Modern.az

Adamları yara-yara getmək nə gözəl...

Adamları yara-yara getmək nə gözəl...

3 Oktyabr 2012, 13:48

Gəncəyə getmişdim. Nizami Gəncəvinin 870  yaşının təntənəsinə. Gəncə, nə Gəncə? Gozəlliyi baş çatladır. Maşın karvanın qarşısınca yol polislarinin fit verən səsi, maşınlarının sürəti, həyacan siqnalları şəhəri götürüb başına. Bütün yollar bağlanıb. Ancaq bizim getdiyimiz yolda nə adam var, nə maşın. Küçələrin kənarlarına çiyin-çiyinə düzülmüş  adamlar həsrətlə baxırlar bizə. Axı biz Bakıdan gəlmişik. Yolları bizə görə bağlayıblar. O adamlar kimi mən belə maşın kortejlərinə çox baxmışam. İndi mən kortejdəyəm. Onların birinin yerində özümü təsəvvür edirəm. Açığı çox  utanıram yollarını bağlanmağına. Istəyirəm pəncərədən başımı çıxarıb onlardan üzr istəyəm. Axı bu kortejdəkilərin hamısı şair, yazıçı, ədəbiyyatçı və  alimləridir. Şair görüşünə gedirik. Şair yubileyinə şairlər belə gedərmi? Axı küçələrdə boyunlarını bükən  bizim oxucularımızdı. Indi  axşam  kitablarımızı  yandıracaqlar.  Nizami məzardan başını qaldıra bilsəydi, bizə nə deyərdi görən?

Gəncədə oxumuşam. Küçələr mənə tanışdı. Sürücüyə deyirəm, saxla düşüm, mən piyada getmək istəyirəm. Sürücü deyir, saxlaya bilmərəm, bu dövlət tədbiridir. Maşın kortejini saxlamaq qadağandır.

Pəncərədən baxıram. Bu bina bizim universitetdir. Sanki mənə əl eləyir.

- Bəs qarşısındakı Qatır Məmmədin heykəli hanı? -Yanımdakı şairdən soruşuram.

- Uçurdublar- deyir-yerində dükan tikiblər.

- Nəyə görə?

- Qatır  Məmməd  artıq  xalq düşmənidir.

Düşünürəm ki, ilahi, bu xalq yaddaşını nə qədər dəyişərmiş. Lap Qatır Məmməd  xalq düşmənidir. Heykəl ki sənət əsəridir. Qoyun dursun yerində. Biz də baxaq “xalq düşmənimizə” yadımızdan çıxarmayaq.

Odur bir maşın yola çıxmaq istəyir. Yol polisi necə qışqırdısa, maşın gizlənməyə yer gəzir.

Bizi məşhur beş ulduzu “Ramada” otelinə aparırlar. Bu otel Gəncənin başında Avropa havasıdır.

Səhərisi tədbirlər başlayır. Gəncədəki yerli şairlər bizim dəstəmizə qoşululmaq istəyirlər. Onlar da öz oxucularının gözü qabağında  bizimlə bir addımlamaq istəyirlər. Ancaq qoymurlar.  Yerli şairin faciəsi çox ağırdı, bunu bilirəm. Amma daha bizimlə birgə addımlamağa nə söz?

Yubiley tədbirləri, doğurdan,  təqdirə laiqdir. Hər şey gözəl hazırlanıb. Nizaminin əsərlərinə çəkilmiş illisturasiyalar, doğurdan, göz oxşayır. “Xəmsə”sinin yeni nəşrləri stendlərə yığılıb. Hamısına diqqətlə baxırıq. Fotoqraflar istəyir ki, bizim şəklimizi kitaba baxan anda çəksin. Bu da çox zaman alınmır. 50 xarici ölkədən qonaq dəvət edilib. Onlar hər tərəfə heyranlıqla baxırlar. Bir şeyi dərk edirəm. Adətən yolların tıxaclarından və insanların tünlüyündən hamı bezir və mən də  çox bezmişəm. Ancaq ilk dəfə hiss elədim ki, ən ağır şey yol gedəndə qarşına insanların çıxmamağıdır. Heç kəs sənə tərəf gəlmir. Açıq yolları getmək dəhşətlidir və çox ağırdır.

Maşın korteji Nizaminin məqbərəsinə istiqamət alır. Yol boyu düzülmüş adamlara baxıram. Saat 13- də  məqbərənin qarşısına çatırıq.  Ü. Hacıbəylinin “Sənsiz” kantadası hər tərəfə sərinlik kimi yayılır. Milli geyimli qızlar bizə şərbət verirlər. Əllərində gül-çiçək dəstələri tutmuş məktəblər bizi dövrəyə alırlar. Çiçək yağışında islanırıq. Amma məktəblərin baxışlarından hiss olunur ki, onlar düz saat 9-dan burda ayaq üstə dayanıblar. Çox güman ki, yorulublar. Xarici qonaqlar bunu sezməzlər, onlar ancaq gülə baxırlar. Mən müəlliməm, şagird və müəllimlərin dərdini  çox yaxşı duyuram.

Budur,  8-9 yaşlı bir oğlan mənə çiçək dəstəsi verir. Və sonra da o,  əl-qolunu yellədə-yellədə, şəst ilə  Nizamının “Sənsiz” qəzəlini deyir.  Görünür səhnə belə hazırlanıbmış. Deyəsən oğlan məni kimləsə səhv salıb. Qonaqlar onun şerinin qurtarmağını gözləmirlər. Sona kimi  onu dinləyirəm. Sonra adını soruşuram.

- Adın nədir?

- Nizami.

- Neçənci sinifdə oxuyursan?

- 5-ci sinifdə.

Əyilib üzündən öpürəm və öz özümə deyirəm: “İnsanın yolunu kəsmək olmaz”

Artıq yanımızda fotaqraflar yoxdur. Şübhəsiz ki, onlar qabaqdakı adamların şəkillərini çəkməyə getmişlər.

[email protected]

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?