Modern.az

Muzeylərdə şagird və tələbələr üçün hansı güzəştlər nəzərdə tutulur? - SORĞU

Muzeylərdə şagird və tələbələr üçün hansı güzəştlər nəzərdə tutulur? - SORĞU

Mədəni̇yyət

3 Oktyabr 2012, 13:56

Xarici ölkələrdə əcnəbilərin ən çox üz tutduğu, maraqlandığı məkanlardan biri də muzeylərdir. Hətta əcnəbilər bizim ölkəyə gələrkən, ilk baş çəkdikləri yer ölkənin tarixi abidələri, muzeylər olur. Azərbaycanda isə nədənsə bu məkana maraq azdır. Demək olar ki, yalnız şagird və tələbələrin muzeylərə axını müşahidə olunur. Muzeylərin əksəriyyətində giriş pullu olsa da, şagird və tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutulur.

 

Modern.az şagirdlərə edilən güzəştləri öyrənmək üçün  bir sıra  muzeylər arasında sorğu aparıb.

 

Abdulla Şaiqin Ev muzeyin bələdçisi Humay Teymurova bildirib ki, muzeyə giriş hamı üçün pulsuzdur: “Bizim muzeyə axın çoxdur. Ən çox gələnlər də məktəb şagirdləri olur. Orta məktəb siniflərindən 6-8 siniflər gəlir. Bu muzeydə giriş hamı üçün pulsuzudur. Amma elə muzeylər var ki, ora həm giriş, həm də ekspozisiya pulludur. Bizdə xüsusi əlavə bir xidmət yoxdur, bütün xidmətlər pulsuz həyata keçirilir. Bu, həm əcnəbilərə, həm də özümüzünkülərə aiddir. Saat 10-dan saat 6-ya kimi muzey fəaliyyət göstərir. Şagirdlər üçün elə bir güzəşt yoxdur”.

 

Hüseyn Cavidin Ev muzeyinin işçisi İlahə İbrahimova deyib ki, muzeyə giriş pulludur: “Şagirdlər və tələbələr üçün giriş 1 manat, qalan şəxslər üçün 3 manatdır. Məktəblərlə müqavilələrimiz var. Həmin müqaviləyə əsasən, şagirdlərə yalnız giriş pulunda güzəştlər olunur və muzeydə şagirdlərə mühazirələr oxunur”.

 

Səməd Vurğunun Ev muzeyinə baş çəkmək istəyən hər kəs pul ödəmədən muzeyə keçə bilər. Bu muzeyin də məktəblərlə müəyyən müqavilələri var. Həmin müqavilələrdə ayda bir neçə dəfə muzeydə şagirdlər üçün mühazirələrin oxunması nəzərdə tutulur.

 

Azərbaycan Tarix Muzeyinin işçisi Nüşabə Əsədova muzeyə giriş pullu olduğunu və şagirdlər üçün bəzi güzəştlərin olduğunu deyib: “Hamı üçün muzeyə giriş qiyməti 5 manatdır. Şagird və tələbələrə edilən güzəşt odur ki, onlara muzeyə giriş pulu 2 manatdır. Əgər fotoaparat və kamera ilə gələn varsa, onun üçün də ayrı pul ödənilir. May ayında şagird və tələbələrin sayı daha çox olur”.

 

İçəri Şəhər Tarix Muzeyinin elmi-kütləvi şöbəsinin  müdiri İradə Qasımova qeyd edib ki, qiymətlər o qədər də baha deyil: “Qız Qalası səhər saat 11-dən, axşam saat 7-yə kimi, qışda isə səhər 10-dan axşam 6-ya kimi işləyir. Şagirdlər üçün giriş 20, tələbələr üçün 60 qəpik, qalan şəxslər üçün isə 2 manat. Ekskursiya üçün biletin qiyməti 6 manatdır. İçəri Şəhərdə qulaqcıqlarla gəzib, muzeylə tanış olmağın qiyməti 5 manatdır. Şagirdlər üçün başqa güzəşt yoxdur”.

 

Numizmatika Muzeyində də vəziyyət və qiymətlər eynidir. Şagirdlər üçün yalnız qiymətlərdə güzəştlər var.

 

Mədəniyyət və Turizm  Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva bildirib ki,  şagird və tələbələrə güzəştlər var. “Muzeylərin özləri özlərini maliyyələşmə sisteminə keçdiyindən bu güzəştləri muzeylər özləri təyin edir. Güzəştlər barədə mən bir söz deyə bilmərəm. Amma muzeylərdə təşkil olunan açıq qapı, muzey günündə muzeylərə giriş hər kəs üçün pulsuz olur”.

 

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı