Modern.az

Zərdüşt Əlizadə: “Akif Nağı düz deyir, onu qışqırda-qışqırda aparmışam”

Zərdüşt Əlizadə: “Akif Nağı düz deyir, onu qışqırda-qışqırda aparmışam”

9 Oktyabr 2012, 15:19

Politoloq Zərdüşt Əlizadə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Z.Əlizadə Modern.az-a açıqlamasında Gürcüstanda erməni QHT rəhbərləri ilə görüşdüyünü təsdiqləyib və bildirib ki, QAT sədrinin tənqidləri yersizdir.

Zərdüşt Əlizadə bu tip görüşün ilk dəfə keçirilmədiyini deyib. Onun sözlərinə görə, erməni QHT rəhbərləri ilə sonuncu görüş sentyabr ayının sonlarında baş tutub. Gürcüstanda keçirilən görüş erməni QHT rəhbəri Georgi Vanyanın dəvəti ilə reallaşıb.

“Bu bizim ilk görüşümüz deyil. Mən dəfələrlə Georgi Vanyanın təşkilatı ilə əməkdaşlıq etmişəm. O, çox ləyaqətli, şərəfli insandır. Bu yaxınlarda onların tədbirlərində iştirak etmişəm. Görüş ötən ayın sonlarında baş tutub. “Sovet dövrü xalqlarının birgə yaşama təcrübəsi” adlı tədbir keçirilib. Bu sahədə çıxışlar oldu. Məruzəçi olmasam da, müzakirələrdə yaxından iştirak edirdim. Bu çox önəmli bir görüş idi. Hesab edirəm ki, xalqlar dostluğunun müsbət potensialı var”, - deyə politoloq vurğulayıb.

Z.Əlizadə bu görüşə professor Niyazi Mehdi, folosof Rəhman Bədəlov və hüquq müdafiəçisi Arzu Abdullayevanın onun təhriki ilə aparıldığı barədə Akif Nağının iddiasına ironiya ilə cavab verib.

“Bəli, mən Niyazi Mehdini qandallayaraq, qışqırda-qışqırda özümlə aparmışam. O, yazıq nə etsin ki...?”.

Z.Əlizadə region QHT-lərinin görüşlərinin yüksək əhəmiyyətə malik olduğunu qeyd edib və deyib ki, belə tədbirlər davam etdirilməlidir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı politoloq Zərdüşt Əlizadə, professor Niyazi Mehdi, folosof Rəhman Bədəlov və hüquq müdafiəçisi Arzu Abdullayevanı Gürcüstanın Təkəli kəndində erməni QHT rəhbərləri ilə görüşdüklərinə görə, çox sərt şəkildə tənqid edib və onları “xəyanətkar” adlandırıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir