqi, "fövqəlgüclər"in təsiri altında hərəkət etdiyini göstərir. Məhz bu vəziyyəti nəzərə alan rəsmi Bakı BMT-də yuxarıda qeyd edildiyi kimi, müəyyən islahatların aparılmasının təşəbbüskarı kimi çıxış edir.

Münaqişənin həllinin uzanmasının əsas səbəblərindən biri də fikrimizcə, regionda nüfuz savaşının başa çatmaması ilə bağlıdır. Yəni, bölgəni təsir dairəsinə daxil etmək istəyən "supergüclər" regiondakı münaqişələrdən təzyiq "rıçaq"ları kimi istifadə etməyə çalışırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində fəal rol oynamaq şansı isə regionda əlahiddə nüfuz sahibi olmaq iddiasının gerçəkləşməsi deməkdir. Münaqişənin təminatlı həlli istənilən halda ABŞ, Rusiya və Fransa "üçlüyü"nün qarşılıqlı güzəştindən əhəmiyyətli dərəcədə asılıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, ilk növbədə, bu güclər arasında konsensusun əldə olunmasından, nüfuz savaşının başa çatmasından asılıdır. Rusiya son illərdə müəyyən fəallıq göstərərək belə bir şans əldə etməyə çalışsa da, son nəticədə regiondakı "for-post"unun üzərinə getməyə özündə cəsarət tapmadı. Daha dəqiqi, münaqişənin həllinin Moskvaya sərfəli görünmədiyini açıq etiraf etməyin vaxtı çatıb.

(Ardı var)

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır