Modern.az

Keçmiş döyüşçü: “Erməniyə dedim ki, məni sinəmdən vur, arxamca güllə atma...”

Keçmiş döyüşçü: “Erməniyə dedim ki, məni sinəmdən vur, arxamca güllə atma...”

Reportaj

3 Oktyabr 2012, 10:21

Oktyabrın 2-də Dağlıq Qarabağa daxil olan Xocavənd rayonunun işğalının 20 ili tamam oldu. Xocavəndlilər arasında müharibənin dəhşətlərini yaşamış canlı şahidlər çoxdur. Vidadi Hüseynov 1956-cı ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Müharibə başladığı ilk gündən əlinə silah götürüb, doğma kəndin müdafiəsinə qalxan Vidadi kişi deyir ki, əvvəllər ermənilərlə yaxşı münasibəti olub.

Çartazda açılan sirr

1980-ci ildə Sumqayıt Politexnik Texnikumunu bitirən V.Hüseynov təyinatla öz rayonlarına işləməyə göndərilib. Keçmiş Martuni rayon Elektrik İdarəsində əmək fəaliyyətinə başlayan Vidadi ermənilərlə bir yerdə işləməli olub: “Bizim idarədə 20 nəfər işləyirdi, Onların on beşi erməni, beşi isə azərbaycanlı idi. Erməni dilini bilmədiyim üçün bir az narahat idim. Amma işə çıxanda gördüm ki, ermənilərin hamısı Azərbaycan dilində sərbəst danışırlar. Beləcə, onlarla ünsiyyət qurmağa başladım. Bizi tez-tez müxtəlif kəndlərə işıq çəkməyə göndərirdilər. İstər-istəməz ermənilərlə bir yerdə gedib-gəlir, eyni masanın arxasında əyləşib şörək yeyirdik. 1986-cı ildə bizi Çartaz kəndinə işıq çəkməyə göndərdilər. Həmin vaxt bu kəndin kolxoz sədri Azərbaycan SSR Ali Sovetinin deputatı Suren Adamyan idi. Kənddə ancaq ermənilər yaşayırdı. Axşam işimizi qurtarandan sonra bir çəmənlikdə oturub, yeyib-içməyə başladıq. Nə qədər içdiyimiz yadımda deyil, amma dəqiq bilirəm ki, hamımız sərxoş idik. Məclisin şirin yerində ermənilərdən biri dedi ki, gec-tez Qarabağ bizim olacaq. Bu söz məni güllə kimi tutdu. Qalxıb həmin erməninin ağzının üstündən bir şillə vurdum. Mən onu vuranda ermənilərin hamısı ayağa qalxdı. Elə bildim ki, onlar mənə hücum çəkmək istəyirlər. Amma gözlədiyimin əksi oldu. Onlar həmin erməninin üstünə düşüb, onu bərk döydülər. Ermənilərdən birinin dediyi sözlər indiyə kimi yadımdadır. O, yerdə uzanmış ermənini təpikləyə-təpikləyə belə deyirdi: “Əclaf, bizim sirrimizi niyə açdın?” Mən, ermənilərin Qarabağı ələ keçirmək niyyətində olduqlarını ilk dəfə həmin gün başa düşdüm”.

Ermənilər meyitlərin sinəsinə xaç çəkiblər

Vidadi kişi deyir ki, Qaradağlı erməni kəndlərinin əhatəsində yerləşdiyi üçün yerli əhali münaqişədən daha çox əziyyət çəkib: “1990-cı il noyabr ayının 24-də ermənilər bizim kənddən 3 nəfəri qətlə yetirdilər. Ermənilər camaatın gözünü qorxutmaq üçün meyitlərin sinəsinə xaç şəkli çəkmişdilər. Bu hadisədən bir müddət sonra onlar kolxoz sədri Sultan Bayramovu öldürdülər. Qaradağlı fermasına hücum isə 2 nəfərin faciəli şəkildə ölümü ilə nəticələndi. Həmin vaxt mən yerli özünümüdafiə taborunda xidmət edirdim. Mərkəzi qərargahdan dəfələrlə kömək istəsək də, heç kim hayımıza çatmadı. Ölkə rəhbərliyinin laqeyd münasibəti Qaradağlının sonunu sürətlə yaxınlaşdırırdı...”.

Möcüzə nəticəsində sağ qalıb

Yerli özünümüdafiə taborunun müqaviməti Qaradağlını qorumaq üçün yetərli olmayıb. 1992-ci il fevral ayının 12-də ermənilər ağır artilleriyanın köməyilə hücuma keçiblər:
“Dörd gün mühasirədə qaldıq. Sursatımız qurtardığı üçün ermənilər fevralın 17-də Qaradağlıya daxil oldular. Ötən dörd gündə 9 şəhid vermişdik. Ermənilərin itkisi isə 30 nəfərə çatırdı. Ermənilər bizi əsir götürdülər. Əsir düşən 118 nəfərin arasında qadın və uşaqlar da vardı. Saqqallılar Şahmurad Hüseynovla Eldar Dadaşovu hamının gözünün qabağında güllələdilər. Ermənilər Şahmuradla Eldarın kəndin müdafiəsi zamanı göstərdiyi igidliyin qisasını bu cür aldılar. Sonra bizi iki yük maşınına doldurub, “Bəylik bağı” adlanan əraziyə apardılar. “Bəylik bağı”na çatanda maşını saxlayıb, 10 nəfərin aşağı düşməsini əmr etdilər. Arxada dayandığım üçün ermənilərin maşından düşürdükləri 10 nəfərdən biri də mən oldum. Əliavtomatlı 10 erməni bizi güllələmək üçün əmr gözləyirdi. Hamı ölümünü gözünün qabağına almışdı. Bu vaxt maşından bizimlə birlikdə enən Telman adlı müəllimin səsini eşitdim. Telman üzünü bizə tutub, qışqırırdı: “Ölmək ölməkdirsə, bəs xırıldamaq nə deməkdir? İndi özümü də, bu alçaqları da öldürəcəm”.
Sən demə, Telman müəllimdə əl bombası varmış. Telman bombanı çıxaranda, ermənilər həm bizi, həm də maşındakı adamları atəşə tutdular. Buna baxmayaraq, rəhmətlik Telman bombanı partlada bildi. Partlayış nəticəsində Telmanla yanaşı, 3 erməni də öldü. Mən, Telmanın əlindəki bombanı partladacağını hiss etdiyim üçün özümü yaxınlıqdakı xəndəyə atdım. Budumdan ağır yaralansam da, ermənilərin başının qarışmasından istifadə edib, sürünə-sürünə yaxınlıqdakı kolluğa girdim. Sonra bildim ki, ermənilərin maşını güllə-baran etməsi nəticəsində 36 nəfər həlak olub. Mənim sağ qalmağım isə əsl möcüzə idi”.

V.Hüseynov özünə gələndə axşam imiş. Amma ətrafda ermənilər dolaşdığı üçün bir müddət kolluqdan çıxmağa cəsarət etməyib: “Gecə saat 4-də kolluqdan çıxıb, yola düzəldim. Əlimdə bir metr uzunluğunda taxta parçası vardı. Vücudumu həmin taxtaya dayayıb, güclə irəliləyirdim. Təxminən bir kilometr gedəndən sonra qarşıma bir erməni çıxdı. Hündür, sağlam cüssəli bir adam idi. Çiynində ov tüfəngi, belində patrondaş vardı. Dərhal başa düşdüm ki, bu adam ovçudur. Qabağını kəsib, məni tanıyıb-tanımadığını soruşdum. Dedi ki, tanımıram. Eyni sualı üç dəfə təkrar etdim. Amma yenə məni tanıdığını boynuna almadı. Ağır yaralı olduğum üçün əsəblərim tarıma çəkilmişdi. Onun üstünə qışqırdım ki, mən bu kəndlərin hamısını qarış-qarış gəzmişəm, niyə məni tanımırsan? Bir addım geri çəkildi. Sinəm bərk ağrıdığı üşün əlimin biri ilə onu ovuşdururdum. İndi fikirləşirəm ki, yəqin həmin erməni məndə silah olduğunu düşündüyü üçün belə ehtiyatlı hərəkət edirmiş. Ayaq üstdə dayanmağa taqətim qalmamışdı. Buna görə də söhbətə nöqtə qoymaq istəyirdim. Erməniyə dedim ki, məni sinəmdən vur, arxamca güllə atma. Düz deyirlər ki, can şirin şeydir. Mənim kimi, erməni də ölmək istəmirdi. O, qorxa-qorxa mənə belə dedi:
“Mənim səninlə heç bir ədavətim yoxdur. Yolun açıq olsun. Amma sən də kişi ol, məni arxadan vurma”.

Bu sözlərdən sonra hər ikimiz üzümüzü çevirib, yolumuza davam etdik. Təxminən 20 kilometr yol qət edəndən sonra Ağdamın Abdal-Gülablı kəndinə çatdım. Əsgərlər məni xəstəxanaya apardılar. Anam 12 gün sonra əsirlikdən xilas olub yanıma gələndə gözlərinə inanmadı. Sonra bildim ki, yazıq arvad öldüyüüm zənn edib, mənə yas saxlayırmış...”.

Seymur VERDİZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür