Modern.az

İki nazirlik Qurban bayramı öncəsi tədbirlərə hazırlaşır

İki nazirlik Qurban bayramı öncəsi tədbirlərə hazırlaşır

3 Oktyabr 2012, 10:05

Qurban bayramı yaxınlaşdıqca bazarlarda ət və ət məhsullarının qiymətində bahalaşma müşahidə olunmaqdadır. Adi günlərdə ətin kiloqramı 8-9 manat arasında dəyişirsə, bayramqabağı ətin qiymətində 2-3 manat bahalaşma olur. İndi  paytaxtın bəzi ticarət obyektlərində ətin bir kiloqramı 11 manatdır. Qəssablar isə bayram günlərində ət məhsullarının qiymətinin bir qədər də bahalaşacağını söyləyirlər. Bütün ölkələrdə bu cür bayramlarda qiymətlərə nəzarət olunaraq endirimlər keçirildiyi halda, Azərbaycanda bunun əksi baş verir. Hətta rayonlardan həftəsonu gətirilən kənd təsərrüfatı məhsulları bazardakı alverçilərin qoyduqları qiymətdən heç bir halda fərqlənmir.

Bu il Qurban bayramı oktyabrın 25-26-na təsadüf edir.

Modern.az aidiyyatı qurumların bayram öncəsi bazardakı qiymət artımının qarşısını almaq üçün hansı tədbirlər görəcəyi ilə maraqlanıb.
Bayramın yaxınlaşması ilə əlaqədar bazarlarda süni qiymət artımının qarşısının alınması üçün İqtisadi İnkişaf Nazirliyi xüsusi tədbirlər görür. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyir ki, Qurban bayramı ilə əlaqədar əhalinin tələbatını daha dolğun ödənilməsi və keyfiyyətə nəzarət məqsədilə Nazirlik yanında Antiinhisar siyasəti istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti bazara nəzarəti daha da gücləndirəcək. Onun sözlərinə görə, Dövlət Xidməti əlaqədar dövlət qurumları və sahibkarlarla birgə daha çox diri qoyunların satışının təşkili məsələsini hazırda nəzərdən keçirir:

“Bu ilin Qurban bayramı günlərində paytaxtın müxtəlif  yerlərində diri qoyunların satış yarmarkası nəzərdə tutulur. Hesab edirik ki, bu kimi tədbirlər Qurban bayramı ərəfəsində əhalinin ətə olna tələbatının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edəcək. Keçən il də belə tədbirlər keçirilmişdi. Bu dəfə fə anoloji tədbirlər davam etdiriləcək. Hətta ötən il bayramdan sonra da bazarlarda ətin qiymətində enmə də müşahidə olunmuşdu”.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə deyir ki, ötən il Kənd Təsərrüfatı Nazirliyi və İqtidsadi İnkişaf Nazirliyinin xətti ilə yarmarkalara ət məhsulları gətirilmişdi. Amma hələ bayrama bir müddət qaldığından ötən ilki tədbirlərin görüləcəyini demək tezdir: “Amma bayram günlərində Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda qiymət artımına yol verilməyəcək. Süni qiymət artımının qarşısı alınacaq”.    

Gültəkin Ələsgər
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI