Modern.az

Ağa Laçınlının ailəsi komitə sədrinə müraciət etdi

Ağa Laçınlının ailəsi komitə sədrinə müraciət etdi

Təhsil

10 Oktyabr 2012, 13:38

Mərhum şair Ağa Laçınlının ailəsi zəbt olunmuş torpaq sahəsinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova yenidən müraciət edib. Müraciətdə ailənin 11 sentyabr müraciətinə mahiyyəti üzrə cavab verilmədiyi bildirilir, qeyd olunur ki, həmin cavabda komitə mütəxəssisinin sentyabrın 25-də Badamdarda ailəyə məxsus sahənin peyk koordinatlarını göstərdiyi gizlədilib. Bunun qanunvericiliyə zidd olduğu, ailənin müraciətinin hələ də baxılmamış qaldığı Qərib Məmmədovun diqqətinə çatdırılır və komitə sədrindən müraciətə qanuna müvafiq qaydada cavab verilməsini təmin etmək xahiş olunur.

Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub. 2011-ci ildə sabiq icra başçısı və qardaşı Zülfüqar Məmmədov zəbt etdikləri əraziyə daş hasar çəkdiriblər.

2012-ci il sentyabr ayının 11-də Ağa Laçınlının ailə üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət ediblər. Sentyabrın 25-də həmin müraciətə uyğun olaraq Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edib dəqiq göstərmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi Badamdar qəsəbəsinə gəlib. Koordinatların peyk vasitəsilə yerində müəyyən edilməsi prosesində “Azərbaycan”, “525-ci qəzet”, “Yeni Müsavat”, “Bizim Yol” qəzetlərinin, eyni zamanda “Modern.az” və “Mediaforum.az” saytlarının əməkdaşları da iştirak ediblər.

Yerində təftiş prosesi zamanı aydınlaşıb ki, sabiq icra başçısı Rüstəm Məmmədovun və onun qardaşı Zülfüqar Məmmədovun çəkdirdiyi daş hasarın 8 metr 50 santimetr hissəsi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinə keçir. Məlum olub ki, 2012-ci ilin sentyabr ayının əvvəllərində, məsələ mediada işıqlandırılandan sonra bu hasarın 2 metrə yaxın hissəsi sökülüb. Hasarın 6 metr yarımdan çox hissəsi isə hələ də Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsini zəbt etməkdədir. Sentyabrın 25-də jurnalistlərin, hal şahidi Əfqan Həsənovun və Ağa Laçınlının ailəsinin nümayəndəsi Vüqar Tahirzadənin iştirakı ilə yerində akt tərtib olunub. İştirakçılar imzaladıqları aktla mərhum şairin ailəsinə məxsus torpaq sahəsinin zəbtinin davam etdiyini, sabiq icra başçısının çəkdirdiyi daş hasarın hazırda 6,5 metr hissəsinin şairin ailəsinə məxsus torpaq sahəsinə keçdiyini təsdiqləyiblər.

Lakin sonradan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov və Bakı Regional Kadastr Mərkəzinin rəhbəri Elçin Məhərrəmli Ağa Laçınlının ailəsinin müraciətinə mahiyyəti üzrə cavab verməyiblər. Nazim İsmayılov və Elçin Məhərrəmli sentyabrın 25-də şairin ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerində göstərilməsi və aşkar olunmuş qanunsuz zəbt faktını gizlədiblər. Mərhum şairin ailəsinin dövlət komitəsinin sədri Qərib Məmmədova təkrar müraciəti də bununla bağlıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir