Modern.az

Qarabağ uğrunda dalana dirənmiş danışıqlar müzakirəyə çıxarıldı

Qarabağ uğrunda dalana dirənmiş danışıqlar müzakirəyə çıxarıldı

Aktual

3 Oktyabr 2012, 13:55

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ QHT Koalisiyası “Vətəndaş cəmiyyəti Qarabağ uğrunda: problemin həlli yollarının araşdırılması və dalana dirənmiş danışıqlar” mövzusunda dəyirmi masa keçirib. Modern.az xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının həmtəsisçisi Vüqar Qədirov Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinim həll olunmaması ilə bağlı fikirlərini bölüşüb. V.Qədirov bildirib ki, Ermənistanın qeyri-konstruktiv və separatçı fəaliyyəti, ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi, ölkəmizə qarşı ədalətsiz və ikili standartlardan çıxış etmələri bu məsələnin həll olunmamasına gətirib çıxarır.

“Ermənistana havadarlıq edən dövlətlər elə bir ir mövqe nümayiş etdirirlər ki, sanki bu münaqişə Ermənistanla Azərbaycan arasında deyil, ATƏT-in Minsk qrupu ilə Azərbaycan arasında gedir. Azərbaycan gücləndikcə, öz haqqını daha prinsipal müdafiə etdikcə, münaqişənin həllinə cavabdehlik daşıyan Minsk qrupuna üzv olan dövlətlər təcavüzkar Ermənistana deyil, işğala məruz qalmış Azərbaycana təzyiqlərini artırırlar. Azərbaycan gücləndikcə, onlar da Ermənistanı gücləndirməyə, Azərbaycanla balansı saxlamağa çalışırlar. Bu da onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupu münaqişəyə cəlb olunan gündən bu vaxta qədər ədalətli mövqe nümayiş etdirməyib”.

İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatının sədri Faiq İsmayılov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqe nümayiş etdirən Minsk qrupunun həmsədrləri, bu qrupun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Respublikaları arasında apardıqları sülh danışıqlarının indiki vəziyyəti nə müharibədən zərər çəkən vətəndaşları, nə də bütövlükdə Azərbaycan xalqını qane edir.

Söz Azadlığını Müdafiə Fondunun (SAMF) icraçı direktoru Vüqar Tofiqli Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından danışıb:

“Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və prezident sərəncamı ilə əfv edilməsi həm hüquqi, həm də milli-mənəvi dəyərlər baxımından düzgün addım hesab edilməlidir. Bu fikri bir çox Avropa ekspertləri də öz çıxışlarında bildiriblər. Lakin qeyd edilən addım ətrafında Ermənistan siyasətçilərinin, o cümlədən onların Avropa ölkələrindəki tərəfdarları tərəfindən yaratdığı ajiotaj başa düşülən deyil. Bu addım bir növ suda boğulan adamın saman çöpünə əl uzatması kimi də qəbul edilə bilər”.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Dünya Gənc Türk Yazarlar birliyinin sədri Əkbər Qoşalı və digər iştirakçılar öz fikirlərini bölüşüblər.


Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir