Modern.az

Orta məktəblərdə şahmat dərsini hansı müəllimlər keçməlidir?

Orta məktəblərdə şahmat dərsini hansı müəllimlər keçməlidir?

Təhsil

3 Oktyabr 2012, 10:30

2012-2013-cü tədris ilindən etibarən məktəblərdə şahmat fənninin tədrisinə hazırlıq işləri başa çatdırılıb. Yeni dərs ilindən etibarən 379 məktəbin II sinfində, 75 məktəbin isə III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb. Azərbaycan təhsil sistemində şahmatın tədrisi yenilikdir.

Bəs görəsən şahmat dərslərini hansı müəllimlər tədris edir?

Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, dərslərdə şahmatın tədrisi ilə bağlı Təhsil Nazirliyi ilə birgə iş görülür.

“Müəllimlər üçün seminarlar keçirilir. Şahmat Federasiyası və Təhsil Nazirliyi həmin seminarlara rəhbərlik edir. Müəllimlər ya şahmat məktəbindən, ya da orta məktəbin özündən seçilir. Bundan başqa, müəllim ayrıca şahmatçı da ola bilər”.

Təhsil nazirinin müavini Qulu Novruzov da Modern.az-a açıqlamasında şahmat dərslərinin Şahmat Federasiyası ilə birgə hazırlandığını təsdiqləyib. Q.Novruzovun sözlərinə görə, Bakı şəhərində  və regionlarda Şahmat Federasiyası ilə birgə hazırlanmış qısa müddətli təlim kursları hazırlanıb.

“Demək olar ki, şahmat tədrisi ötən il hər rayonda bir məktəbdə başlandı. Amma bu il şəbəkə bir az da böyüdüldü. Bu il hər rayonda  şahmat dərsi tədris olunan məktəblərə üç məktəb də əlavə olundu. Şahmat üzrə dərəcəsi olan, professional idman müəllimləri bu dərsi tədris edirlər. Onlar Təhsil Nazirliyi tərəfindən hazırlanmış xüsusi proqram əsasında qısamüddətli təlimlər keçirildi. Seminarlar ona görə keçirilir ki, müəllimlər hazırlanmış bu vəsaitin tədrisini həyata keçirə bilsinlər”.

Qeyd edək ki, bu ilin yanvarından şəhər və rayonlarda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisi pilot olaraq həyata keçirilib.

Anar KƏLBİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir