Modern.az

Azərbaycanda canavarların sayı 6 min baş artıb

Azərbaycanda canavarların sayı 6 min baş artıb

Ölkə

11 Fevral 2010, 13:56

Son illər Azərbaycanın bir sıra rayonlarında canavar sürülərinin insanlara və ev heyvanlarına hücumu baş verir. Belə hallar xüsusilə Xaçmaz, Sabirabad, Zaqatala, Göyçay, Balakən, Ağdam, Qazax rayonlarının ərazisində dəfələrlə qeydə alınıb. Ovçular bunu ölkə ərazisində canavarların sayının kəskin artması ilə əlaqələndirirlər. Modern.az-ın araşdırması nəticəsində məlum olub ki, doğrudan da son bir neçə ildə Azərbaycanda canavarların sayı ağlagəlməz rəqəmə çatıb.

Əvvəllər canavarların sayı təhlükəli hal alanda Respublika Ovçular Cəmiyyəti müqavilə əsasında kəndlərdə nəzarət postları yaradır və canavarları ovlayaraq problemi yoluna qoyurdular. Bununla yanaşı, yerli sakinlərin özləri də ov tüfəngləri ilə canavarları vura bilirdilər. Ancaq Azərbaycan Respublikası Avropanın Vəhşi Təbiətinin və Ətraf Mühitin Mühafizəsi üzrə «Bern» Konvensiyasına qoşulandan sonra ölkəmizdə canavar ovuna qadağa qoyulub. Bu konvensiyaya görə, Avropada mühafizə edilən heyvanların siyahısında canavarın da adı salınıb.   Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2001-ci ildə Azərbaycanda canavarların sayı təxminən 988 baş olub. Onların ovuna qoyulan qadağadan sonra bu rəqəm çox sürətlə artıb. Belə ki, 2005-ci ildə ölkəmizin ərazisində canavarlar 13 min başa çatıb. Dövlət Statistika Komitəsinin ötən ilin yekunları ilə bağlı məlumatına görə, indi Azərbaycan ərazisində yaşayan canavarların sayı təxminən 15 min baş həddindədir. Göründüyü kimi, son 9 il ərzində Azərbaycanda canavarlar 6 min başadək arta bilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edirlər ki, Azərbaycan Avropanın bir hissəsi olduğundan “Bern» Konvensiyasının qadağasına riayət etməlidir. Yəni canavar ovu qadağası qüvvədə qalmalıdır. Respublika Ovçular Cəmiyyətinin üzvləri isə canavarların vəhşi təbiətdə getdikcə çoxalmasını heç də yaxşı hal saymırlar. Ovçular deyirlər ki, Avropanın əksər ölkələrində canavar yoxdur. Ona görə də orada yırtıcıların ovu qadağan edilib. Azərbaycanda isə əksinə canavarlar çoxdur, bu səbəbdən yalquzaq ovuna icazə verilməlidir.

Yada salaq ki, keçmiş sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı. Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. İndi isə əksinə, icazəsiz canavar ovlayanlar cərimə oluna bilərlər. Azərbaycanın faunasında 18 yırtıçı məməli növü mövcuddur. Bunlar yenot, pələng, canavar, çaqqal, tülkü, qayalıq dələsi, gəlincik, porsuq, samur, vaşaq, ayı, meşə pişiyi, meşə dələsi, safsar, kaftar, çöl və qamışlıq pişiyi, manul, bəbirdir. Adəm Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir