Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media

11 Fevral 2010, 10:00

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Azadlıq” qəzetinin müxbiri Natiq Güləhmədoğlu, eks-jurnalist Firudin Qədiroğlu, “Yeni Müsavat” qəzetinin müxbiri Samir Kazımlı və “Bütöv Azərbaycan” qəzetinin əməkdaşı İlham Məmmədli danışır. Natiq Güləhmədoğlu, “Azadlıq” qəzetinin müxbiri

 

“Hamı “hesabı filankəs verər” düşüncəsiylə, stola əyləşibmiş”

 

- Bir dəfə “Araz” kafesinin yanından keçirdim. Gördüm ki, üç jurnalst dostum və iki ictimai fəal oturub çay içirlər. Məni də dəvət etdilər. Biz qlobal istiləşmədən tutmuş, Fateh Akının filmlərinə qədər çoxşaxəli mövzulardan ağır-ağır söhbət etdik. Axırda qalxanda bəlli oldu ki, ağır söhbət edən dörd jurnalistin 2 çaynik çayın pulunu (10 manat) verməyə imkanı yoxdur. Sən demə, hamı “hesabı filankəs verər” düşüncəsiylə, stola əyləşibmiş. Bu miskin durumumuzla ağır mövzuların altına çiyin verdiyimizə doyunca özümüz güldük.

 

“Rəhmətlik doğrudan da ölübmüş”

- Bir dəfə köşə yazımın bir yerində bir nəfərin adını çəkmişdim. Həmin o şəxsi axırıncı dəfə görəndə çox yaşlanmışdı. Ona görə etik olması üçün o adamın adından sonra mötərizə açıb redaktor üçün qeyd yazdım ki,  “dəqiqləşdirin, bu xanım ölübsə, onun adının qabağına rəhmətlik yazın”. Həmin yazını evdən internetlə yolladığımdan, qeydi mətnin içində yazmağa məcbur idim. Təsəvvür edin ki, redaktor bu qeydi mənim üslubum kimi qarşılayıb və çapa eynən eləcə verib. Ən pisi odur ki, həmin xanım doğrudan da vəfat edibmiş...Düşdüyüm vəziyyəti anlayırsız yəqin...

 

Yazıçı İsa Hüseynovun oxşarı

- Bir dəfə qəzetlərdə yazıçı İsa Hüseynovun müsahibəsi çıxmışdı. İsa müəllim cəmiyyətdə ədəbiyyata marağın itməsindən, eləcə də qocalıqdan danışıb və qulaqlarının zəif eşitdiyini demişdi. Həmin gün gənc jurnalist dostum Turxan Qarışqa ilə reportajdan gəlirdik. İqtisad Universitetinin qarşısında bir də gördüm ki, İsa müəllim ağır-ağır gəlir. Dedim ki, “Turxan bu qarşıdan gələn kişini tanıyırsan?” Həmkarım “yox” dedi. Ürəyim ağırıdı və ona dedim: “Əgər sən jurnalist ola-ola onu tanımırsansa, onda bu cahil adamlar hardan tanısın?! Populyarlığın itməsi nə ağır şey imiş, Turxan! Bu adam Azərbaycanın ən istedadlı yazarıdır. Neçə romanına da film çəkilib”.

Turxan həyəcanla soruşdu: “Kimdir axı o?”

Dedim  “İsa Hüseynov”. Qərara gəldik ki, yaxınlaşıb ondan hal-əhval tutaq, könlü şad olsun. Belə də etdik. Qulaq söhbətini müsahibədən oxuduğumdan az qala bağırdım: “Xoş gördük İsa müəllim. Necəsiniz? Sizi salamlamaq biz gənclər üçün qürurvericidir”.

- Salam gənclər.

- İsa müəllim, müsahibənizi oxudum bu gün qəzetdə, yeri gəlmişkən, ad gününüz də mübarək.

- Çox sağ olun, çox sağ olun.

- Bir az səhhətinizdən gileylənmisiniz, Allah şəfa versin.

- Qocalıqdır da, olan şeydir.

- İsa müəllim, icazə versəydiniz, sizin kimi görkəmli yazıçımızla bir xatirə şəkili çəkdirərdik.

- Buyurun, buyurun, xoş olardı.

Bundan sonra Turxan fotoaparatını çıxardı, əvvəlcə bizim ikimizin şəkilini çəkdi. İsa müəllim Turxana “gəl sənlə də çəkdirək” dedi və yoldan keçən bir nəfərdən xahiş etdi ki, fotoaparatı alıb bizim üçlükdə şəklimizi çəksin. İsa müəllimin gözlərindən fərəh saçırdı, mən onu daha da qürurlandırmaq üçün yenidən bağırdım: “İsa müəllim, o gənc əgər bilsə ki, necə bir adam ondan şəkilini çəkməyi xahiş edib, yəqin ki, ölənə qədər bununla fəxr edər”.

İsa müəllim başını təsdiq əlaməti olaraq, bir neçə dəfə endirib “hə, hə” dedi və biz xudahafizləşib aralandıq. Redaksiyaya (o vaxt “Bizim yol” qəzetində işləyirdim) böyük təəssüratla qayıdıb, az qala şok hadisəni yoldaşlarla bölüşdüm. Hamı “başına gələnləri yaz, yaz” deyib təkid etdi. İsa Hüseynov sevdiyim yazıçı olduğundan düşündüm: “Hə də, ad günü də yenicə olub, görüşümüzü də işıqlandıraram, bu da mənim hədiyyəm olar”. Bu vaxt jurnalist Natiq Cavadlı İsa müəllimlə çəkdirdiyimiz şəkillərə baxmaq istədi. Həvəslə aparatdakı şəkilləri ona göstərdim.  Natiqi tok vurdu: “Ala, bu İsa Hüseynov deyil eee. Dəli olubsan?”

- Əə zırramanın yekəsi özünsən, bəs kimdir ki? Kişiylə bir dastanlıq söhbət də etmişik...

- Ay qardaş bu ...filankəsdir, məşhur jurnalist filankəs xanımın atasıdır.

- Ola bilməz...

- Gəl mərc gələk.

Mərc gəlmədik, amma optimal bir yol tapdıq. Bir gün əvvəl İsa Hüseynovdan müsahibə götürən jurnalist xanım Laura Cəbrayıllı ilə əlaqə saxladıq. O, bir gün əvvəl çəkdiyi şəkillərin internetdəki yerini dedi.  Dəhşət!!! Oxşarlıq 92 faiz. Natiq Cavadlıya bir “sağ ol” deyib, böyük yazıçı haqqında yaranan xatirəmi elə həmən dəfn etdim. Doğrudan da biz yanılmışdıq, qarşımıza çıxan şəxs İsa Hüseynov deyilmiş, onun oxşarı imiş...

Firudin Qədiroğlu, eks-jurnalist

“Reytinq”də zarafat - “Reytinq” qəzetində işlədiyimiz zamanlar idi. Qəzetin baş redaktoru Xalid Kazımlı idi. Seymur Verdizadə bizlə işləyirdi. Bir dəfə Seymur hakimiyyətdə təmsil olunan məşhur bir şəxs haqqında tənqidi köşə yazısı yazmışdı. Həmin vaxt “Yeni Müsavat”ın əməkdaşı Kamil Tağısoyu da döymüşdülər. Mən Xalid bəyin yanına gedib Seymurla bağlı bir plan qurduğumu dedim. Baş redaktor razılıq verdi. Elə onun yanından telefonla müxbirlərin otağına zəng edib Seymuru istədim. Telefonun dəstəyini götürən kimi başladım ki, sənin başına oyun açacağıq, o nədir ağzına gələni yazırsan və s. Bildirdim ki, hazır olsun, 15 dəqiqəyə redaksiyada olacağıq... Üstündən 1 dəqiqə keçməmiş Seymur hövlank Xalid bəyin otağına daxil oldu. Dedi ki, onu öldürəcəklər. Baş redaktor dedi ki, “Seymur redaksiyadan qaç get”. Mən bildirdim ki, hara qaçsın, bayıra çıxsa, tutacaqlar, yaxşısı budur, gəlin onu redaksiyada etibarlı bir yerdə gizlədək. Qərara aldıq ki, Seymuru hamamda gizləyək, O da qaçıb bir xeyli hamamda gizləndi. Amma redaksiyaya gələn olmadığından, bir qədər sonra ona xəbər verdik ki, daha gizlənməsin...

Məsələnin üstündən 2 ay keçəndən sonra Seymura hadisəni olduğu kimi danışdıq. Bizimlə bir müddət küsülü qaldı.

 

Müxbir necə ilim-ilim itdi?

- “Mərkəz” qəzetində işləyirdik. Bir gün redaksiyamıza Elməddin adlı təzə bir işçi gəldi. Öyrəndik ki, yeni həmkarımız müsavatçıdır. Müsavat Partiyasından gələn fakslarla hamımızın canını boğaza yığmışdı. Telefonu saatlarla “zanit” edirdi. Fakslardan köçürdüyünü qəzetə verməsələr də, o, öz işindəydi. Bir gün ona dedik ki, “hakimiyyətyönümlü qəzetdə müxalifət partiyasından fakslar alırsan, səni tutacaqlar, partiyadan çıx”. Razı olmadı. Bir dəfə yenə Müsavatdan Elməddinə uzun bir faks göndərilimişdi. Hirs vurdu başımıza, faksı yandırdıq. Bir azdan Elməddin gəlib çıxıdı. Biz də yalandan dedik ki, elə indicə filan nazirlikdən redaksiyaya mülki geyimli adamlar gəlmişdi, onu axtarırlar. Ardınca da söylədik ki, “qaçıb canını qurtarmasan, bu dəfə yəqin səni tutacaqlar”. Elməddin redaksiyadan elə qaçdı ki, o gündən bu günə onu mətbuatda görmədik.  İndi də haradadır xəbərimiz yoxdur...

Samir Kazımlı, “Yeni Müsavat” qəzetinin müxbiri

 “Əə bayram vaxtı mənim ağzımı açdırma daa..”

 

- “Trend” İnformasiya Agentliyində işləyirdim. Orucluq bayramına bir gün qalmışdı. İş yoldaşım Azər Hüseynbala ilə evə gedirdik. Metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına çatanda gördük ki, baş nazirin müavini Abid Şərifovla Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metronun qarşısında dayanıb, stansiyada aparılan təmir işləri ilə maraqlanırlar. Azərə dedim ki, yaxınlaşıb onlardan açıqlama alaq. Azər dedi ki, onların ikisi də jurnalistlərə qarşı kobud və qapalı adamdırlar. Bir sözlə, Azər köhnə jurnalist kimi onlara yaxınlaşıb sual verməyimi məsləhət görmədi. Amma mən təkid elədim ki, yaxınlaşıb onlardan açıqlama alacam. Azər isə “barı ikisi bir yerdə olanda yaxınlaşma” deyərək çıxıb getdi. Abid Şərifov maşına minib getdi. Tağı Əhmədov isə dayanıb stansiyanın binasına baxırdı. Ona yaxınlaşdım. - Salam Tağı müəllim bayramınız mübarək. 

- Nə bayramı?

- Orucluq bayramını deyirəm. -

Həəə, sözünü de.

- Mən jurnalistəm, sizə sualım var.

- Əə get işinlə məşğul ol... -

Tağı müəllim jurnalistin işi sual verməkdir.

- Əə bayram vaxtı mənim ağzımı açdırma daa...

Bundan sonra bir daha Azərin qocaman jurnalist olduğuna əmin olub sakitcə Tağı Əhmədovun yanından aralandım.

 

“Rəis bölməyə agent gəlib”

 

- APA-da işləyəndə kriminal hadisələrlə bağlı tez-tez polis idarələriylə əlaqə saxlayırdım. Bir gün növbəti hadisə ilə bağlı polis bölmələrinin birinin rəisinə zəng vurub, məlumatı dəqiqləşdirmək istədim. Rəis ancaq üzbəüz görüşəndən sonra məlumat verə biləcəyini dedi. Boş vaxt tapan kimi həmin bölməyə getdim. Bölməyə daxil olanda növbətçi hissədə olan yaşlı polis əməkdaşı “kim lazımdır?-deyə soruşdu. Ona yaxınlaşıb APA-nın əməkdaşı olduğumu və rəislə görüşə gəldiyimi dedim. Polis üzümə baxıb “sən futbolçusan? AFFA-dan gəlmisən?”-deyə soruşdu. Ona futbolçu olmadığımı deməklə yanaşı, Azəri Press Agentliyinin əməkdaşı olduğumu söylədim. Növbətçi polis yenə bir şey başa düşmədi, bir az mənə baxıb, “sən agentsən?”-deyə soruşdu. Gördüm ki, onu başa sala bilməyəcəm dedim ki, “hə mən agentəm”. O, bunu eşidən kimi həyəcanlı vəziyyətdə tez telefonu götürüb, rəisə zəng edərək “rəis bölməyə agent gəlib” dedi.

İlham Məmmədli, “Bütöv Azərbaycan” qəzetinin əməkdaşı

Əlisəfanın ayaqqabıları     

- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuduğumuz vaxtlar idi. Bir gün dərsin şirin yerində tələbə yoldaşımız Ələsgər (sonralar bir müddət jurnalist işləyib) müəllimdən icazə alıb dərsdən çıxdı. Üstündən 5 dəqiqə keçməmiş başqa tələbə yoldaşımız Əlisəfa Mehdiyev (“Dinc Dünya” Araşdırma Mərkəzinin sədri) qəfildən ayağa qalxaraq icazəsiz dərs otağından bayıra qaçdı. Açığı nə olduğunu anlamadıq. Müəllim qarışıq hamımız fikirləşdik ki, Əlisəfaya nəsə olub. Tez hamımız onun arxasınca yüyürdük çölə ki, görək nə baş verib. Gördük ki, Əlisəfa əlinə bir daş götürüb universitetin həyətində Ələsgərin dalına düşüb qovur. Əlisəfanın ayağında ayaqqabı yox idi.

Bizə aydın oldu ki, dərs zamanı Əlisəfa ayaqqabısını çıxarıbmış. Ondan arxada əyləşən Ələsgər bunu görəndə əyilib yavaşca Əlisəfanın ayaqqabılarını sellofan torbaya qoyub, sonrada müəllimdən icazə alaraq aradan çıxıb. Əlisəfa da azca sonra ayılıb ki, Ələsəgər ayaqqabıları çırpışdırıb, o da ayaqyalın onun ardınca qaçmışdı. Onların bayırdakı halını görəndə gülməkdən uğunub getdik... Hazırladı Günay MUSAYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir