Modern.az

“Sərnişinlərlə kobud davranan stüardessalar varsa, ayaqqabılarını çıxaran sərnişinlər də var...” - AZAL rəsmisi

“Sərnişinlərlə kobud davranan stüardessalar varsa, ayaqqabılarını çıxaran sərnişinlər də var...” - AZAL rəsmisi

10 Oktyabr 2012, 11:29

““Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləyən təyyarə bələdçiləri arasında belə hallar ola bilər. Amma qeyd edim ki, doğurdan da keyfiyyətsiz xidmət göstərən, sərnişinlə kobud rəftar edən olursa, Azəbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin prezidenti dərhal onu işindən azad edilməsilə bağlı sərəncam verir”.
Bu sözləri Modern.az-a açıqlamasında AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.

Son vaxtlar AZAL sərnişinlərindən onlara xidmət göstərən təyyarə bələdçilərindən narazılıqlar edənlər artıb. Bildirilir ki, stüardessalar sərnişinlərə qarşı kobud rəftar etdir, gülümsəmək əvəzinə, istehza ilə yanaşırlar.

Modern.az-a daxil olan narazılıqları şərh edərkən M. Səfərli qeyd edib:  “Təyyarədə telefonla danışmağın, siqaret çəkməyin qadağan edilməsinə baxmayaraq, sərnişinlər bildiklərini edirlər. Və ya ayaqqabılarını çıxarıb ayaqlarını öndəki oturacağın arxasına dirəyir. Belə ipə-sapa yatmayan sərnişinlər olduqda onları hava limanında polis qarşılayır və həmin şəxslər bizim “qara siyahı”mıza düşür. 6 ay və ya bir il müddətində bizim şirkətin xidmətindən istifadə edə bilmirlər”.

M. Səfərli bildirib ki, hazırda onların “qara siyahı”sında 75 sərnişinin adı var. O həmçinin vurğulayıb ki, təyyarə bələdçiləri müsabiqə ilə seçilir. “Namizədlər 18-23 yaş arasında olmalı, boyu 165 sm-dən az olmamalı və ingilis, rus, Azərbaycan dillərini sərbəst bilməlidir. Ən başlıcası, xarici görünüşü xoşagəlimli, gülərüz, mehriban qızlara təyyarə bələdçiliyi müsabiqəsində üstünlük veririk. Hazırda bizdə 240-a yaxın təyyarə bələdçisi çalışır”.

Xidmət rəisi bildirib ki, müsabiqədən keçən qızlar Milli Aviasiya Akademiyasında 3 ay xidməti kurslarda iştirak edirlər. “Bundan sonra təyyarənin mətbəxi ilə tanış olurlar və daha sonra yerüstü xidmətin bəzi sirlərini öyrənirlər. Tam hazır olandan sonra isə onlar işləməyə başlayırlar”.

M.Səfərli qeyd edib ki, son bir ilə kimi təyyarə bələdçilərini kurs keçmələri üçün Londona göndərirdilər.
“Amma Milli Aviasiya Akademiyası yaranandan sonra onlar kursları burada keçirlər. Çünki bizim Milli Aviasiya Akademiyası beynəlxalq standartlara və İCAO-nun tələblərinə yüksək səviyyədə cavab verir və o baxımdan  bələdçilərin başqa şəhərlərə gedib kurs keçmələrinə ehtiyac qalmır”.  

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar