Modern.az

Gülər Əhmədovanın deputat mandatı ləğv edildi - YENİLƏNİB

Gülər Əhmədovanın deputat mandatı ləğv edildi - YENİLƏNİB

3 Oktyabr 2012, 16:06

Bir qədər öncə Mərkəzi Seçki Komissiyasında (MSK) Gülər Əhmədovanın deputatlıqdan könüllü imtina etməsi məsələsinə baxılması üçün iclas başlayıb.

Modern.az-ın əməkdaşı xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov sədrlik edir.

Artıq G.Əhmədovanın deputat mandatı ləğv olunub. Belə ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O, bildirib ki, deputat Gülər Əhmədova Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 5-ci maddəsinə əsasən özü mandatından imtina edə bilər.

G.Əhmədovanın məsələsi səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.

***

34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Gülər Əhmədova mandatının ləğv olunması üçün sentybarın 28-də ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib. Gülər Əhmədova ərizəsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı məlum videomaterialı əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.
Deputat qeyd edir ki, o, istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyətindədir. Bu məqsədlə G.Əhmədova belə hesab edir ki, bundan sonra Milli Məclisin deputatı kimi qalmağı ictimaiyyət arasında istintaqa təsir kimi qiymətləndirilə bilər. Maraqlı qüvvələr isə bundan istifadə edib işin obyektiv araşdırılmasına kölgə salmağa cəhdlər edəcəklər.
Buna görə Gülər Əhmədova məktubda ölkə Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə istinad edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından imtina etdiyini və bu haqda qanunla müəyyən edilmiş qaydada qərar qəbul edilməsini xahiş edib

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar  deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyini nəzərə alaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilib.

Qeyd edək ki, sentyabrın 25-də internetdə keçmiş ABU-nun eks-rektoru Elşad Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı videomaterial yayılıb. Videomaterialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib

Bu hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir