Modern.az

Söyüşün qiyməti

Söyüşün qiyməti

10 Oktyabr 2012, 10:01

İşdi, evdən bayıra çıxsan, ətrafdakı qarmaqarışıq səslər içərisində öz yeri olan söyüşlərdən də azdan-çoxdan eşidəcəksən. O ki qaldı getdiyin və ya olduğun yer bazar və ya sərnişin dolu avtobus olsun. Ay aman, ay dad!

Söyüş də nə söyüş...

Söyən kəsin ürəyinə ən azından rahatlıq gətirən ifadələr və ağızdan çıxışda heç bir maneəyə rast gəlməyən sözlər toplusu...

Söyülən şəxsə tərəf atılmış iti bıçaq...

Belə bir deyim var, qulaq gündə bir söz eşitməsə kar olar. Məncə bu ifadəni zamanla ayaqlaşdırmaq, uzlaşdırmaq gərək. Yəni, belə:

Qulaq gündə bir söyüş eşitməsə kar olar...

Bəlkə belə deyil?

İnanmırsınızsa, ətrafınıza boylanın, diqqətlə baxın görək, tanıdığınız və ya tanımadığınız hansı gənc söyüş söymür? Fərqi yoxdu zarafatla, ya əsəbi şəkildə. Təbii ki, belə gənclər tək-tük...

Hətta iş o yerdədir ki, artıq söyüş söyməyənə pis baxılır. “Kişi söyüş söyər də!”- qətiyyətlə belə deyənlər heç də az deyil...

Bir də gördün iki qoca yayın qızmar istisində özləri kimi qoca bir ağacın altında nərd və ya domino çırpa-çırpa ağızlarının yüyənini sərbəst buraxırlar. Bayaq dediyim kimi söyüş də nə söyüş... Qocaların bir-iki gənc azarkeşi də olsa, vəssalam. Bir vur-çatlasın, bir qiyamət qopur ki, gəl görəsən...

Əsl utanıb yerə giriləsi vəziyyət...

Hələ namazla, ibadətlə məşğul olan bir şəxsin söyüş söyməsi daha dəhşət. Təsəvvür edin, söyüş söydüyü zaman hardansa azan səsi eşidilir və həmin bu şəxs də söyüşünü yarımçıq kəsib gedir namaz qılmağa, Allahın razılığını qazanmağa.

Yəqin ki, təsəvvür etdiz də... Necə mənzərəydi?

Söyüşün müasir zamandakı qiymətini soruşanlara cavabım:

Ucuzdan da ucuz...

Vaxtilə söyüşün birinin qiyməti bir qəpikdən olubsa, indi heç bir qəpik də deyil. Nəyin də qiyməti qalxsa, söyüşün qiyməti qalxmır ki qalxmır. Əksinə, getdikcə ucuzlaşır...

İcazə verirsinizsə sözümü sevgili Peyğəmbərimiz Hz. Muhəmməd Mustafanın (s.ə.s) bir hədisi ilə bitirmək istəyirəm. Peyğəmbər Əfəndimiz (s.ə.s) bir hədisində buyurur:

“Kim mənə iki çənəsi və ədəb yeri haqda söz və təminat verərsə, mən də ona Cənnət üçün zamin olaram.”

Burda “iki çənəsi” deyildikdə yəni ağızdan çıxan söz nəzərdə tutulur...

Kim Cənnətə getmək istəmir, əziz oxucular?                                                       

[email protected]

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?