Modern.az

Xarici qonaqlar ölkəmizdəki hərtərəfli inkişafın şahidi oldular

Xarici qonaqlar ölkəmizdəki hərtərəfli inkişafın şahidi oldular

9 Oktyabr 2012, 17:40

Vüqar Rəhimzadə, «İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

İkinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatdı. Təbii ki, keçirilən hər bir tədbir əhəmiyyəti baxımından daha çox təhlil olunur, perspektivlər barədə fikirlər səsləndirilir, qarşıya qoyulan məqsədlərə nail olmağın yolları müəyyənləşdirilir. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi isə ölkəmizin böyük imkanlara malik olduğunun dünyaya təqdimatında mühüm rol oynayır. Forum iştirakçılarının çıxışlarında bu fikir dəfələrlə qeyd olundu ki, iştirakçıların say tərkibi və təmsil etdikləri ölkələrin miqyasının genişliyi Azərbaycanın, onun rəhbərliyinin, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzuna dəlalət edir. Məlum olduğu kimi, Forum 2010-cu ildə Rusiya-Azərbaycan Forumu kimi fəaliyyətə başlamışdır. Forumun ənənəvi olaraq keçirilməsi, həmçinin təkcə Rusiya ilə Azərbaycan arasında deyil, həm də sözün geniş mənasında humanitar əməkdaşlığın ən aktual məsələlərinin müzakirə ediləcəyi nüfuzlu beynəlxalq məkana çevrilməsinin qarşıya mühüm məqsəd kimi qoyulduğu üçün formatın dəyişdiyi və Beynəlxalq Humanitar Forum kimi fəaliyyət göstərdiyi məlum olaylardandır. İştirakçıların sayında ilbəil nəzərə çarpan müsbət dəyişikliklər də tədbirin əhəmiyyətini təsdiqləyən əsas məqamlardan biridir. Qloballaşan dünyada belə tədbirlərin keçirilməsinin vacibliyi inkaredilməzdir.

Rusiya və Azərbaycanın humanitar sahədə əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın ən vacib istiqamətlərindən biridir

Birinci Azərbaycan-Rusiya Forumunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirin məqsədinin iki ölkə arasında humanitar sahədə əməkdaşlığı daha da dərinləşdirmək olduğunu bildirərək, bu inamı ifadə etmişdir ki, forumun nəticəsi olaraq yeni layihələrin həyata keçirilməsinə başlanılacaq. Rusiya və Azərbaycanın humanitar sahədə əməkdaşlığı iki ölkə arasında strateji tərəfdaşlığın ən vacib istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyev Rusiya və Azərbaycan arasında humanitar sahədə qarşılıqlı əlaqələri digər istiqamətlərdə əməkdaşlığın əsası” kimi səciyyələndirir. I Forumda iki ölkə arasında humanitar əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən akademik R.Mehdiyev ölkəmizdə rus dilinə yüksək diqqət ayrıldığını, on minlərlə gəncin rus dilində təhsil aldığını xüsusi vurğulamışdır. O, Puşkin, Lermontov, Yesenin və Bulqakovun əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq çap edilməsini Azərbaycanda rus mədəniyyətinə böyük marağın sübutu kimi qeyd etmişdir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bu günlərdə filialın yeni tədris kompleksinin açılış mərasimində də dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd etmişdir ki, MDU dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, böyük ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil ocağıdır. MDU-da tədrisin səviyyəsi onun filialının harada olmasından asılı olmayaraq qoruyub saxlandığı standartdır. Bu inam da ifadə edilmişdir ki, yaxın illərdə filialın məzunlarının fəaliyyətinin nəticələrini görəcəyik. Bakı Slavyan Universitetinin fəaliyyəti də rus və digər dillərə diqqətin göstəricilərindəndir.

 Azərbaycan-Rusiya əlaqələrinin dərin tarixi köklərə söykəndiyini, bu münasibətlərin indi də yüksək səviyyədə davam etdirildiyini bildirən akademik bu reallığı da diqqətə çatdırmışdır ki, iki ölkə arasında bütün sahələr üzrə əlaqələrdə müsbət inkişaf nəzərə çarpır, əməkdaşlığın daha da möhkəmlənməsi üçün səylər artırılır. Forumda yüksək səviyyəli Rusiya nümayəndə heyətinin təmsil olunmasını tədbirə verilən qiymət kimi dəyərləndirmiş, Forumun iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Forumda çıxışı zamanı Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy forumun məqsədinin iki xalqın ziyalılarının birgə «beynini»” yaratmaq olduğunu bildirmişdir: «Məqsədimiz odur ki, forum iki xalq arasında mövcud tarixi mədəni əlaqələrin inkişafına xidmət etsin. Bizim xalqlarımız bir-birini daha yaxşı tanımalı, yaxşı başa düşməlidirlər”.» Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların hüquqlarının yüksək səviyyədə qorunması, tolerantlıq mühitinin hökm sürməsi ikitərəfli münasibətlərə müsbət təsir göstərir.

Rusiya-Azərbaycan münasibətlərinin dünəninə, bu gününə diqqət yetirən dövlət başçısı İlham Əliyev əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayır. Bildirir ki, hazırda münasibətlərimiz çox dinamik və səmərəli inkişaf edir. Bu əlaqələr mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. 2000-ci ildən sonrakı dövr hər iki ölkənin dövlət başçıları tərəfindən strateji tərəfdaşlıq mərhələsi kimi səciyyələndirilir. Bu isə mahiyyət etibarilə həm ölkələrimiz arasında münasibətlərin xarakterini, həm də həmin əlaqələrin gələcək inkişafını necə təsəvvür etdiyimizi əks etdirir. Bir sözlə, Rusiya-Azərbaycan münasibətləri çoxtərəfli, çoxcəhətlidir.” 2010-cu ildə keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iki qonşu ölkənin əlaqələrinin möhkəm təmələ əsaslandığını bir daha təsdiqlədi. Rusiya və Azərbaycan ictimaiyyəti Forumu yüksək dəyərləndirərək iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin tarixində yeni səhifə açacağını bildirdilər.

Forumun iştirakçıların say tərkibinin, eyni zamanda təmsil olunduqları ölkələrin coğrafiyasının genişliyi əhəmiyyətinə işıq salır

Ötən il 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin, aparıcı kütləvi informasiya vasitələrinin və ictimai xadimlərin iştirakı ilə «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum keçirildi. 20 illik müstəqillik tarixində ölkəmizin böyük yol keçdiyini qeyd edən dövlət başçısı İlham Əliyev bunun ümumiləşdirilmiş ifadəsi olaraq bildirmişdir: «Bu gün toplaşdığımız bu Forumun Azərbaycanda keçirilməsi, bütün dünyadan tanınmış və hörmətli ictimai xadimlərin Forumda iştirakı mənim sözlərimin təsdiqidir.» Mədəniyyətlər, sivilizasiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsi ölkəmizin artan nufuzunun təsdiqidir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir, mövqeyini daha da möhkəmləndirir.

Tədbirin devizinə diqqət yetirməklə əsas müzakirə mövzusu olan məsələlər də açıqlanır. Təbii ki, hər dövrün öz çağırışları və onların həyata keçirilməsinə böyük ümidlər olur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün birgə səylərin göstərilməsi, qarşılıqlı anlaşmanın daha da dərinləşməsi, ən əsası beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması mütləqdir.

 Dünyaya inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycan iqtisadi uğurların fonunda digər sahələrin, xüsusilə təhsilin, elmin inkişafına xüsusi diqqət göstərir. Ötən ilki Forumda çıxış edən iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Ceyms Mirrlis bildirmişdir ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi ölkələr iqtisadi baxımdan çox böyük problemlərlə üzləşmişlər. Bu baxımdan iqtisadi inkişafın təmin olunmasına diqqət yetirməklə yanaşı, təhsil, ətraf mühit və s amillər də nəzərə alınmalıdır. Dünyada bütün sahələr üzrə əldə olunmuş nailiyyətlərin diqqətlə izlənilməsi vacib şərt kimi önə çəkilmişdir. Daim yeniliyə, yeni təcrübələrin öyrənilməsinə və tətbiqinə çalışan Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdir olunmuşdur. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin yaradılmasının dövlətin siyasətində prioritet məsələ olması müsbət amil kimi vurğulanmışdır.

Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir

İstər ötən ilki, istərsə də builki Forumda dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu istiqamətdə görülən işlərə yönəldərək bildirmişdir ki, təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcək. «Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə də biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip- «qara qızılı insan kapitalına çevirmək» prinsipi bu gün artıq işləyir... Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir.» Bu gün ölkə iqtisadiyyatı qarşısında duran çağırışların elmin inkişafı ilə bilavasitə bağlı olmasının əsas vəzifə kimi qarşıya qoyulması da bu sahəyə diqqət və qayğının təzahürüdür.

Qarşıya qoyulan məqsədlər gerçəkləşir, yeni dövr üçün hədəflərin müəyyənləşdirilməsinə zəmin yaradır

Təbii ki, digər sahələrin inkişafını təmin etmək üçün iqtisadi tərəqqi vacib amildir. İqtisadiyyat hər bir inkişafın təməl daşıdır. Dövlət başçısı İlham Əliyevin II Bakı Beynəlxalq Humanitar Forumun açılışında ölkəmizin iqtisadi uğurlarına diqqət yönəltməsi də səbəbsiz deyildi. Son səkkiz ildən artıq dövr ərzində iqtisadiyyatın 3 dəfə artması, yoxsulluq səviyyəsində yaşayanların sayının 49 faizdən 7 faizə düşməsi, işsizliyin bu gün 5,4 faizə enməsi həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu, eyni zamanda Azərbaycanın daxili resurslarının təqdimatıdır. Dövlət başçısı bu fikri böyük əminliklə qeyd etmişdir ki, gələcəkdə uzunmüddətli, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün bütün imkanlar vardır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinə stimul verir. Qarşıya qoyulan məqsədlər gerçəkləşir, yeni dövr üçün hədəflərin müəyyənləşdirilməsinə zəmin yaradır. Dövlət başçısı İlham Əliyevin qarşıdakı 10 ildə Azərbaycanın yüksək gəlirli, inkişaf etmiş ölkələr sırasında görmək istəyi məhz bugünümüzün reallıqlarına əsaslanır. İnkişafın dayanıqlığının təmin edilməsində yeni texnologiyaların rolu inkaredilməzdir. Beynəlxalq Forum çərçivəsində keçirilən dəyirmi masaların mövzuları arasında «Konvergensiya edən texnologiyalar və gələcəyin konturları»nın xüsusi yer alması da bunun təsdiqidir. 
 
Azərbaycan mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq əlaqələrinə malik ölkədir

Bu gün Azərbaycanın beynəlxalq səviyyədə təqdir olunan uğurlarından biri də mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq əlaqələrinə malik olmasıdır. 70 ölkəni, 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nümayəndənin tərkibinə diqqət yetirsək, Forumda müzakirə olunan məsələlərin aktuallığı özünü daha qabarıq şəkildə büruzə verər. 694 iştirakçının 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadim, elm xadimləri, nüfuzlu xarici media orqanlarının rəhbərləri və digər nümayəndələr ibarət idi.

Növbəti gün Forum öz işini «Cəmiyyətin həyatında multikulturalizm», «Multikulturalizm və mədəni özünüdərk», «İqtisadi inkişaf modellərinin humanitar aspektləri», «Konvergensiya edən texnologiyalar və gələcəyin konturları», «Müasir KİV-lər və yeni çağırışlar», «Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi», «XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar», «Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya» mövzularında dəyirmi masalarda davam etdirdi. Göründüyü kimi mövzular müasir, aktual və bu gün cəmiyyəti düşündürən fikirləri özündə əks etdirən, olduqca maraqlı məsələləri əhatə edir.

Bu təşəbbüslər göstərir ki, humanitar və mədəniyyətlərarası dialoqlar, Forumlar bəşəriyyəti düşündürən ən təxirəsalınmaz vəzifələrdəndir. Dünyanın müxtəlif qitə və ölkələrindən gəlmiş insanların təmsil olunduğu, tanınmış dövlət və ictimai xadimlərin, siyasi liderlərin, diplomatik korpus əməkdaşlarının, beynəlxalq təşkilatları təmsil edən nümayəndələrin iştirak etdiyi Forumun beynəlxalq əhəmiyyəti regional mahiyyətini tamamlayır, daha da artırır. Dövlət başçısı İlham Əliyevin çıxışında vuruladığı kimi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olub. Əsrlər boyu müxtəlif xalqların, millətlərin nümayəndələri ölkəmizdə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıb və bu gün də bu müsbət meyillər davam edir. Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə digər dövlətlərə nümunə göstərilir. Müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin görüşü, milli təfəkkür və ideologiyalarının yaxınlaşması istiqamətində aparılan müzakirələr bilavasitə xalqlararası dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Belə təşəbbüsün reallaşması o deməkdir ki, bütün xalqların, bütün dinlərin bərabərliyi naminə daim yeritdiyi sülhsevər siyasətə sadiqliyini bildirən Azərbaycan doğrudan da milli və dini dözümlülüyün, tolerantlığın müdafiəsi siyasətinə sadiqdir. Sovetlərin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da, çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi dini dözümlülük ənənələrinin qorunması üçün də əsil sınağa çevrilmişdir. Belə bir dövrdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyacı artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan əhalisinin çoxminli tərkibi sərvətimizdir, üstünlüyümüzdür. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. Bütün vətəndaşlar milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Ümummilli lider eyni zamanda bu gerçəkliyi diqqətə çatdırırdı ki, dövlət, ölkə nə qədər xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

Azərbaycan bütün dövrlərdə dünyəvi dövlət kimi tanınıb, böyük nüfuz qazanıb

Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, hər bir dövlətin gücü iqtisadi qüdrəti ilə olduğu kimi milli və dini birlikləri ilə ölçülür. Bu gün ətrafında müxtəlif rəylər səslənən multikulturalizmin Azərbaycan təcrübəsi müsbət nəticələrini verməkdədir. Millətlərarası, dinlərarası münasibətlərin sağlam istiqamətdə inkişafında Azərbaycanın sadiq qaldığı dəyərlər həqiqətən öyrənilməyə və təbliğ olunmağa layiqdir. Ulu öndər Heydər Əliyevin «Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik» tezisinin davamı olaraq dövlət başçısı İlham Əliyevin söylədiyi «Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır» fikirləri ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təsdiqidir. Multikulturalizm meyillərinin gücləndirilməsi üçün səylərin birləşdirilməsi, birgə addımların atılması vacib şərt kimi diqqətə çatdırılır.

İqtisadi Forumların əbədilik mərkəzi hesab olunan Davos kimi Azərbaycan da Humanitar Forumların daimi məkanı adını qazanacaq

Belə Forumların təşkilində əsas məqsədlərdən biri də ortaya çıxan qlobal problemlərin səbəblərini araşdırmaq, sağlam düşüncə ilə təhlil aparmaq, dünyanın elmi, siyasi və ictimai gücünü həmin problemlərin həllinə yönəltməkdir. Prezident İlham Əliyevin çox əhatəli, bütün xalqları düşündürən, bu günün aktual məsələlərinə həsr olunmuş çıxışında həmin suallara cavab tapmaq mümkündür. Çünki müharibə şəraitində yaşamasına baxmayaraq Azərbaycanın iqtisadi və maliyyə böhranı illərində də dinamik inkişaf yolu ilə dünya birliyinə inteqrasiya etməsi təqdir olunmalıdır. Cənubi Qafqazda, MDB ölkələri arasında iqtisadi qüdrəti, intellekt səviyyəsi, təhsili, idmanı, səhiyyəsi ilə liderlik edən Azərbaycanın inkişaf strategiyasının öyrənilməsi və tətbiqinin vacibliyi qeyd olunur.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Forumun həmtəsisçilərinin Azərbaycan və Rusiya prezidentlərinin olduğunu nəzərə alsaq, bu tədbirlərin ənənəvi olaraq məhz Bakıda keçirilməsi də bir çox məqamlara aydınlıq gətirir. Forumda da bu əminlik ifadə edildi ki, İqtisadi Forumların əbədilik mərkəzi hesab olunan Davos kimi Azərbaycan da Humanitar Forumların daimi məkanı adını qazanacaq. Belə Forumları təcrübə mübadiləsi, fikir və rəylərin təhlili mərkəzi də adlandırmaq məqbul hesab olundu. Qərblə Şərq arasında körpü olan, artıq mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan Azərbaycanın belə təşəbbüsləri və onların gerçəkləşməsinə göstərdiyi səylər mühüm vəzifələrə xidmət edir. Bunlardan ən mühümü qloballaşan müasir dünyamızda qəbul olunan yeni ideologiyaların təbliği, problemlərin elmi, XXI əsrin çağırışlarına uyğun müasir texnologiyalardan istifadə eməklə aradan qaldırılmasıdır. Belə mühüm məsələlərin müzakirəsi üçün Azərbaycanın təşəbbüskarlığı yüksək dəyərləndirilir. Forumun əhəmiyyəti, eyni zamanda ölkəmiz haqqında söylənilən səmimi fikirlər bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda qürur hissi yaratmalıdır. Düzgün qurulan siyasətin fonunda biri-birindən əhəmiyyətli uğurları ilə diqqət çəkən, həmçinin müxtəlif mövzularda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın gələcəyinə inam böyükdür.

 Forumda əsas diqqət yönəldilən məsələlərdən biri də yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Dövlət başçısı İlham Əliyev dünyanın aparıcı təşkilatlarının münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etdiyini önə çəkərək, təəssüf hissi ilə qeyd etdi ki, bu sənədlərin icra mexanizmləri yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir. Bölgədə sülhün, əmin-amanlığın təmin olunması, iqtisadi inkişafın sürətləndirilməsi üçün Dağlıq Qarabağ probleminin tezliklə öz müsbət həllini tapması vacibdir. Bu da o halda mümkündür ki, dünya ikili siyasətə son qoyub, işğalçı Ermənistana beynəlxalq hüquq normalarına əməl etmədiyi üçün təzyiq göstərsin. Haqqın, ədalətin kimin tərəfində olduğu göz qabağındadır. Yalan təbliğat heç zaman inandırıcı və uzunömürlü ola biməz. Tarix faktlara əsaslanır. Bu kimi tədbirlərin keçirilməsinin Azərbaycan həqiqətlərinin təbliğində, Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında rolu böyükdür.

Bakıda belə möhtəşəm Forumun keçirilməsi bir daha subut etdi ki, Azərbaycan doğrudan da beynəlxalq tədbirlər üçün ideal məkandır

Forum iştirakçılarının Azərbaycan barədə təsəvvürlərinə diqqət yetirdikdə onların ölkəmizlə bağlı düşüncələri ilə reallıqlar arasında nə dərəcədə böyük fərqin olduğunun şahidinə çevrildik. Gerçəkliyi görmək, ona dəyər vermək sözsüz ki, düşüncələrdən fərqli olmalıdır. Əbəs yerə deyilmir ki, yüz eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində ölkədə aparılan quruculuq, abadlıq işləri, paytaxt və bölgələrimizin simasının dəyişməsi, insanların mehribanlığı, səmimiliyi, qonaqpərvərliyi, ən əsası Vətəninə, milli mənəvi dəyərlərimizə bağlılığı yüksək dəyərləndirildi. Latviyanın keçmiş prezidenti Valdis Zatlers Azərbaycanda yenidən olmağından məmnunluğunu ifadə edərək bildirmişdir ki, ümumiyyətlə, paytaxtla yanaşı, bölgələrlə tanışlığım zamanı bütün sahələrdə inkişafın şahidi oldum. Bu xalqın qonaqpərvərliyi və səmimiliyi məni valeh edir.

İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini bildirmişdir ki, Bakı tolerantlıq simvoludur. Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin rektoru, ispan ədəbiyyatı üzrə alim Çul Park Azərbaycanda ilk dəfə olduğunu qeyd edərək, ölkəmiz haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə bölüşəcəyini bildirmişdir.

Fransanın Strasburq Universitetinin professoru Eckhart Hötzel Bakını müasir və qədim tikililəri özündə birləşdirən gözəl bir şəhər kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, Forumun belə gözəl şəhərdə keçirilməsi təsadüfi deyil. Bakı sivilizasiyaların qovuşduğu məkandır. Rusiya Elmlər Akademiyasının Sibir filialının Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, professor Yuriy Popkov isə bildirmişdir ki, Azərbaycanda çox ciddi, düşünülmüş, sistemli daxili və xarici siyasət yürüdülür. Bakı Humanitar Forumu Azərbaycanın dünyaya daha yaxından təqdim olunmasında mühüm rol oynayacaq.

Türkiyə parlamentinin deputatı Sinan Oğanın da fikirləri maraqlıdır. O, bildirmişdir ki, forum Azərbaycanın beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu bir daha sübut etdi. Forum iştirakçıları Azərbaycanın mədəniyyət tarixinin qədimliyinin və zənginliyinin şahidi oldu. Bu baxımdan tədbirə qatılan nümayəndlərin hər biri Azərbaycanın könüllü elçiləri oldu.

Qonaqların Forum, eyni zamanda Azərbaycan barədə ümumi rəyi budur ki, zəngin milli təfəkkür və ideologiyaya mənsub hər bir xalqın inkişafı, həyat tərzi yüksək olmalıdır. Azərbaycan bu baxımdan nümunədir. Bu Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, milli mənəvi dəyərlərinə bağlılığından irəli gəlir.

Dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınan Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan xarici siyasətinin əsasında ölkələr arasında dostluq, mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi, milli maraqlarımızın təmin edilməsi dayanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu