Modern.az

Serial ulduzu Anar Heybətov: "“Qaydasız döyüş” filminə görə polislə davam düşdü” - MÜSAHİBƏ

Serial ulduzu Anar Heybətov: "“Qaydasız döyüş” filminə görə polislə davam düşdü” - MÜSAHİBƏ

Mədəni̇yyət

13 Oktyabr 2012, 11:10

Akademik Milli Dram Teatrının aktyoru, hazırda ATV kanalında yayımlanan “Pərvanələrin rəqsi” serialında Kamran rolunu ifa edən Anar Heybətov Modern.az-a müsahibə verib.


– Azərbaycanda seriallara çəkilən aktyorlar arasında ən çox siz məşhursunuz.

– Məni seriallara dəvət etmələri nədən irəli gəldiyini bilmirəm. Ümumiyyətlə, bir neçə seriala çəkilmişəm. Bəxtimdəndir, ya filmlərə görədir, – bilmirəm, çəkildiyim seriallar reytinqli olur. Yadınızdadırsa, ANS-də “Bakı Film” kinostudiyasında “Qaydasız döyüş”, “Yaddaş” filmlərində çəkilmişdim, o da tamaşaçılar tərəfindən çox yaxşı qarşılanmışdı. Ola bilər ki, kimsə mənim dediklərimə don geyindirər. Amma mən birmənalı şəkildə deyirəm ki, bunu tamaşaçıların özündən eşidirəm. Yəni canlı olaraq eşidirəm, həm də facebook-dakı səhifəmdə yazırlar ki, filmlərimi bəyənirlər.

Fikirləşirəm ki, “Pərvanələrin Rəqsi” serialının bütün heyəti dövlətin bizə göstərdiyi etimadı az da olsa, doğrulda bilib. Digər seriallar haqqında isə nəsə demək istəmirəm. Çox istəyərdim ki, onlar da ən azı bizim serial qədər sevilsin, hətta ondan da çox sevilsin.

“Azərbaycan serial çəkə bilmir, Azərbaycanda aktyor oyunu başqa cürdür, alınmır” sözlərini eşitməkdən bezmişik. Bu belə deyil. Biz yaxşı oynayırıq, yaxşı çəkə bilərik. Amma büdcə yaxşı olsa. İndi imkanımız nəyə çatırsa, əlimizdə nə varsa, ona uyğun hərəkət edirik. Bizim tamaşaçıların zövqü kifayət qədər yaxşıdır. Bu gün onlar bizi bəyənirlərsə, deməli biz nəsə etmişik.

– Necə düşünürsünüz, dövlətin ayırdığı vəsait serialların inkişafına kömək edə biləcəkmi?

– Əlbəttə. Lakin sonrakı dövrdə dövlət dəstəyi olmamalıdır. Çünki serial özü-özünü maliyyələşdirməlidir. Bu reklamla, ya sponsorla və s. ola bilər. Yəqin ki, bu haqda düşünüb yolunu tapacaqlar.

– Aktyorlar hər zaman bildirirdilər ki, maaşımız azdır. Bəs indi necə, seriallar artandan sonra bu durum düzəlibmi?

– Duruma kömək edir. Amma demək olmaz ki, bəs edir. Ən azı ona görə yaxşıdır ki, aktyorların işi var. Teatrda və teatrdan kənarda işləyirlər. Düzdür, teatrdan elə də yüksək maaş almırıq, amma bizim birinci iş yerimiz teatrdır. Yəni bizə serialdan nə qədər çox pul verilsə də, deyirik ki, iş yerimiz teatrdır. Əgər bizim teatrda məşqlərimiz varsa, həmin gün çəkilişə gələ bilmərik. Mənim üçün teatr daha öndədir.

– Hazırda aktyor maaşı ilə ailə dolandırmaq mümkündürmü?

– Olmur. Nə teatrdan, nə də serialdan aldığımız pul dolanmaq üçün bəs etmir. “Pərvanələrin rəqsi” serialında maaş sistemidir və aydan-aya verilir. Ola bilər ki, ay ərzində 15 gün çəkiliş olsun, ola bilsin 5 gün. Fərq etmir, həmin maaşı alırıq. Məbləği açıqlamaq istəməzdim, amma bəs etmir. Yenə də ümid var ki, gələcəkdə daha yaxşı olacaq.

– Maaşların az olması, aktyorların toylarda aparıcılıq etməsinə gətirib çıxarır. Sizin buna münasibətiniz necədir?

– Bu, təbii ki, imkanla bağlıdır. Əgər aktyorların seriallardan, filmlərdən aldıqları maaş qane etsə, təbii ki, onlar toya getməzlər. Bu sənət nöqteyi-nəzərindən bir az yaxşı qəbul olunmur. Mən özüm də tələbəlik illərində, elə tələbəlikdən sonra da toylara getmişəm. Gecələr restoranlarda şou proqramlarda aparıcı işləmişəm. Səbəbi də ehtiyacların ödənməsidir. Amma artıq 8 ildən çoxdur ki, toylara getmirəm. Arada təklif etsələr də, getmək istəmirəm.

– Daha çox gənc qızlar sizin fanatınızdır. Onların bu sevgisi sizə narahatlıq yaratmır, məsələn restoranda oturub yemək yeyərkən və ya şəhərdə gəzərkən?

– Elə də maneçilik yaratmır. Həm də fanat ordusu yoxdur. Amma indiyə kimi küçədə gəzərkən heç kim üstümə qaçmayıb. Düzdür gəlib şəkil çəkdirənlər, imza istəyənlər olub. Amma xaricdəki kimi köynəyini cıranlar, başını-gözünü partladanlar və s. mənim  qarşıma çıxmayıb.

– Bir çox aktyorlar öz rollarına görə, bəzən küçədə və ya haradasa döyülür, insanlar gəlib deyirlər ki, utanıram bunu etdiyinə görə. İndiyə qədər sizdə belə bir hadisə baş veribmi?

– “Qaydasız döyüş” filminə çəkilərkən orada mənfi polis obrazını leytenantı oynayırdım. Bir dəfə post patrul xidmətinin əməkdaşları ilə buna görə kiçik bir mübahisəm də oldu. O da onların savadsızlığı ucbatından baş verdi. Düzdür, bunu bütün polislərə aid etmirəm. Mənə dedi ki, sən polisləri biabır edirsən. Yəni onun ağlı bura qədər işləyir, özünü o mənfi obrazda görür. Bunu danmaq olmaz axı, bizdə belə polislər olub, bəlkə də indi də var. Amma bu hamıya aid deyil. Hələ indiyə kimi düşünürəm ki, o niyə belə reaksiya verdi? Mübahisəmiz oldu, küçədə çığır-bağırımız da böyüdü.

– Türkiyədən “Yahşi Cazibə” serialı üçün təklif gəlmişdi sizə. Amma bildirmişdiniz ki, müəyyən səbəblərdən gedə bilməmisiniz. İndi necə təkliflər gəlirmi? Getmək istəyərdiniz?

– Hazırda belə bir təklif yoxdur, amma bir-iki fikir var. Amma bunu açıqlamaq istəmirəm hələ. Azərbaycanda kənardan təklif gəlib.

– Serial çəkilişləri teatrdakı fəaliyyətinizə maneçilik yaratmır?

– Yox. Çünki mən serial çəkilişi zamanı bildirirəm ki, filan gün, filan vaxt məşqim var, tamaşam var, buna uyğun çəkilişlər aparılsın. Nəsə lazım olanda teatr rəhbərliyi də bizə şərait yaradır. Mən bir dəfə serialla bağlı rəhbərliyin yanına getmişdim, o vaxt onun bir sözü mənim çox xoşuma gəldi, hələ də o söz yadımdadır. O, öz razılığını bildirmək üçün belə bir söz dedi: “bir dəfə bir gürcü rejissordan soruşurlar ki, gənclərə teatrlardan hansı şəraiti yaradırsınız, cavab verib ki, ən azı onlara mane olmuram”. Eləcə də çəkilişlərə getməyimə mane olmurlar. Düzdür biz teatrın işlərini hər zaman önə çəkirik, amma nəsə lazım olanda, icazə ala bilirik.

– Anar Heybətov üçün teatr əsasdır, ya serial, kino?

– Seriala böyük bir sənət işi kimi baxmaq düzgün deyil. Bir bədii film ola, ona çəkiləsən, o da qala tarixdə. Bu gün bu serial bitdisə, sabah başqası başlayacaq, və əvvəlki yaddan çıxacaq. Amma film çəkildisə, tarixdə qalır.

– Hansısa obraza girməkdə çətinlik çəkirsinizmi? Heç olub ki, desinlər ki, stop, amma yenə də o obrazdan çıxa bilməyəsiniz.

– İnstitut illərindən bəri bunu öyrənərək gəlirik. Bunu indi qısa müddətdə izah etmək mümkün deyil. O ki qaldı obrazdan çıxa bilməmək məsələsinə, elə indi bu oynadığım Kamran obrazında olub. Daha sonra teatrda da olur.

– Tərəf müqabillərinizin kim olmasının sizin üçün önəmi varmı? Yəni heç olub ki, deyəsiniz ki, bu insan oradadır, mən istəmirəm.

– Mən buna düz baxmıram, bu rejissorun işidir. Məni dəvət etdiyi kimi, digər aktyorları da dəvət edib.

– “Pərvanələrin rəqsi” serialına çəkilməyiniz necə oldu? Kamran obrazında sizi nə cəlb etdi?

– Serialın rejissoru Rövşən İsax səhv etmirəmsə, Kamran obrazı üçün 10, ya 11 insanı sınaqda çəkmişdi. Onlardan biri də mən idim. Mənə zəng etdilər ki, belə bir serial çəkilir, Rövşən İsax istəyir ki, sizi sınaq çəkilişinə dəvət etsin. Mən də böyük məmnuniyyətlə, qəbul etdim. Çünki işim budur. Hətta elə vaxtlar olub ki, kino studiyadan dəvət ediblər, getmişəm sınaq çəkilişində iştirak etmişəm, amma sonradan dəvət etməyiblər. Bu mənə təsir etmir. Amma elə aktyorlar var i, onlara bu pis təsir edir, gecə yata bilmirlər, bunu böyük bir hadisəyə çevirirlər. Mən isə bunu normal qəbul edirəm. Həmişəki kimi “Pərvanələrin rəqsi” serialının sınaq çəkilişi üçün getdim, çəkildim. Üstündən bir həftə keçdi, zəng etdilər ki, dəvət edirik sizi, siz təsdiq edilmisiniz.

– Artıq teatrda yeni mövsüm başlayıb, hansı tamaşalarda rol almısınız?

– Bu yaxınlarda Elçin Əfəndiyevin əsəriylə Tiflis şəhərində keçirilən beynəlxalq teatr festivalına getmişdik. Tamaşanı oynadıq, çox gözəl qarşılandı. İndi isə hazırda “Ana Kuraş və onun uşaqları” tamaşasında isveçli uşaqlardan biri rolunu ifa edirəm, daha doğrusu məşqlər gedir. Noyabr ayında tamaşa səhnəyə qoyulacaq.

– Asudə vaxt varmı?

– Ailəmlə birgə keçirirəm vaxtımı, bir qızım var, 8 aylıqdır. Arada internetdə otururam, futbola baxıram. “Barselona”nın oyunlarına baxıram. Daha sonra arada bir tar çalır, uşaqlığımı yadıma salıram. 

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub