Modern.az

“Gülər Əhmədovanın şeirlərindən imtina etməyəcəm” - Tanınmış bəstəkar

“Gülər Əhmədovanın şeirlərindən imtina etməyəcəm” - Tanınmış bəstəkar

9 Oktyabr 2012, 11:08

“Mən sözləri Gülər Əhmədovaya məxsus olan iki mahnı yazmışam, mahnılar hələ tam hazır deyil, amma tezliklə ifa olunacaq”.
Bunu Modern.az-a açıqlamasında bəstəkar Xanım İsmayılqızı deyib.

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) eks-rektoru Elşad Abdullayevin yaydığı məlum videoçəkilişdən sonra G.Əhmədova da istintaqa cəlb edilib. Bunun ardınca Milli Məclisin sabiq üzvünün adı hallanan bütün məsələlər gündəmə gəlib. Onlardan biri də bəstəkar Xanım İsmayılqızıının vətənpərvərlik üslubunda bəstələdiyi yeni mahnıdır.

“Bayrağım” adlı mahnının sözləri Gülər Əhmədovaya aiddir.

Təxminən iki ay öncə bəstəkar Xanım İsmayılqızı KİV-ə bildirmişdi ki, mahnı olduqca uğurlu alınıb: “Bəstə hər bir azərbaycanlı üçün müqəddəs sayılan milli bayrağımıza həsr olunub. Çağırış üslubunda olan mahnının sözləri insanda fəxr hissi yaradır”.
O zaman X.İsmayılqızı qeyd etmişdi ki, mahnı artıq əməkdar artist Mətanət İsgəndərliyə təqdim olunub. M.İsgəndərli isə “Bayrağım”a klip çəkdirmək fikrində idi.

 “Bayrağım” mahnısından əlavə X. İsmayılqızı yenə də sözləri millət vəkili Gülər Əhmədovaya aid başqa bir mahnını xalq artisti Flora Kərimovaya təqdim etmişdi.

Dünən belə bir məlumat yayılıb ki, 1 milyonluq rüşvət qalmaqalını əks etdirən məlum videoçəkilişin yayımlanmasından sonra bəstəkar X.İsmayılqızı və müğənni Flora Kərimova sözləri Gülər Əhmədovaya məxsus mahnının işıq üzü görməsini təxirə salıblar.

Modern.az-ın əməkdaşı adları çəkilən şəxslərlə əlaqə saxlayaraq, yayılan xəbərə münasibət öyrənib.

“Mənim Gülər Əhmədovaya şəxsi münasibətim ola bilər. Onun etdiklərinə və ya etmədiklərinə görə münasibətim ola bilər. Ancaq Xanım İsmayıılqızı musiqini başa çatdırsa, mən onu oxuyacam”,- deyə Flora Kərimova Modern.az-a açıqlamasında bildirdi.

Xanım İsmayılqızı da videoqalmaqala baxmayaraq, G.Əhmədovanın sözlərinə bəstələnən mahnılardan imtina etmək fikrində deyil.
“Hazırda Flora Kərimova üçün yazılmış mahnı üzərində tamamlama işləri gedir. Müəyyən yerlərdə dəyişiklik edirəm. Onu da deyim ki, mahnı hələ ki, oranjimana təqdim olunmayıb. O ki qaldı müğənni Mətanət İsgəndərlinin oxuyacağı “Bayrağım” mahnısına, bu bəstə xor işləri hazırlandıqdan sonra ifa olunacaq. Təbii ki, Gülər Əhmədova ilə bağlı qalmaqalın bu işə aidiyyatı ola bilməz. Burda söhbət siyasətdən yox, sözdən, şeirdən gedir”.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?