Modern.az

Dövlət Miqrasiya Xidmətindən Qazaxıstanda qalan azərbaycanlılarla bağlı açıqlama

Dövlət Miqrasiya Xidmətindən Qazaxıstanda qalan azərbaycanlılarla bağlı açıqlama

Aktual

3 Oktyabr 2012, 15:05

Bir müddət öncə Qazaxıstan Azərbaycanlılarının Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Modern.az saytına Orta Asiya ölkələrində, xüsusilə Qazaxıstanda olan xeyli Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədi itirdiyi üçün vətənə qayıda bilmədiyini açıqlamışdı. O qeyd etmişdi ki, həmin vətəndaşlarla bağlı Azərbaycanın Miqrasiya Xidmətinə göndərilən sorğuya “təyin edilməmişdir” deyə cavab verilir, bunu da Orta Asiya ölkələrinin höküməti qəbul etmir. Nəticədə həmin ölkələrdə olan xeyli soydaşımız Azərbaycan qayıda bilmir.

Məsələ ilə Modern.az saytının sorğusuna cavab verən Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi Vahid Qəhrəmanov bildirib ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddərti bitmiş Azərbaycan Respublikası vətəndaşının Azərbaycana  qayıtmaq hüququ “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən həyata keçirilir. Eyni zamanda həmin şəxslərlə birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycana qayıtmaq hüququ da sözügedən qanunla tənzimlənir.

V.Qəhrəmanov qeyd edib ki, hazırda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən etibarlı sənədlərə malik olmamaları səbəbindən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilmədinə zərurət yaranmış şəxslərlə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğular Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq surətdə araşdırılır və cavablandırılır.

“Bir sıra hallarda ərizəçilər tərəfindən Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün zəruri məlumat və sənədlər təqdim edilmədiyindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmur. Əlavə olara bildiririk ki, yerli icra hakimiyyəti orqanları şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti barəsində araşdırmaların aparılması səlahiyyətinə malik deyillər”.

Aytən ƏLİYEVA
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!