Modern.az

“Nadan kişi, aciz qadın - seksual problemlər bundan yaranır” - azərbaycanlı seksopatoloqla MÜSAHİBƏ

“Nadan kişi, aciz qadın - seksual problemlər bundan yaranır” - azərbaycanlı seksopatoloqla MÜSAHİBƏ

9 Oktyabr 2012, 16:18

Androloq-seksopatoloq Həsən Səmədov Modern.az saytına müsahibəsində seksual problemlərə toxunub.

– “Seksopatoloq” sözü çox zaman insanlarda müəyyən diskomfort yaradır. İnsanlar seksopatoloqun qəbuluna yazılmaqdan utanırlar...

– Azərbaycan cəmiyyətində utanmaq kompleksi var. Fikirləşirlər ki, həkimə necə gedim? Hətta düşünürlər ki, belə bir xəstəliklə müraciət etsəm, həkim mənə gülər. Bizim cəmiyyət üçün bu normaldır. Elə xəstələr olur ki, zəng edib deyir, həkim gəlim? Deyirəm gəl. Sonra sual verir ki, necə gəlim? Deyir, sizin qəbulunuza gələndə orada qızlar varmı? Deyirəm ki, narahat olmayın, siz qəbuluma gəlirsiz...

İnsanların çoxu bu barədə məlumatsızdır. İnsan bilməlidir ki, mədə, bağırsaq, ürək və s. orqanlarda xəstəliklər olduğu kimi, cinsiyyət üzvlərində də problemlər ola bilər. Xəstəlik varsa, onu müalicə etmək lazımdır. Şəxsi fikrim belədir ki, cinsi fəaliyyətdə olan problemlərin, psixoloji, ailə və sosial məsələlərin ortaya çıxmasının günahkarı kişilərdir. Bu mövzuda danışsaq, deyə bilərik ki, qadın bir varlıqdır və onu yönəldən kişidir. Amma kişi maarifsiz olanda, qadın aciz qalır.
Avropa, o cümlədən bizə yaxın olan Türkiyədə bu məsələ çox inkişaf edib. Belə ki, qadın öz haqqını tələb edir. Həmin ölkədə ailələrdə kişi və qadın cinsi əlaqədə olan zaman kişidə erkən boşalma olursa, qadın tələb edir ki, kişi həkimə getsin. Amma bizim ölkədə qadının nə haqqı var ki, onu tələb etsin. Haqqı olsa belə, bunu kişiyə deyə bilmir və dava-dalaş, problemlər ortaya çıxır. Bu baxımdan cəmiyyət maariflənməlidir. Həkimə gedirsən və bu problemləri həll edirsən. Hərdən belə düşünürlər ki, həkimə müraciət edəcəyəm və o, bir dərman yazacaq, onu atandan sonra tamam, düzələcəyəm. Belə hal mümkün deyil. Elə bir dərman yazan olsaydıq, həmin dərmanı özümüz istehsal edib xəstəyə verərdik və aptekə ehtiyac olmazdı. Müalicə taktikası var və kompleks müalicə getməlidir ki, problem həll olunsun. Xəstə olub ki, müraciət edib və onunla 3 saat psixoloji söhbət etmişəm. Evə gedəndən sonra hər şey qaydasına düşüb. Hər bir məsələ dərmanla həll olunmur. Psixoloji yardımın da köməyi çox olur.

– Sizə müraciət edənlər daha çox kimlərdir, kişilərdir, yoxsa qadınlar?

– Daha çox müraciət edənlər kişilərdir. Sizi inandırım ki, hansısa bir yerə yazsaq ki, qadın cinsi xəstəlikləri, burada xəstə əlindən tərpənmək olmaz. Arxa fonda vəziyyət belədir. Orada bir az məsələlər var ki, qadınlar müraciət etmirlər. Qadın xəstələri öz həmcinsləri müalicə edir. Amma istənilən halda qadın bu mövzuda qadın həkimə müraciət etməyə utanır. Xaricdə də belə hallar olur. Əsas məsələ odur ki, onlara qadın həkimlər baxsa da, qadın xəstələr seksoloji məsələ ilə bağlı hətta öz cinsindən olan həkimlərə belə, müraciət etmirlər. Hətta qadın özünü cinsi fəaliyyətdə bədbəxt də hesab etsə, elə bilir onu həkim tapmalıdır. Amma həkimə də o cür yaxınlaşmır. Xəstəliyi başqa adla deyir.


– Xəstələrdə psixoloji baryeri necə götürürsünüz?

– Seksin pozulmasında psixoloji faktorun iki növü var. Biri seksualfobiya, digəri isə seksualabbersiya. Seksualfobiya olan xəstələrdə qorxu var ki, “keçən dəfə əlaqədə ola bilməmişdim, problemlər olub və bu dəfə də olacaq”. Seksualabbersiyada isə cütlüklərdən biri və ya hər ikisi hər dəfə əlaqədə olanda həyəcanlanır. Yəni ifrat həyəcanlanma və pozulmalar olur. Psixoloji baxımdan belədir ki, xəstə təməl problemini həkimə deyərsə, xəstəliyin 80%-i həll olunmuş sayılır. Çox vaxt xəstələrin özü də təməl problemini bilmir. Elə xəstələr də var ki, söhbət edərək xəstəliyin üstünə çıxmalısan və özü sənə deməlidir. Xəstələr var ki, onlarla söhbət zamanı psixoloji problemləri aradan qalxa bilir.

– Sizə müraciət edənlər əsasən hansı yaş qrupuna mənsubdur?

– Cinsi inkişafdan qalan uşaqlar da olur ki, valideynləri bu baxımdan bizim yanımıza gətirir. Bu baxımdan 10 yaşda olan uşaqlar da olur. Cinsi yetişgənliyi olan 18 yaşdan yuxarı aşəxslər də  müraciət edirlər. Bura daxildir 18 yaşdan 35 yaşa kimi xəstələr. Əsas problemlər cinsi həyatı aktiv olan gənclər arasında yoluxucu xəstəliklərin yayılması ilə bağlıdır.

– Tanınmış insanlardan müraciət edənlər olurmu?

– Bəli. Amma biz ümumən xəstələri anonim saxlayırıq.

– Əsasən hansı xəstəliklərlə bağlı müraciətlər olur?

– Yoluxucu xəstəliklərlə bağlı. Bununla bərabər, psixoloji məsələlər də olur. Şəkəri olan xəstələr var ki, qanda şəkərin miqdarı qalxır və cinsi fəaliyyəti pozur. Arteriyaları təzyiq və ürəyində əməliyyat olunan insanlar da var ki, onlarda da cinsi fəaliyyət pozulur.

– Zöhrəvi xəstəlikləri də müalicə edirsizmi?

– Cinsi yolla keçən yoluxucu xəstəlikləri müalicə edirik.

– Belə müşahidələr ki, gənc nəslin sekslə marağı artıb...

– Bu, normaldır. Kişilərdə cinsi fəaliyyət inkişaf etdikdə qana həddən artıq testesteron hormonu buraxılır. Bu hormon insanı ekstremal vəziyyətlərə atmağa yönəldir. Tutaq ki, dalaşmağa meylli olurlar, kişilərdə bədən quruluşunun formalaşması baş verir. Təbii ki, həmin hormon kişi və qadınlarda seksə marağı da oyadacaq. Amma əvvəllər olmayan yeni informasiya və texnologiya vasitələri yanlış məlumatlarla insanın psixologiyasını da pozur. Məsələn, 22 yaşlı gənc oturub pornofilmə baxır. Gəncin cinsi həyatı olmadığına görə beynində belə bir fikir formalaşır ki, bu məhz belə olmalıdır.

– Keçən əsrin 60-cı illərində başlayan “seksual inqilab” insanların intim həyatına ciddi təsir göstərib.

– Mentalitetimizdə bir çox çatışmazlıqlar var, amma çatışmazlıq o demək deyil ki, insan əxlaqsızlaşmalıdır.

– Tez-tez belə xəbərlər yayılır ki, ata qızını və yaxud da qardaş bacısını zorladı. Bu tipli informasiyalar cəmiyyətdə seksoloji baxımdan hansı problemlər yaradırmı?


– Həyatda elə proseslər var ki, onları cəmiyyətə açıqlamaq məcburiyyətində deyillər. Hətta onu şan-şöhrət xətrinə internet səhifələrinə yerləşdirməyin və televiziyalara çıxarmağın əleyhinəyəm. Bu xəbərə 95% nifrət edəcəksə, məlumat insanların 5%-inin beyninin şüuraltı hissəsinə təsir edəcək. Bəzən bu cür hallar əxlaqsızlaşmaya gətirib çıxarır. Yaxın qohum arasında cinsi əlaqə (insest) qədim Avstraliya qəbilələrində belə, yaddır. Araşdırmalar aparılıb ki, hətta onlar heyvan kimi yaşayırlar və onların devizi var ki, bu hal olmamalıdır. Onlar deyir ki, yaxın qohumlar və qəbilələr arasında cinsi əlaqə və evlilik olmaz. Təsəvvür edin ki, heyvan kimi yaşayan bir qəbilədə adətlərin kökü bu cür olub. Əgər o cür hal insanın psixikasının pozulması halında baş verirsə, o, psixiatrın işidir. Amma şüurlu, dərrakəli insan tərəfindən baş verirsə, bu ciddi problemdir və bu olmalı deyil. Yenə vurğulamaq istəyirəm ki, ən geridə qalmış qəbilədə əsas məsələlərdən biri odur ki, yaxın qohumlar və qəbiləarası üzvlər arasında cinsi əlaqə olmaz.

– Bu gün ölkədə keçirilən bir çox məhkəmələrdə cütlüklərin bir qismi cinsi harmoniyanın yoxluğundan boşanır...

– Elə xəstələrim çox olub. Bunu ətraf mühitdən gizlədirlər. Şəxsi həyat olaraq anonim kimi saxlayırlar. Azərbaycanda bir müəllif var, amma adını demək istəmirəm. Həmin müəllif 90-cı illərdə bir kitab yazmışdı. Həmin kitabda anonim kişilər və qadınların fikirləri var idi. Təsəvvür edin, 20-25 il ailə həyatı yaşayan qadın olub, onun normal cinsi həyatı olmayıb. Belə hallar minlərlədir. Həkimə müraciət olunmur, gizli saxlanılır. Hətta kişi özündən razı halda deyir ki, “biz həkimə getmərik”, “bizdə heç bir problem yoxdur”. Qadınların bir çoxu bu məsələdə kişilərdən qorxurlar. Bəzilərində ailə dağılır, bəzilərində isə dağılmır və bir ömür bədbəxt yaşayırlar. Ailəni dağıtmağa ehtiyac yoxdur. Həmin insanlara münasibətim odur ki, tam sərbəst həkimə müraciət etmək lazımdır ki, səbəb aydınlaşdırılsın. Həkimə gəlmək, “həkim mənə dərman yazsın gedib sabah qəbul edim” demək deyil. Həkimə gəlib 3-5 seans söhbətdən sonra hər şeyin yoluna düşməsi demək olar. Başqa problemlər çıxsa, dərmanda yaza bilərik. Ola bilər ki, həkim dərmansız elə bir məsləhət verər ki, onun köməyi daha böyük ola bilər.

Sevgi – ehtirasdır, hisslərdir. Onun olduğu yerdə cinsi münasibət yaşanmalıdır. Təbabət həftədə minimum 3 dəfə cinsi əlaqədə olmağı lazım bilir ki, orqanizmdə durğunluq getməsin.

– Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Toxum kanalcığının və xaya damarlarının varikoz genişlənməsi olan bu xəstəlik ölkəmizdə necə yayılıb?

– Kifayət qədər adam tanıyıram ki, 30-32 yaşında onlarda varikosel əmələ gəlib. Bunun əsas səbəblərindən biri kiçik çanaq orqanlarında qan dövranının durğunluğudur. Babasil əmələ gələn insanda, varikoselin də əmələ gəlməsi ehtimalı böyükdür. Qəbzlik olan insan, ağır atletika ilə məşğul olan insanda da varikosel əmələ gəlmə ehtimalı çoxdur. Bəzən bunu genetik olaraq bağlayırlar ki, həmin insanlarda damarların zəifliyi olub və bu xəstəlik əmələ gəlib. Xaya venalarının genişlənməsi baş verir və əsasən sol xaya venası genişlənir. Ona görə sol ki, onun birləşmə yeri sağ xayadan fərqlidir. Bu xəstəlik nəticəsində cinsi zəiflik və sperma keyfiyyətinin aşağı düşməsi, sonsuzluq və s. əmələ gəlir.

– Gənc nəsil daha çox dar paltarlar geyinməyə üstünlük verir. Dar şalvarlar gələcək nəsil üçün hansı problemlər yarada bilər?

– İnsanın kiçik çanaq orqanlarında, aşağı ətraflarında durğunluq yaradan bütün vasitələr zərərlidir. Bu həm qadına, həm də kişiyə aiddir. Paltarlar olur ki, dartılan materialdan olur. Onlar çox yüngüldür, kənardan sıxan kimi görünsə də, onlar sıxmırlar. Paltarlar var ki, materialı qalın və bədənə kip oturur. Buraya aiddir cins şalvarlar, alt paltarları və s. Onlar insan bədənini sıxır və qan dövranını pozur. Çalışmaq lazımdır o cür dar geyinilməsin. Həmin geyimlər xaya nahiyələrini, yumurtalıqları və cinsi üzvləri sıxır. Bunlar gec-tez problemə gətirib çıxarır. Bu cür şalvardan uzaq durmaq lazımdır.

– Qidalanma da bu cür xəstəliklər yaradırmı?

– Qida rasionunda əsasən pozuntular gedir. Amin turşularının, mineralların və vitaminlərin çatışmazlığı problem yaradır. Xəstələr elə bilir ki, təbii meyvə şirələri alıb içməklə hər şey yaxşı olur. Amma əsas məsələ orasındadır ki, insana zülal lazımdır. Bunlar ət, yumurta, süd məhsullarındadır. Vitaminlərdən A, E, D çox gərəklidir. Bunlar əsasən balıq yağında, balıq ətində, balıq kürüsündə, toyuğun qara ciyərində olur. Bunlara üstünlük vermək gərəklidir və qida rejimində duzlu, istiotlu yeməklərdən və turşulardan az istifadə etmək lazımdır.

Dr. Həsən Səmədov Androloq-Seksopatoloq Lazer klinikasi (Mətbuat pr.72) tel : 050 367 75 17 və 055 348 00 88

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir