Modern.az

Abbasqulu ağanın kəndi... (fotosessiya)

Abbasqulu ağanın kəndi...  (fotosessiya)

11 Fevral 2010, 12:55

“Bakı kəndləri” silsiləsindən növbəti yazımız Bakının qədim kəndlərindən sayılan Əmircan barədədir. Sahəsi 2,6 min kvadrat km, əhalisi 30 min olan bu kəndlə bağlı xeyli rəvayətlər var. Əmircan kəndi barədə daha geniş məlumat öyrənmək və əhalinin problemlərilə tanış olmaq üçün yolumuzu buradan saldıq. Əmircanın tarixi

Öncə bu yaşayış məntəqisinin tarixinə qısaca nəzər salaq. Əmircan Bakının qədim kəndlərindən sayılır. Sahəsi 2,6 min kvadrat km, əhalisi 30 min olan bu kənd Abşeron yarımadasının cənub-qərb hissəsində yerləşir. Kəndin ən qədim adı Xilə olub, sonradan isə dəyişdirilib Əmircan qoyublar. Rəvayətlərə görə, çox qədim zamanlarda burada Hillə qəbiləsi yaşayıb (bəz mənbələrdə onlara Xilə tayfaları deyilir), kəndin əvvəlki adı da buradan götürülərək Xilə adlandırılıb. Tarixçi Sara Aşurbəyli  “Şirvanşahlar dövləti” kitabında Xilənin qədim adının yaranması haqqında belə bir məlumat verir: “On üç əsr ərzində dəyişikliyə uğramadan dövrümüzədək qalmış Xilə adının tarixi Azərbaycanın ərəblər tərəfindən istilasına gedib çıxır. İraqda müstəqil əmirliyə malik olduqları Hillədən buraya köçüb gəlmiş rəbiə tayfaları kompakt halda Bərdədə, Şamaxıda və Şirvanın digər yerlərində məskən salıblar. Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılııb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və sonradan türklərlə qaynayıb qarışmış ərəblər məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri deyildilər. Abşerondakı Xilənin qədim əhalisi haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən arxeoloji tapıntılar xəbər verir”. Azərbaycanın bir çox ərazilərində Xilə kəndləri var. İndiki Əmircan sakini, tarixçi Fəridə Bünyadova bunlar arasında Abşerondakı Xilə kəndinin daha qədim olduğunu deyir: “Bu kəndlərdə nə qədər arxeoloji qazıntılar aparılıb deyə bilmərəm, lakin eramızıdan əvvəl V əsrə aid tapılmış kişi büstü əsas verir ki, Abşerondakı Xilə kəndi digər bölgələrimizdəki Xilələrdən ən qədimidir”. A.Bakıxanov "Gülüstani-İrəm" əsərində öz doğma kəndinin adını "Əmir Hacan" yazıb. Tədqiqatçılar bu fikrə istinad edərək Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin edilənə "Əmir hac" deyilişini kəndin adına şamil ediblər.  Kəndin ikinci qədim adı olan “Əmir hac” ərəb sözü olub, tərcüməsi “Hacılar əmiri” deməkdir. Əmir sözünün lüğəti mənası “böyük, başçı, bəy” deməkdir. Xilə kəndinin ərəb xilafəti zamanı sahibi, böyük mülkədar Əmir Nizamətdin XIV əsrdə Bakı mahalında çox məşhur və hörmətli şəxs olub. XVIII əsrdə Əmircandan keçən karvan yolu Bakının mərkəzi yollarından biri olub. Bakıya gələnlərin hamısı Əmircandan keçiblər.

Qədim tikililər

Bakının digər kəndləri kimi Əmircan da öz qədim yerləri ilə məşhurdur. Üləmaların, ruhanilərin, məşhur söz-sənət ustalarının ana yurdu sayılan Əmircan öz abidələri, məscid və minarələri ilə də tanınır. Kənddə olarkən bələdçimiz belə yerlərlə bizi tanış etdi. Kənddə qədim məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb: “Bu məscidi Əmir Nizamətdin - “Əmir həc” böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu tikdirib”. Görkəmli yazıçı və diplomat Abbasqulu ağa Bakıxanov və onunun atası, babası Əmircanda Nizamətdin mülkündə yaşayıblar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik evlər indi də qalmaqdadır. Nizamətdin məscidinin yanında Abbasqulu ağa Bakıxanovun yaşadığı mülkün bir hissəsi qalır. XVII-XVIII əsrlərdə kənddə bir neçə məscid tikilib. Bunlardan Binyətdilər məscidini göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və məscid onların nəslinin adı ilə adlandırılıb. Bu məscidlər dövlət tərəfindən mədəniyyət abidəsi kimi qorunur. 1908-ci ildə milyonçu Murtuza Muxtarovun vəsaiti hesabına kənddə başqa bir məscid inşa olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid  “Göyçək pir”i və “ Əmir-həc mavzoleyi” də tarixi abidə kimi mühafizə olunur. Əmircanın qədim tikililərindən danışarkən ovdanlardan da söz açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz sularını toplamaq üçün qədimlərdə tikilən su təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var. Əmircanın şərq hissəsində qədimdə içində kəhrizlər olan ovdanlar olub. Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu ovdana “Bakirə qız ovdanı” deyirlər. Rəvayətə görə qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının xatirəsini əbədiləşdirmək üçün birinci dəfə görüşdükləri və ona su verdiyi yerdə ovdan tikdirib. Kənddə bir neçə bulaq var. Bu bulaqların bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur. Bulaqların müalicəvi əhəmiyyəti də var. Əmircanda “Qızlar hamamı” və “Məşədi Xəlil hamamı” vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə indiki Bakıxanov küçəsində kükürdlü isti su çıxırmış. Burada “Qızlar hamamı” tikilib. İndi də hamamın xarabalıqları qalmaqdadır. Su isə tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət göstərir. Əmircanın Suraxanı küçəsindəki həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX-XX əsrin əvvəllərində salınmış neft mədənlərinə və sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış. Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə karvan və araba yolu qədim tarixin izi olaraq bu gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu Abşeron yarımadasının ortasından salıblar. Bu yol Pirallahıdan Bakıya qədər XIX əsrə qədər yeganə yol olub. Əmircan kəndinin hər məhəlləsində bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında kənddə buxar maşını ilə işləyən dəyirman varmış. 1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb. Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının altında bir mağara var. Buraya 200-dən çox adam sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə Bakıya soxulanda öz banditlərilə bir müddət həmin mağarada saxlanıb. Sonradan bu yer uzun illər onun adı ilə bağlı olub. Kəndin ərazisində 15-ə yaxın qədim qəbirstanlıq var. 1932-ci ildə kəndin mərkəzində qədim bir qəbirstanlıq sökülüb. Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst mərtəbəsində islamaqədər dövrdə basdırılan insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan insanların qalıqları olub. Lap alt qatlarda bir qəbirdə iki sklet aşkarlanıb. Bütün bunlar Əmircanda bizim eradan çox-çox əvvəldən yaşayış olduğunu deməyə əsas verir.

Od məbədi Qədim Əmircanda atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan ərazisindəki Atəşgah dağıdılıb.  İrandan qovulmuş atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdılıb. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. Tarixçi Fəridə Bünyadova deyir ki, məbədin adı bir neçə dəfə dəyişikliyə uğrayıb: “Məbəd Atəşhun, Atəşqədə və Atəşgah kimi adlandırılıb. Xiləlilər Atəşgaha əvvəldən müqəddəs yer kimi baxıblar. Bu baxımdan Atəşgah atəşpərəstlərin Məkkəsi adlandırıla bilər. El arasında indi də qədim atəşpərəstliyin, oda meyl etmə adətlərinin bəziləri qalıb. Məsələn, Novruz bayramında tonqal yandırıb yeni ili qarşılayar, toy zamanı bəy və gəlinin yanında şam yandırarlar və s.”. Atəşgah vaxtilə zəvvarlara xidmət üçün istifadə edilən 24 hücrədən və bir otaqdan ibarətdir. Hücrələrin girişi üzərində hind dilində kitabələr həkk olunub. İyirmi belə kitabədən biri farscadır. Məbədə şimal-şərq tərəfdən yaxınlığında, hazırda tamamilə daşla doldurulmuş dördkünc çala var. Vaxtilə burada ölmüş hindlilərin cəsədləri "müqəddəs od"da yandırılırmış. Cənub-şərq tərəfdə isə yenə də daşla doldurulmuş su quyusu var. Atəşgah səyyahların, yazıçıların, rəssamların, alimlərin nəzər-diqqətini xüsusilə cəlb edib. Möcüzəni görmək üçün atəşgaha Mendeleyev, Vereşşaqin, Düma kimi məşhur şəxsiyyətlər gəlib. Aleksandr Düma Atəşgahda gördüklərini belə qələmə alıb: “Bakıda atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun çoxu dəniz qırağı ilə uzanırdı. İki saatlıq yoldan sonra mənzil başına çaıb təpəliyə qalxdıqda qarşıda təsəvvürə gəlməyən bir mənzərə açılırdı. Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili və xırdalı ocaqlar ovuc içi kimi görünürdü. Külək əsdikcə alovun zolaqları, dilləri qaynayır, dalğalar kimi şahə qalxırdı. Binanın içəri tərəfində dövrələmə düzəldilmiş, ocaqlardan şölələnən qaz nəhəng məşələ bənzəyirdi. Atəşpərəstləri iki min ildən çoxdur ki, təqib edirlər. Bu axırıncı ocaq idi ki, qorunub saxlanılır”. 1826-cı ildə Hacı Zeynalabdin Şirvani Bakıda olarkən bu Atəşgahda haqda yazıb: “Atəşpərəstlərin əsas ayinləri Atəşgahda həyata keçirilərkən odu yanar halda saxlamışlar və ayinləri yerinə yetirirmişlər. Əgər bir şəxs atəşi yandırmaq istəsə, oda yaxın yeri bir az qazaraq kənardan torpağa alovu yaxınlaşdırır və od dərhal yanırdı, söndürmək istədikdə odun üstünə bir qədər torpaq töküb söndürürdülər”. Fransa səyyahı və missioneri Villot 1689-cu ildə “Atəşgah”da olub və bu haqda yazıb: ”Atəşgahın odu on müxtəlif dəlikdən püskürən vulkana bənzəyir”. Hindistan prezidenti İndira Qandi və Norveçin görkəmli səyyahı, tarixçisi Tur Heyerdal da burada  olub.  Atəşgah indi də Azərbaycan xalqının simvolu kimi qorunub, saxlanılır.

  Məşğuliyyət və adət-ənənə

Abşeron yarımadasının bu ərazisinin də təbiəti kasıbdır. Meşəlik, heyvanat və quşlar aləmi baxımından. Əmircan ərazisində ən qədimdə vəhşi heyvanlar olub. Neft quyuları qazılarkən çox dərin qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb. Burada mağara şiri, mağara ayısı, kərkədan, canavar, tülkü, at, öküz, dəvə və maral sümüklərindən ibarət bütöv bir qəbirstanlıq aşkar edilib. Bu qədər böyük sümük yığını qədimdə burada ehtimal ki, göl olduğunu və müxtəlif heyvanların su içmək üçün buraya gəldiyini göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və göy gilabı çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər əhalisi ağ və göy gilabdan sabun yerinə paltar, palaz, xalçə yumaq üçün istifadə edirmiş. 1935-ci ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura böyük gölə çevrilib.  XX əsrin əvvəllərinə qədər bu göldən məişətdə istifadə edilən duz yığırmışlar. Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan daha istifadə etməyiblər. Əmircanda əhali həmişə təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat işləri görülərkən, quyular qazılan zaman çoxlu qədim məişət əşyaları, sümüklər, küplər, zinyət əşyaları, pullar, silahlar hətta heykəllər də tapılıb. Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud olub. Kəndin varlı nəsillərindən olan Hacı Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin yerləri olub. Kənddə suvarma sistemi olmadığı üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış. Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s. meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib. Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq Əmircanın əkin yerlərində neft mədənləri salmağa başlayıblar. Ancaq hazırda qismən də olsa kənddə təsərrüfatla məşğul olanlar var.

Deyilənə görə kəndin varlı adamları Hacı Hacıbaba və Hacı Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar. Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar var. Burada toxucular, papaqçılar, dulusçular, dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları “Xilə Buta” və “Xilə əfşan” dünyanın hər yerində məşhurdur və dünyanın bir çox muzeylərində saxlanılır (Məsələn, Moskva Dövlət Tarix Muzeyində). Əmircan oz qutablari ilə də çox məşhurdur (Xilə qutabı).

XIX əsrin axırı XX əsrin əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri Əmircanın mərkəzində “Meydan yeri” idi. Bu, gündəlik bazar idi. Bu bazarda ərzaq malları, göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş. İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı küçəsində yerləşən “Həftə bazar” idi. Bu bazarda həftədə bir gün böyük alver olurmiuş. İndi də bu bazar Bakının yeddi kəndini birləşdirən bazar olaraq qalır.  Kənd sakinlərinin sözlərinə görə Əmircanda adət-ənənə Bakının digər kəndlərində olduğu kimidir. Əmircan sakini Fəridə xanım deyir ki, kənddə əvvəllər to-düyün mağarda keçirilirmiş: “Əmircan toylarında Seyid Şuşiniski, İslam Rzayev, Rübabə Muradova iştirak edib. Ancaq indi kənddə 4 şadlıq evi var. Gənclər də toylarını daha çox saraya etməyə üstünlük verirlər”.

“Xozeyinlər” məskəni

XIX əsrin sonları XX əsrin əvvəllərində Abşeronda Əmircan “xozeyinlər” kəndi kimi məşhur olub.  Neftçıxarmada işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi daim ağ nefti ilə tanınıb. O dövrdə yerli sahibkar Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft zavodu tikdirib. Beləliklə, kənd əhalisinin həyatında dəyişikliklər əmələ gəlib. Neft quyuları qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar emalatxanaları meydana gəlir, buxarxanalar, yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu, həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov kimi varlı adamlar meydana gəlmişdi. Neftçıxarma sahəsində dərinlik nasoslarının tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən məlumdur. Həmin dövrdə Abşeronun bütün kəndlərində Əmircanın qocaman neft ustaları böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu, Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu, Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft zavodu tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu olan qazanlar quraşdırılıb. Neft sənayesinin inkişafı ilə əlaqədar kəndin kənarında Hümbət adlı sahibkarın mədən avadanlığı, alətlər və onları təmir edən emalatxanası olub. Həmin emalatxana 1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik-zavod məktəbinə çevrilib. Hazırda orada geofizika zavodu fəaliyyət göstərir.

Məşhur şəxsləri

Əmircan kəndi hər zaman ziyalılar kəndi kimi tanınıb. Kəndin yaşlı sakinlərinin sözlərinə görə, hər bir ailənin təhsilli üzvü var. Kəndin akademik, rəssam, yazıçı, şair, həkim, bəstəkar, idmançı və başqa sənət sahibləri olub, indi də var. Məmmədpaşa Quluzadə, İsrafil Quluzadə, Abbasqulu ağa Bakıxanov, Səttar Bəhlulzadə, Cavad Hacıbəbirov, Zakir Bayramov, Tofiq Bakıxanov, Ziba Ələsgərova, Aydın Musayev, Yusif Kərimov, Əlibala Hüseynov, Ələkbər Muradov kimi məşhurlar Əmircanda doğulublar. Həmçinin məşhur milyonçular Şəmsi Əsədullayev və Murtuza Muxtarov da Əmircanda yaşayıblar. Bu günü...

Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, stadion, Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Kənd sakinləri ilə söhbətimiz zamanı məlum oldu ki, əmircanlıların da bir sıra problemləri qalmaqdadır. Sakinlərin qaz, işıq, su, kanalizasiyadan şikayətləri az olsa da, iş yerlərinin olmamasaından narazılıq edirlər. Elə Hicran müəllimənin də şikayəti işsizliklə bağlı idi: “İşləmək üçün şəhərə getməli oluram. Nəqliyyat baha, aldığım maaş da çox azdır. Çox istərdik bizim kənddə də iş yerləri açılsın. Bundan başqa, kənddə gözəllik salonları, internet klubları, mağazaların sayı da azdır”. Zavod və qarajların həyətlərində məskunlaşmış qaçqınların şikayəti isə yaşayış şəraiti ilə bağlı oldu. Əmircan sakinləri arasında narkomaniyadan əziyyət çəkənlər də az deyil. Kənd sakini Cahangir Bayramov kəndin uşaq və gəncləri arasında narkomaniyaya qarşı mübarizə aparıldığını, mütəmadi olaraq bununla bağlı seminar və tədbirlər təşkil etdiyini bildirib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı