Modern.az

Qüdrət Həsənquliyevin vədi, seçicilərin rəyi...

Qüdrət Həsənquliyevin vədi, seçicilərin rəyi...

Reportaj

10 Fevral 2010, 14:21

97 SAYLI GORANBOY-AĞDAM-TƏRTƏR SEÇKİ DAİRƏSİNDƏN REPORTAJ 

«525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı layihəyəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seşki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşuruq. Bu dəfəki reportajımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin deputat seçildiyi 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən hazırladıq.

 

Qüdrət Həsənquliyev namizəd olduğu zaman seçicilərinə hansı vədləri verib? 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsində olarkən  deputatın Goranboy şəhərində yerləşən qərargahına yollanıb köməkçisindən bu suala cavab almaq istədim. Lakin köməkçini yerində tapmadığımdan seçicilərdən cavab almağa qərar verdim. Onu da qeyd edim ki, Q.Həsənquliyevin Ağdam rayonundan olan seçiciləri ölkənin bir neçə rayonunda məskunlaşıblar.

 

Tatarlının problemi saymaqla qurtarmaz

 

İlk ünvanımız Goranboyun Tatarlı kəndi oldu. Hələ 22 dekabr 2006-cı il tarixdə Milli Məclisin iclasında Tatarlının adının dəyişdirilib Yuxarı Səfikürd adlandırılması ilə bağlı məsələ bir qrup deputat tərəfindən kəskin etirazla qarşılanmışdı. Millət vəkilləri türk toponimi olan Tatarlı adının kürd adı ilə əvəzlənməsinə qarşı çıxdıqlarından məsələ gündəlikdən çıxarılmışdı.

Tatarlıda kənd sakinləri ilə öncə bu məsələ ətrafında  söhbət apardım. Məlum oldu ki, kənddə elə başa düşüblər ki, kəndin adının kürdləşdirilməsinə deputat Həsənquliyev də tərəfdar çıxıb. Əslində isə deputat həmin çıxışında ona Tatarlıdan olan tarixçi alimlər Nərgiz Quliyeva və Müzəffər Hüseynovun müraciət edərək kəndin adının Yuxarı Safyurd kimi adlandırılmasını istədiklərini bildirmişdi.

Tatarlı kənd sakini 47 yaşlı Mirzə Əliyev bildirdi ki, Qüdrət Həsənquliyev 2005-ci il parlament seçkiləri ərəfəsi kənd məktəbində  görüş keçirsə də, o, həmin görüşdə iştirak etməyib. Ona görə də həmsöhbətim deputatın camaata hansı vədlər verdiyini xatırlamadı. Lakin Tatarlıdakı problemlərdən danışdı: «Kəndimizin problemləri saymaqla qurtarası deyil. Kəndin ümumi yolu bərbad haldadı. Qazımız yoxdu. Səfikürd ərazisinə qazın verilməsi bərpa edilsə də, Tatarlıya hələ də qaz verilmir. Sovetlər vaxtında bizdə qaz var idi. “Turbaları” da durur, amma, nədənsə bizim qızınmamızı istəyən yoxdu. Deputatımızdan xahiş edirik ki, kömək eləsin. Eşitdiyimzə görə, məhz Qüdrət Həsənquliyevin zəhməti sayəsində Xanqərvənd kəndinə qaz çəkilib. Başa düşürük, Xanqərvənd Azərbaycanın ən böyük kəndlərindən biridi. Amma deputat gözdən iraq kəndlərə də diqqət yetirsin». XXI əsrin Azərbaycan kəndlisi qızınmaq üçün mal təzəyi yandırır

 

Ancaq sakinlər kəndə qaz çəkilişi üçün deputatlarına müraciət etmədiklərini də bildirdilər. M.Əliyev dedi ki, 3 ay əvvəl deputatın köməkçisinə müraciət etmək istəyiblər və bunun üçün  3-4 dəfə rayon mərkəzinə ayaq döysələr də, köməkçini ofisində tapa bilməyiblər.

Kənd sakinlərinin evlərini nəylə qızdırmasına gəlincə, məlum oldu ki, camaat odun yandırır. Amma odunu da çox çətinliklə əldə edirlər. Qışın soyuğundan donmamaq üçün meyvə ağaclarını kəsib yandıran tatarlılar meşədən gətirilib satılan odunun qiymətinin bahalığından da gileyləndilər. Dedilər ki, bir maşın odunu 500 manata satırlar. «Kamaz» maşınında gətirilən odun isə 1000 manata başa gəlir. Əhalinin böyük hissəsi işsiz olan kənd sakinləri üçün odun almaq  çətin məsələdir. Hətta onlar evlərini qızdırmaq üçün qurumuş mal təzəyindən də istifadə etməyə məcbur olurlar. Seçici Şaməddin Babayev də qaz problemindən gileyləndi. Onu odlu-alovlu danışmağa vadar edən isə Azərbaycan qazının xarici ölkələrə satılması idi: «Televizoru hər dəfə açanda eşidirik ki, Azərbaycan Gürcüstana, Rusiyaya, İrana qaz satır. Hələ deyirlər NABUKKO kəməri də çəkib qazımızı Avropaya satacaqlar. Qardaş, bunu satırsan elə birinci öz vətəndaşına sat da... Niyə mənim qazım olmaya-olmaya sən qazı farsa, rusa, gürcüyə satırsan? Axı biz zülüm çəkirik».

Ş.Babayev yay aylarında kəndə gələn sel nəticəsində Qaraçay üzərindəki körpünün uçduğunu, bunun nəticəsində əhalinin gediş-gəlişi üçün problemlər yarandığını da bildirdi. Tatarlı sakini kəndin müəyyən bir hissəsində işıq dirəklərinin olmamasından da şikayətləndi. Sən demə, 30-a  yaxın evə gedən elektrik xətləri ağacların başı ilə gedir: «İşıq idarəsinin müdiri 6-7  ay əvvəl özü şəxsən gəlib burda bizə vəd verdi ki, bir əncam çəkəcək, amma, o gedən-gedib».

Emin Əzizov adlı sakin isə deyir ki, deputatları Tatarlıya gəlib-getməsə də, onu televiziyada tez-tez görür.

Həmsöhbətimiz kəndin su probleminin olduğunu da diqqətə çatdırdı.

 

Səfikürd Safyurd adlındırılsın Tararlıdan qayıdarkən yolüstü Səfikürd kəndində də dayandım. Burada söhbətləşdiyim hər kəs deputatlarını yaxşı tanıdıqlarını bildirdilər. Onların fikrincə, Q.Həsənquliyev Milli Məclisdə ən fəal millət vəkillərindən biridi. Səfikürd camaatı kənddə qazın, işığın daim yandığını bildirərək, təkcə əkin sahələrinin suvarılması məsələsində müəyyən çətinliklərin olduğunu dedilər. Onların fikrincə, deputat Şəmkir maşın kanalının çəkilməsində hökumətdən dəstək alarsa, nəinki bu kəndin, ümumiyyətlə bölgənin su problemi öz həllini tapmış olacaq.

Səfikürd camaatından kəndlərinin adı ilə bağlı da məlumat aldım. Bildirdilər ki, kəndin ən qədim adı Safyurd olub. Sonradan ruslaşmada kənd Safkyurd kimi hallanıb. Safkyurd da sonradan Safkürdə dəyişdirilib. Adının və şəklinin çəkilməsini istəməyən kənd sakini bildirdi ki, o kəndlərinin adının Səfikürd olmasından utanır: «Biz Səfikürd sözünü özümüzə yaraşdırmırıq. Mən türk ola-ola niyə mənə kürd deyilsin ki? Hardasa deyəndə ki, mən Səfikürddənəm, o dəqiqə soruşurlar ki, kürdsən? Kürdlər öz milliyyətilə fəxr edən millətdi. Burda kürd olsaydı heç vaxt biz deyə bilməzdik ki, mənim kəndim Səfikürd yox, Safyurd olsun. Demək istəmirəm ki, kürd pisdi. Mən türkəmsə, mənə niyə kürd desinlər?  Niyə məni təhqir etsinlər ki? Talışa kürd desələr nətəhər qəbul edər? Kürdə talış desən nətəhər qəbul edər? Yəni milliyyətini təhqir edirsən də. Biz bu adın dəyişdirilməsini istəyirik. Kəndin tarixi adı özünə qaytarılmalıdı».

Kənddə onu da eşitdim ki, 800 nəfərin imzası ilə Milli Məclisə məktub göndərilib ki, Səfikürd Safyurd adlındırılsın.

 

Seşkidən sonra deputat kəndə gəlməyib

Növbəti ünvanımız Goranboyun Zeynallı kəndidir. Kənddə ilk rastlaşdığım Qeys Məhərrəmov deputatlarını tanıdığını, hətta onun hansı partiyaya rəhbərlik etdiyini də dedi: «Deputatımız Qüdrət Həsənquliyevdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir».  Q.Məhərrəmovla söhbətdən məlum oldu ki, Həsənquliyev seçki kampaniyası dövründə Zeynallı seçiciləri ilə görüşüb. Lakin sonralar deputat bu kəndə gəlməyib. Həmsöhbətim kəndlərinin problemindən danışdı: «Kənddə uşaq bağçası, xəstələr üçün tibb məntəqəsi, klub yoxdur. Kəndarası yollarımız da bərbad vəziyyətdədir. Ən əsas problemimiz də suyla bağlıdır. Nəinki əkin sahələrimizi, heç bağımızı da suvara bilmirik. Ağaclarımız susuzluqdan quruyur. Qaraçaydan axan su bizə gəlib çıxmır. «Divlər» onun qabağını kəsib, min hektarlarla yerləri var, onları suvarırlar.  Artezian  suyuna möhtac qalmışıq, amma, bir artezian da bütün kəndə bəs eləmir. Əkin sahələrini suvarmaq üçün su üstündə baş yarılır».

Zeynallıda qarşıma çıxan digər sakinlər də deputatlarını tanımaqda çətinlik çəkmədilər. Söhbətləşdiyim seçicilər Q.Həsənquliyevi seçkidən sonra kəndlərində görməsələr də, onu tez-tez televizorda gördüklərini bildirdilər. Zeynallı sakinləri evlərində qazın, işığın daim yandığını desələr də, su sarıdan korluq çəkdiklərini söylədilər.

”Unikal kitabxana”

Zeynallıda qarşılaşdığım kitabxana isə mənə elə həmin kəndin bəzi həyətlərində gördüyüm toyuq hinini xatırlatdı. Kəndin arasında taxtadan düzəldilmiş və tökülüb-itən bu komaya kitabxana deməyə adamın dili də gəlmir. İstirahət günü olduğundan kitabxana bağlı idi. Müşahidələrim nəticəsində deyə bilərəm ki, əgər hava yağmurlu olarsa, qırıq şiferlərin və taxtaların  arasından yağış asanlıqla içəri dolub kitabları yuya bilər. Və ya güclü yağış nəticəsində kəndin arasında bir balaca sel yaranarsa, onsuz da torpağın üstünə qoyulmuş bu kitabxana çayda üzən gəmini xatırladar. Buranın ətrafı isə torpaq olduğundan yəqin ki, yağış zamanı bəlkə də kitabxananın işçisi də palçıqdan bu ətrafa ayaq basa bilmir. Bəlkə də belə kitabxana dünyanın heç yerində olmayıb. Yəqin ki, taxtadan düzəldilmiş bir kitabxanaya heç orta əsrlərdə belə rast gəlinməzdi.

 

Qızılhacılılar su probleminın həllində deputatdan kömək istədilər

 

Goranboyun Qızılhacılı qəsəbəsində də deputat Həsənquliyevi «tanımıram» deyən tapılmadı. Söhbətə tutduğum qəsəbə sakinləri deputatlarının Milli Məclisdə fəal olduğunu deyərək, bu mənada ondan razılıqlarını ifadə etdilər. Amma dedilər ki, Həsənquliyev deputat seçiləndən sonra onun qəsəbəyə gəlib-gəlməməsindən xəbərsizdilər. Sakinlərdən biri isə bildirdi ki, bir-iki il əvvəl qəsəbədən bir qrup şəxs artezian məsələsi ilə bağlı deputata müraciət ediblər və deputat bu məsələdə onlara kömək göstərib. Mən isə soraqlayıb həmin şəxslərdən birini tapa bildim. Qəsəbə sakini Qələndər müəllim dedi ki, qəsəbənin onlar yaşayan hissəsindəki artezianın nasosu yandığından susuzluqdan əziyyət çəkirmişlər. Onlar bu barədə deputata məktubla müraciət ediblər: «Üstündən bir neçə gün keçmişdi, mənə zəng edib dedilər ki, deputatın yaxın bir adamı səninlə danışmaq istəyir. Mən həmin adamla danışdım və o mənə dedi ki, deputat sizin artezian məsələnizi Əhməd Əhmədzadə ilə danışıb, gedin rayondan sizə pulsuz təzə nasos verəcəklər. Biz də Subartezian idarəsinə gedib həmin nasosu heç nə vermədən alıb gətirdik. Sağ olsun ki, yayın istisində bizə kömək göstərdi».

Qeyd edim ki, Qızılhacılı camaatı qaz və işıq sarıdan əziyyət çəkməsələr də əkin sahələrinin suvarılmasında su sarıdan problemləri var. Onlar bu məsələnin həllində deputatdan köməklik göstərmələrini istədilər.

 

Xanqərvənddə

Daha sonra Xanqərvənd kəndində oldum. Bu kənd Azərbaycanın ən böyük kəndlərindən biri hesab olunur. Məlum oldu ki, seçki zamanı Xanqərvənd seçicilərinin 70 faizi Qüdrət Həsənquliyevə səs verib. Hətta deyilənə görə, bu kənddə Həsənquliyevin təbliğatı elə təşkil olunub ki, əslən bu kənddən olan deputatlığa namizəd Müslüm Məhərrəmov öz kəndində uğursuzluğa düçar olub. Sakinlərdən öyrəndim ki, deputat bu kənddə dəfələrlə olub və kənd üçün müəyyən işlərin görülməsində öz köməyini əsirgəməyib.

Kənd sakini Etibar Məmmədov bildirdi ki, Qüdrət Həsənquliyev seçki zamanı kəndin 3 yeridə iclas eləyib. «Deputatımız o  zaman bizə nə vəd vermişdisə, hamısını yerinə yetirib. Bizim artezianın nasosu ilə bağlı problemlərimiz var idi. Qüdrət müəllim bizim artezian üçün təzə bir nasos alınmasına, kəndimizə qaz çəkilməsinə kömək elədi. Hətta qazın çəkilişi zamanı özü kəndə gəlmişdi, orda öz cibindən nağd pul verdi ki, qaynaqçılara, digər işçilərə verək. Bir neçə dəfə artezianla bağlı müraciətlərimiz olub. O da Əhməd Əhmədzadəyə deyib və ondan sonra işlərimiz düzəlib. Əsas yay vaxtları artezianlarda işıq olmur, yəni limit məsələsi var. Qüdrət Həsənquliyev də kəndimizin artezianlarına limit verilməsi məsələsində kömək göstərib».

E.Məmmədovun dediyinə görə, deputat onlara veteran vəsiqələrinin verilməsində də kömək eləyib. «Şəxsən bizim kənddə 20-25 nəfərə veteran vəsiqəsinin verillməsində kömək eləyib. Mən də onun köməyi ilə 2009-cu ildə - Qarabağ döyüşlərində iştirakımdan 15 ildən sonra vəsiqə almışam. Yadımdadır ki, deputat bizim kənddə seçicilərlə görüşündə Qarabağ müharibəsində iştirak edənlər ondan veteran vəsiqələrinin alınmasında kömək göstərməsini istəmişdilər. O, seçkidən bir neçə gün əvvəl Bakıdan gələndə Respublika Hərbi Komissarlığından iki nəfər yüksək rütbəli zabitlə bir yerdə gəlmişdi. Onlardan biri müharibə zamanı Tərtərdə komissar işləyirdi. Onlar o zaman Goranboyda bizim uşaqlardan çoxuna köməklik eləyə bildilər. O birisi kəndlər də daxil olmaqla təxminən 100-ə yaxın könüllü döyüşçünün veteran vəsiqəsinin alınmasında kömək olundu».

Kəndin əkin sahələrinin suvarılmasında müəyyən problemlər olduğunu deyən E.Məmmədov bildirdi ki, kənddə “Su Birliyi” deyilən təşkilat yaradılıb və onlar işğal altında olan torpaqlarımızdan ermənilərin buraxdığı suyu camaata satırlar: «1 hektara 10 manat alırlar, çek də vermirlər. Camaat bu “Su Birliyi”ndən çox narazıdı».

E.Məmmədov hesab edir ki, Q.Həsənquliyev deputat kimi xanqərvəndlilərin etimadını doğruldub: «Deputatdan istəyimiz odur ki, gələcəkdə namizədliyini yenə bizim rayondan versin».

Xanqərvənd bələdiyyəsinin sədr müavini Miri Seyidov da bildirdi ki, Q.Həsənquliyev kəndə qaz çəkilişndə kömək göstərib: «Seçki zamanı deputat kənd camaatına söz vermişdi ki, kəndə qaz çəkilişinə kömək edəcək. Onun qazın çəkilməsində bizə güclü  köməyi oldu. Bunu əhali də yaxşı bilir. Keçmiş icra başçısı Novruz müəllimin vaxtında qazın çəkilişi zamanı özü şəxsən kəndə gəlmişdi. Müəyyən işlərlə bağlı Əlixan Məlikova bir neçə dəfə zəng eləyib, “QRP” alınmasında kömək göstərib. Artezian nasosları ilə bağlı müəyyən çətinliklərimiz olub, onları da aradan qaldırıb. Deputat nə vəd vermişdisə, mənim gözümün qabağında hamısına əməl eləyib. İndi elə işlər var ki, deputat səviyyəsində həll olunan deyil. Amma özü gücü çatan nə varsa, bizə kömək elədi».

Ermənilər yayda Sərsəng su anbarının qabağını kəsirlər Bələdiyyənin sədr müavini Miri Seyidovun sözlərinə görə, kəndin ən problemli məsələsi su ilə bağlıdı. «Bizim kəndin su problemi ermənilərlə bağlıdır. Ermənilər yayda Sərsəng su anbarının qabağını kəsirlər deyə, kəndimizə su gəlmir. Kəndin yuxarı hissəsində artezian olmadığına görə, əkin sahələri əkib-becərilmir. Su yalnız dekabr-yanvar aylarında buraxılır. Televizorda baxmışam, su problemi ilə bağlı Qüdrət Həsənquliyev parlamentdə bir neçə dəfə məsələ qaldırıb ki, Şəmkir maşın kanalına maliyyə ayrılsın. İnanın ki, bu kanal çəkilsə camaat əziyyətdən qurtulacaq».

Yeri gəlmişkən, M.Seyidov kəndin fasiləsiz işıqla təmin olunmasında göstərdiyi köməyə görə Goranboyun digər deputatı, əslən xanqərvəndli olan Gültəkin Hacıbəyliyə də minnətdarlğını çatdırdı.

2005-ci ilin parlament seçkilərində 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olmuş, Xanqərvənd kənd sakini Şakir Verdiyev də deputatdan razılığını ifadə etdi: «Mən Xanqərvənd kəndinin ziyalıları adından deyə bilərəm ki, Qüdrət müəllim deputat olduğu bu 4 il müddətində kəndimiz üçün çox işlər görüb. Əsasən qazın çəkilməsi məsələsində, qaz paylayıcılarının alınmasında, artezianlara nasos alınmasında kömək göstərib. O, digər işlərdə də bizə kömək olub. Ona görə ziyalılar adından deyə bilərəm ki, biz onu dəstəkləyirik. Çox istiyərdik ki, Qüdrət müəllim gələcəkdə yenə də öz namizədliyini bu dairədən versin və biz bir daha onu deputat seçək».

Xanqərvənd bələdiyyəsinin sədri Dilqəm Əvəzov da deputatın kənddə bir neçə dəfə olduğunu təsdiqlədi və əlavə etdi ki, xanqərvəndlilər deputatdan razıdırlar: «Qüdrət müəllim bir şəxsiyyət kimi, Azərbaycanın bir gözəl oğlu kimi Xanqərvənd kəndində nə vəd vermişdisə, faktiki olaraq onu yerinə yetirib. Kəndin qazlaşması ilə bağlı bizə söz vermişdi, müəyyən problemlər olanda ona müraciət eləmişik və operativ şəkildə həll eləyib. Milli Məclisdə onun açıq şəkildə dediyi fikirləri də biz bəyənirik və gələcəkdə də onu kəndimizdə deputat görmək istəyirik».

Xanqərvənddə qapılardan birini döyürəm.  67 yaşlı Xədicə Əhmədovadan deputatı tanıyıb-tanımamasını soruşuram: «Deputatımız Qüdrət Həsənquliyevdi. Seçki günü yağış yağmasına baxmayaraq gedib ona səs vermişəm. Qaynım oğlu kənddə deputatın təbliğatını aparırdı. Mənə demişdi ki, deputat kəndimizə qaz çəkilməsinə kömək edəcək. Ona görə də gedib səs verdim. Səs verməyimə də peşman deyiləm. Gördüyünüz kimi evimdə qaz yanır. Allah onun canını sağ eləsin. Elə bil evimizə müasirlik gəldi. Odundan canımızı qurtardıq. Ona görə deputata minnətdaram». X.Əhmədovadan dolanışıqları ilə də maraqlanıram. Deyir ki, 75 manat pensiya alır: «Çox azdı. Tələbatımı ödəmir. Bu böyüklükdə kənddə bankomat da yoxdu ki, pulumuzu çıxardaq. Goranboyda bankda işləyən bir nəfərə kartımı vermişəm ki, hər dəfə ordan pul çıxarıb gətirsin. 1 manat da ona verirəm. Kənddə bankomat qoyulsa, bir manatım da özümə qalar. Goranboya gedib-gəlmək imkanım yoxdur, xəstəyəm».

Kənddə bərbər işləyən Xəyyam Əliyev də deputatdan razılıq etdi. Dediyinə görə, seçkidən sonra deputatı kənddə iki dəfə görüb: «Axırıncı dəfə gələndə camaat xahiş etdi ki, qaz paylayıcılarının alınıb verilməsinə kömək etsin. O, söz verdi ki, Bakıya qayıdan kimi qaz idarəsinin böyüyü ilə («Azəriqaz»ın sədri ilə - red.) görüşüb məsələni həll edəcək. Sonradan eşitdim ki, deputat kəndə 5 dənə qaz paylayıcı verdirib».

İki şəhidin atası Xanqərvənddə iki şəhid atası Nurəddin Qarayevlə də görüşdüm. Qeyd edim ki, N.Qarayevin oğlanları Səbuhi və Rövşən müharibəyə könüllü gediblər. Onların sonuncu döyüşü 1992-ci il iyunun 17-də Ağdərənin Sərsəng su anbarı yaxınlığındakı ərazidə olub. Hər iki qardaş kəşfiyyatda ikən qeyri-bərabər döyüşdə xeyli sayda erməni öldürərək qəhrəmancasına həlak olublar. Onların meyiti 39 gündən sonra keçirilən əməliyyatdan sonra döyüş meydanından götürülərək Xanqərvənddə şəhidlik məzarlağında dəfn olnub.

Nurəddin kişi dedi ki, Prezident şəhid ailələrinə verilən müavinəti 100 manata qaldıran zaman Goranboy rayon Hərbi Komissarlığı Sosial Müdafiə Fonduna məktub göndərib ki, pensiyanı dayandırın. «Gedib komissara dedim ki, mənim oğlanlarımın müharibədə şəhid olmasını bütün Goranboy bilir. Hətta o vaxt Tərtərdə Əli bəy kimi tanınan məşhur bir döyüşçü var idi. O, da mənə demişdi ki, get komissara de ki, mən Rövşənlə Səbuhinin meyidini öz əlimlə göndərmişəm. Komissar da mənə dedi ki, o, Əli bəyi tanımır. Həmin vaxtlar Qüdrət Həsənquliyev kəndimizə gəlmişdi. Camaatla görüşürdü. Mən də deputata ərizə ilə müraciət etdim ki, hərbi komissarlıq iddia edir ki, mənim uşaqlarım müharibədə iştirak etməyib, onların adına verilən pensiya kəsilib. Qüdrət müəllim də söz verdi ki, Bakıya qayıdan kimi bu məsələ ilə maraqlanıb ədalətin bərpa olunacağına kömək göstərəcək. Burdan gedəndən sonra deputat mənim şikayətimi parlamentdə qaldırdı. Qəzetlər bunu yazmışdılar. Aradan bir neçə gün keçəndən sonra məni Hərbi Komissarlığa çağırıb dedilər ki, Müdafiə Nazirliyinin arxivindən uşaqlarının döyüşməsi barədə sənəd çıxarıblar. Komissar hələ bir mənə dedi ki, «ağsaqqal, bu məsələni özümüz də həll edərdik də, Qüdrət Həsənquliyevə niyə şikayət etmisiniz? Qüdrət müəllim aləmi bir-birinə qatıb, Milli Məclisə də, Prezident Aparatına da müraciət edib”. Nə isə… Sağ olsun ki, Qüdrət müəllim bu ədalətin öz yerini tapmasına kömək etdi».

Alırzalı camaatı deputatdan kəndə qaz çəkilişinə kömək istəyirlər

Goranboyun Yeniyol icra nümayəndəliyi ərazisində də oldum. Burada da hər kəs Q.Həsənquliyevi yaxşı tanıyır. Deyilənə görə deputat seçkidən sonra iki dəfə bu kənddə olub. Camaatla söhbətdən məlum oldu ki, Xanqərvəndə qaz çəkilişi yeniyolluları da sevindirib. Belə ki, qaz xətti bu kəndin ərazisindən keçdiyinə görə, Yeniyol  sakinlərinin evinə də qaz çəkilib. Kənd sakini Halay Məmmədov bildirdi ki, 2 ildir onların evində qaz yanır: «Mən bildiyimə görə, Qüdrət Həsənquliyev qazın çəkilməsində çox kömək göstərib. Ona görə də biz onu yenidən deputat görmək istəyirik».

Qoşqar Şirinov da bildirdi ki, deputat verdiyi vədlrə əməl edib: «Qaz vəd vermişdi, ona əməl elədi. Keçən ay 40 manat qaza pul vermişəm. Əsas odur ki rahatçılıqdı, odun yarmırıq. Buna görə də deputata minnətdaram».

Yeniyolun Təhlə şenliyində də deputatdan razılıq etdilər. 58 yaşlı Şəmil Əliyevə «deputatınızı tanyırsınızmı» sualını verdikdə, o belə cavab vedi: «Qüdrət Həsənquliyevdi. Allah onun köməyi olsun. Qazın çəkilişində keçmiş icra başçısı Novruz Novruzovla bir yerdə gəlmişdi. Onun sayəsində qazımız gurha-gur yanır. Odun yarmaqdan əlimiz qabar olmuşdu. Biz bu əməyi itirmərik».

Goranboyun Alırzalı kəndində də qarşılaşdığım şəxslər Q.Həsənquliyevin seçkidən sonra bir dəfə kəndə gəldiyini bildirdilər. Alırzalı camaatı deputata fərdi şəkildə müracətlər etdiklərini və deputatın onlara kömək göstərdiyini bildirdilər. Alırzalılar kəndə qaz çəkilməsində deputatdan kömək gözlədiklərini də söylədilər.

 

AMİP-çi də deputatdan danışdı

 

Goranboyda olarkən AMİP-in rayon təşkilatının sədri Fəqani Məhərrəmovla da rastlaşdım. Rayona gəlişimin məqsədini ona bildirdikdə məlum oldu ki, o, özü də Q.Həsənquliyevin seçicisidir. Odur ki, seçici kimi onun da deputatı barədə fikirlərini öyrəndim: «Qüdrət Həsənquliyev bəzi kəndlərdə qaz, su problemini həll eləyib, bunu düşəndə eşidirik. Deputatımızı televizorda görürük. Onun Qarabağla bağlı etdiyi çıxışları bəyənirik. Yəni ölkənin ümummilli məsələsində onun tutduğu mövqeyi dəstəkləyirik. Düzdür, insanları Qarabağ  məsələsi də maraqlandırır, amma, seçicilərin gündəlik qarşılaşdıqları problemləri də qaldırmaq lazımdır. Deputat daha çox seçildiyi bölgənin insanlarına diqqət ayırsa, yaxşı olar».

 

Tərtərlilər deputatı gözləyir

 

97 saylı dairənin ərazisi olan Tərtər rayonunun Sarov kəndində də oldum. Kənd ağsaqqalı 72 yaşlı Bəkir Hacıyev Həsənquliyevin seçki vaxtı kənddə görüş keçirdiyini desə də, deputatın sonradan bu kəndə gəlməməsindən gileyləndi: «Gələndə rayona gəlib ordan qayıdır. Seçki günü yenə gələcək ki, mənə səs verin». Bəkir kişi kəndin problemlərindən də danışdı: «Bizim kəndin rəhbərləri də kənd üçün bir iş görmürlər. Qazımız yoxdu. Qadan alım, ışığımız da yoxdu. Rayon rəhbərliyinə nə qədər ərizə vermişik, amma, bir iş görən tapılmır. Torpaqpulu verəndə hər adamdan 5 manat pul kəsirlər. Kim o 5 manatı verməsə, onun pulunu vermirlər. Taxıl əkilir də, biçilir də, pulu vermirlər. Gərək 5 manatı onlara rüşvət verəsən.  Biz bələdiyyəyə səs verməmişik, heç seçkiyə gedən də olmadı. Bəs necə oldu ki, bu bələdiyyə seçildi?

40 il suçu işləmişəm, 75 manat pensiya alıram. Qadan alım, bu pulla dolanmaq olar? Bir dənə də şəkər xəstəsi olan arvadım var. Necə dolanaq biz? Mən oduna pul verim, işığa pul verim, telefona pul verim? Düz-əməlli işıq vermirlər, amma ayın başı olan kimi qapını kəsdirib pul istəyirlər. Başına dönüm, belə problemlərim var. Bələdiyyə məndən “naloq” alır, o pulu neynir? Yol çəksinlər də... Kəndin arasında gördüyün kimi palçıq dizdəndi. Hökumət xaricə  qaz satır. Sən birinci öz camaatına sat o qazı, artığını da yenə xaricə sat də. Niyə bizi soyuqdan, əziyyətdən qırırsınız?»

Bakıya qayıdarkən yolüstü Yevlax rayonu Aran qəsəbəsində məskünlaşan Ağdamdan olan məcburi köçkünlərlə də görüşmək istədim. Burada rastlaşdğım məcburi köçkünlərdən öyrəndim ki, Q.Həsənquliyev seçkilərdən sonra da ağdamlıların görüşünə gəlib. Belə ki, deputat 2008-ci ilin fevral ayında qəsəbə sakinlərinin müraciətindən sonra burada olub. Məcburi köçkünlər onlar üçün Yevlaxda tikiləcək çoxmərtəbəli binada yaşamaq istəmədiklərini deputatın diqqətinə çatdıraraq, onlara əkin sahəsi olan həyət evləri verilməsini istədiklərini bildiriblər: «Biz gedib binada nə iş görəcəyik? Bizə həyət evi versinlər ki, toyuq-cücə, mal-heyvan saxlaya bilək. Yevlaxın Tərtərlə sərhədində belə yerlər çoxdu».

  Q.Həsənquliyevin BXCP-dəki köməkçisi bildirdi ki, deputat hər həftə seçiciləri partiyadakı qərargahında da qəbul edib, onların şikayətlərini dinləyir.

  

 

 

"Kamaz"lar  Goranboyun yollarını dağıdıb.

 

Tatarlı camaatı deyir ki, Milli Məclisdə bir də onların kəndinin adının dəyişdirilməsi məsələsi qaldırılmasın.

 

Tatarlılılar da qaz istəyirlər: "Nə vaxtadək mal təzəyi yandıracağıq"

 

Goranboyun mərkəzindəki milli bayraq cırılıb.

 

Zeynallı camaatının su problemi var

 

 

XXI əsrin "unikal" kitabxanası...

 

Uzaqda erməni işğalı altındakı Talış kəndi var, o görünən isə Murov dağıdır.

 

Etibar Məmmədov 15 illik süründürməçilikdən sonra veteran vəsiqəsi ala bilib

 

YAP üzvü: "Deputatdan razıyıq"

 

İki şəhidin atası: "Hərbi Komissarlıq şəhid oğlanlarımın adına verilən müavinəti dayandırmaq istəyirdi".

 

Xədicə Əhmədova: "Qaz yanandan evimizə müasirlik gəlib"

 

Bərbər Xəyyam Əliyev də deputatdan razılıq etdi.

 

Miri Seyidovun bu qaz xettinin cəkilməsində əzziyəti cox olub.

 

Təhlə sakinləri iki ildir qaz yandırırlar.

 

Yeni Yol kəndinin sakinləri : «Deputat qaz vədi vermişdi, ona əməl elədi".

 

AMİP-çi Fəqani Məhərrəm: "Deputat daha çox seçildiyi bölgənin insanlarına diqqət ayırsa, yaxşı olar". 

 

Arxeoloqlar Tatarlıda 7 min il yaşı olan qədim insanların yaşayış yerlərini tapıblar

 

Tarixçi Müzəffər Hüseynov: "Tatarlının adı dəyişdirilsə, yalnız Safyurd adlandırılmalıdır" 

 

 

Bu döyüşçülərin bəzilərinə Goranboy rayon Hərbi Komissarlığı veteran vəsiqəsi vermir ki, onlar döyüşməyiblər. 

 

Ağdamlı köçkünlər: "Bizə çoxmərtəbəli binalardansa, fərdi evlər tiksinlər, təsərrüfatla məşğul olaq.

 

Aqil Aslan

 

Bakı-Goranboy-Tərtər-Yevlax-Bakı

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər