Modern.az

Avropa Məhkəməsi azərbaycanlı jurnalist üçün təzminat kəsdi

Avropa Məhkəməsi azərbaycanlı jurnalist üçün təzminat kəsdi

Ölkə

3 Oktyabr 2012, 16:33

Ramiz Nəcəfliyə 13 min avro ödəniləcək“Əgər Azərbaycan dövlətinin bunu ödəməyə imkanı olmasaydı imtina edərdim”

Avropa İnsan Haqları Məhkəməsi “Bozqurd” qəzetinin baş redaktoru Ramiz Nəcəflinin 2005-ci ildə qaldırdığı iddia əsasında hökm çıxarıb. Hökmə görə Azərbaycan hökuməti jurnalistə 13 min avro ödəməlidir.

Bu haqda Modern.az saytına açıqlama verən R.Nəcəfli Avropa Məhkəməsinə 2005-ci ildə kütləvi aksiyada aldığı ağır xəsarətlə bağlı müraciət etdiyini bildirib.

Belə ki, jurnalist 2005-ci ilin 9 oktyabrında müxalifətin keçirdiyi razılaşdırılmamış aksiyanın polis tərəfindən dağıdılması zamanı ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən R.Nəcəfli indiyədək ildə bir neçə dəfə müalicə kursu aldığını deyir.

Məhkəmənin uğurlu qərarına görə vəkil İntiqam Əliyevə təşəkkür edən R.Nəcəfli məbləğdən narazılığı olmadığını bildirir:

“Mənim üçün önəmli olan ədalətin öz yerini tapmasıdır”. Jurnalist həmçinin, ona çatacaq təzminatdan imtina etməyəcəyini də deyir:
“Əgər Azərbaycan dövlətinin bunu ödəməyə imkanı olmasaydı imtina edərdim. Bir də bi məbləğin 3000 avrosu hüquqi xidmətlərə ödənilməsi üçün nəzərdə tutulur”. 

Qeyd edək ki, 1967-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, “Boz Qurd” qəzetinin redaktoru R.Nəcəfli 2005-ci il oktyabrın 9-da keçirilən nümayişin dağıdılması zamanı zorakılığa məruz qaldığını əsas gətirərək AİHM-ə müraciət edib.

Jurnalist Avropa İnsan Haqları Konvensiyasının 3-cü (qeyri-insani rəftar və insan ləyaqətini alçaldan hərəkətlərin qadağan olunması) və 10-cu (söz azadlığı) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu, polisin ona qarşı ifrat güc tətbiq etdiyini və sonradan bununla bağlı aparılan araşdırmanın qeyri-effektiv olduğunu bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir