Modern.az

“Tı kto takoy, davay dosvidaniya”nın müəllifləri Modern.az-a meyxana qoşdular MÜSAHİBƏ+VİDEO

“Tı kto takoy, davay dosvidaniya”nın müəllifləri Modern.az-a meyxana qoşdular MÜSAHİBƏ+VİDEO

15 Oktyabr 2012, 13:11

İntiqam və Ehtiram Rüstəmov qardaşları MDB məkanındakı şöhrətlərinin sirlərini açdılar


Modern.az
saytı məşhur “Tı kto takoy, davay dosvidaniya” meyxanasının müəllifləri səbəbkarları İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə müsahibəni oxuculara təqdim edir.

– Necə oldu ki, meyxana deməyə başladınız? İlk dəfə meyxananı harada dediniz?

İntiqam Rüstəmov: – Bu, 1983-84-cü illərə təsadüf edir. İlk dəfə Sumqayıtdakı məhəllədə, toyda meyxana demişəm. Ondan öncə Nizami Rəmzi, Ağasəlim, Molla Məhəmməd, Həsənağa kimi ustadların meyxanalarını audio kasetlərdə dinləyirdik. Onları özümüzə ustad bilmişik.

Rus kanallarına müsahibə verəndə dedim ki, meyxana ancaq Azərbaycan xalqına məxsusdur. Özləri də etiraf elədi ki, meyxana demək çox çətindir. Allah hər kəsin arzusunu həyata keçirsin. Qismət elə oldu ki, dediyim bir qafiyə dünyaya məşhur oldu. İndi bütün MDB dövlətlərində bu meyxananı dinləyirlər.

Qardaşım Ehtiram məndən sonra bu sənətə gəlib. Özüm onun meyxana deməyinə razı deyildim. Çünki bu sənətin çətinliklərini görmüşəm. Şükür Allaha ki, indi hər şey normaldır. Ehtiram idmançıdır və cüdo ilə məşğul olur. Sumqayıtda Yengibar müəllimin yanında köməkçi işləyir. Həm də birlikdə meyxana məclislərində və dövlət tədbirlərində ölkəmizi təmsil edirik. Söz aləmində yeganə insanlarıq ki, Rusiya, Ukrayna, Qazaxıstan kanallarında ölkəmizi layiqincə təmsil edirik.

Ehtiram Rüstəmov: – Çox vaxt Sumqayıtda olduğumuz üçün bizə sumqayıtlı deyirlər. 1992-ci ildən meyxana sənətinə gəlmişəm. Qardaşım İntiqamı həmişə özümə ustad saymışam.

– Siz “Tı kto takoy, davay dosvidaniya” qafiyəsi ilə Rusiyaya meyxananı ilk dəfə tanıtdınız. Onlar bunu necə qəbul etdilər?

İntiqam Rüstəmov:– Çox gözəl qarşıladılar. Biz tez-tez bir neçə kanallarda onların tanınmış simaları ilə görüşürük. Bu yaxınlarda Ru TV kanalında “Krasnaya doroşka” deyilən yerdən keçən azərbaycanlılar olduq. Tanınmış ekstrasens Zirəddin Rzayev də bizimlə idi. Ümumiyyətlə, onlar meyxana sənətini bir möcüzə bilirlər. Belə başa düşürəm ki, Rusiyanın da 5-10 ildən sonra öz meyxana deyəni olacaq. Amma onlar azərbaycanlılar deyən kimi bacarmaz. Bizlər əruz qafiyələrin və ritmlərin üstündə deyirik. Şifahi xalq ədəbiyyatımızın, meyxananın bir qolu da əruza bağlıdır. Bundan başqa, musiqi savadın da olmalıdır. Meyxana aləmi Allah vergisidir. Yəni sənin qəlbində musiqi duyumun varsa, bacaracaqsan. Şairlərimizdən elələri var ki, əruzu bilmirlər, amma ritmlər əruz vəzninə düşür. Ritmlərlə, vəzn sınmadan deyirlər. Dahi şair Füzulini əruz vəzninin şahı bilirik. Biz Füzulinin yerini heç zaman tuta bilmərik.

– Azərbaycanlı meyxanaçılar sizin bu uğurunuza sevindimi? Bunu necə qarşıladılar?

İntiqam Rüstəmov: – Namiq Qaraçuxurlu başda olmaqla, həmkarlarımızın canı sağ olsun! Namiqi ona görə qeyd edirəm ki, o, bu nailiyyətimizə çox sevinib. Çünki Namiq Qaraçuxurlu ağıllı oğlandır və bilir ki, bu, ancaq İntiqamın deyil, bütün Azərbaycan sözsevərlərinin və söz ustadlarının uğurudur. Namiq Qaraçuxurlu da ilk meyxana ustadımız olub ki, böyük Kreml Sarayında konsert verib. Bu, hər kəsə nəsib olmur. Azərbaycanın oğlu çıxıb efirdə rus dilində meyxana deyir. Əlbəttə, Rusiya kanallarının çoxu üzdəniraq qonşularımız və düşmənlərimizin təsiri altındadır. Biz, Azərbaycan xalqı hərəmiz öz sahəmizdə onlarla vuruşmalıyıq. “ORT” kanalında Urqantın verilişində (“Veçer Urqanta”) ermənilər bizi müşayiət etməyə gəlmişdilər, biz onlardan imtina etdik, etirazımızı bildirdik.

Ehtiram Rüstəmov: - Hərdən deyirlər ki, filan sənət yoldaşınızın sizə paxıllığı tutur. Əgər bu bir müsbət gətirirsə, onların xeyrinə olsun. Biz bununla meyxananı tanıtdırırıq. Bu sənəti tanıtdırıramsa, sabah mənim sənət yoldaşım, həmkarım həmin yerlərdə olanda onlar da yaxşı yanaşacaqlar. Yəni bu, bizim hamımızın uğurudur.


– Rusiyada sizi ulduz kimi qarşılayırlarmı?

İntiqam Rüstəmov: – Bəli.

Ehtiram Rüstəmov: -  “Krasnaya doroşka”dan keçən hər bir sənətkar ulduz sayılır. Bizim dostumuz, qardaşımız ekstrasens Zirəddin Rzayevi də orada çox sevirlər. Orada bir rep qrupuna mükafat verdilər. Orda da gözəl bir meyxanada dedik.

– Bu meyxanadan sonra həyatınızda hər-hansı bir dəyişikliklər olubmu?

İntiqam Rüstəmov: –Dəyişilməyən təvəllüdümdür. 1968-ci ildə də qalıb (gülür). Amma özüm həmişəki İntiqamam. Həyatdır da, dostlar vəfalı da olur, vəfasız da. Əsas odur ki, özün vəfalı olasan. Həmişə bunu demişəm ki, imkanlı insan da, kasıb da millətimdir, canımdır, ciyərimdir. Kasıb məclisində də iştirak edirəm, varlınınkında da. Çünki hamı bilir ki, bizim əslimiz Azərbaycanın dilbər guşəsi olan cənub bölgəsindəndir. Masallı, Astara, Lerik, Lənkəran kimi zonalardanıq. Amma bizim vahid bir Azərbaycanımız var, bayrağımız və himnimiz var. Adi hansı rayondan olursa-olsun, idmana gedəndə bir bayraq götürüb gedirik.

– Ümumiyyətlə, meyxananın cəmiyyətə təsir gücünü necə qiymətləndirirsiniz?

İntiqam Rüstəmov: - Bu sahəyə çox diqqət və maraq var. Şairlərimizdən, meyxana ustalarımızdan həmişə rica etmişəm ki, çox vaxt vətənpərvər mövzulara toxunsunlar. Hərə bir cür deyir. Meyxananın bu baxımdan insanların düşüncəsi kimi başa düşürəm. Kim həyatı necə düşünür, elə o cür də meyxana deyir. Meyxana sənəti belədir ki, məclisə baxasan və onun havasına uyğun deyəsən. Görürsən ki, həmin məclisdə o meyxana lazım deyil, o məclisdə küçə, avara meyxanası deyirlər. Yəni məclis meyxanadan inciyir. Həmin anda 5 nəfərin meyxanada üz döndərməsi, ən azı bizim sənətə zərbədir. Yəni hərə bu barədə öz dostuna, tanışına danışır və inciklik artır. Sabahısı şadlığı olur və dəvət etmir. Bu baxımdan meyxana deyəndə diqqətli olmaq lazımdır. Meyxananın kütləyə çox böyük təsiri var.

– Meyxana deməkdən başqa hər hansı bir sənətiniz varmı?

İntiqam Rüstəmov: – Orta təhsilliyəm. Sumqayıt şəhərindəki 15 saylı orta məktəbi bitirmişəm. Meyxanadan başqa heç bir sənətim yoxdur. Öz sənətimi çox sevirəm. İnşallah gələcəkdə başqa planlarımız var. Biznes qurmağı fikirləşirik. Çünki biz ömürlük meyxana deyə bilmərik. Həm də yaş üst-üstə gəlir. Həmişə deyirəm ki, biz heç vaxt Ağasəlim ola bilmərik. Çünki o, 60 il meyxana dedi. Hətta xəstə olanda da meyxana deyirdi. Yəqin ki, belə çox gedə bilmərəm. Hardasa 5-10 il dava edər. Təbimin qüvvədən düşən vaxtları olanda istər-istəməz dayanmalı olacaq. Amma şeirdən, qəzəldən, qələmdən ayrılmayacağam. Yaşlaşandan sonra hərdən çıxıb bir-iki kəlmə dost məclisində deyərəm.  

– Bir neçə ay bundan əvvəl bildirmişdiniz ki, ingilis dilini öyrənməyə başlamısınız və bu dildə meyxana deyəcəksiniz. Öyrənə bilirsinizmi? Ümumiyyətlə, başqa hansı dildə meyxana demisiniz?


Ehtiram Rüstəmov
: – Bu yaxınlarda bir Qazaxıstanda toyda olduq. Hətta oraya ABŞ-dan bir musiqi qrupu və Daşkənddən “Yalla” ansamblı qonaq gəlmişdi. Orada İntiqamla “Tı kto takoy, davay dosvidaniya” meyxanasını dedik. Sonra qazax dilində meyxana dedim.

Almata pervı, potom Astana
Nı prekelivat tebe budet xana
Sen kimsin ya saçenayu meyxana
Jol bolson, davay dosvidaniya.

“Sen kimsin” onların dilindədir. “Jol bolsonda” – uğurlu yol deməkdir. Bu meyxana onlara çox xoş gəldi. Orada vəzifəli insanlar da iştirak edirdi. Özləri də bildirdilər ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev haqqımızda danışıb. Allah qoysa sizi dəvət edəcək. Biz Qazaxıstana, Ukraynaya gedəndə, insanlar bizi ulduz kimi tanıyır. Ukraynada bir telekanalda çıxış etdik. Verilişdə iştirak edən tamaşaçıların hamısı artıq meyxanadan xəbərdar idi.

İntiqam Rüstəmov: – Allah qoysa, ingilis dilində meyxana yazacağam. Həm də həmin meyxanam Azərbaycana və Qarabağ haqqında olacaq. Ukraynanın Dnepropetrovsk şəhərində Ağalar dostumuz var, o bizə bir lüğət verib. Ukrayna-rus lüğəti. Vaxt tapdıqca onu açıb baxırıq. Qismət olarsa, Ukrayna dilində də bir-iki kəlmə deyəcəyik.

– Şəkiliniz internetdə paylaşılmışdı. Siz Emin Ağalarovla da görüşmüsünüz. Rusiyadakı fəaliyyətinizdə Emin Ağalarov da sizə dəstək olurmu?

İntiqam Rüstəmov: - Emin Ağalarovla görüşməyə elə də çox imkanımız olmur. Buna baxmayaraq, o, təkcə bizə deyil, bütün azərbaycanlılara dəstək olur.

Ehtiram Rüstəmov: – Moskvada Müslüm Maqomayevlə bağlı tədbir oldu. Bu konserti Emin Ağalarov təşkil etmişdi. Sonra Müslüm Maqomayev adına kinoteatrda oldum. Orada tanınmış bir kafe var, tanınmışlar ora yığışır. Dima Bilan, Timati və biz bir yerdə oturmuşduq. Orada Müslüm Maqomayevin öz pianosu və öz şəkilləri var. Bunların hamısını Emin Ağalarov yaradıb. Buna görə Emin Ağalarova bir daha öz təşəkkürüm bildirirəm.

– Sizin tanınmış reper Timati ilə iş birliyiniz olmalı idi. Bu iş birliyi nə yerdədir?

İntiqam Rüstəmov: –Timati ilə görüşdük. Meyxana haqqında söhbətimiz oldu. Sonra Rusiyanın NTV kanalında çəkiliş oldu, bu yaxınlarda göstərəcəklər. Orada Timatiyə sual verildi ki, “çto takoye meyxana?” O da cavabında bildirdi ki, “ya skazal, çto meyxana eto İntiqam”. Çox güldüm. Onu qınamadım. Çünki o meyxananı bizim sayəmizdə tanıyıb. Ona izah etdim ki, meyxana elə meyxanadır. Məndən də güclü ustadlar olub bu sahədə. Allah onlara rəhmət etsin ki, bu sənəti bizə çatdırıblar. Timati ilə bu yaxınlarda klipimiz olmalıdır. O öz hazırlığını, bizdə həmçinin özümüzə aid olan hazırlığı görürük. Onun fikri var ki, xarici bir dövlətdə klip çəkdirək. İstəyirəm ki, həmin klip xaricdə deyil, Azərbaycanda çəkilsin. Təklif etdim ki, mənzərəli yerlərimiz çoxdur və ölkəmizdə klip çəkmək olar. Ona görə bunu istəyirəm ki, çoxlarının ona marağı olacaq, çox insanlar ona baxacaq. Ona dedim ki, yarısını Azərbaycanda, yarısını da Rusiyada çəkək. Klipdə Timatiyə Azərbaycan dilində bir-iki kuplet söz yazacağıq ki, bizim də dildə desin. Çox hissəsi rus dilində olacaq. Rep gedəcək, ardınca da meyxana olacaq.

– Sizin meyxanaya bir az siyasi mövqedən yanaşıldı...

İntiqam Rüstəmov: – Bu, siyasi meyxana deyildi. Onların müxalifətinin özü bunu siyasətə çevirdi. Bu sözün ortaya çıxmasında “Eurovision”un Azərbaycanda keçirilməsi də böyük kömək oldu. Həm də onlarda prezident seçkiləri ərəfəsi idi. Azərbaycanın mədəniyyəti ilə maraqlanıblar. O zaman bizim meyxananı da tapıblar YouTube-da. “Tı kto takoy, davay dosvidaniya” meyxanasına qulaq asıblar və xoşlarına gəlib. Sonra həmin sözü Putinə qarşı istifadə ediblər. Bununla bağlı bizə çoxlu zənglər oldu. Canlı radiobağlantılar oldu. Onlara qısa cavab verdim ki, “ya ne politik, ya poet”. Özümün Vladimir Putinə də, oranın dövlətinə də böyük hörmətim var. Biz meyxana ustadıyıq. Siyasət bizlik olmayıb, olmayacaq da.

Ehtiram Rüstəmov: – Biz bacardığımız qədər başqa dövlətlərdə öz dövlətimizi təmsil edirik. Üçrəngli bayrağımız nə qədər göylərə ucalarsa, bu bizim başımızın ucalığıdır.

– Rus dilində “Qarabağ” haqqında meyxana deməyi necə, fikirləşirsiniz?

Ehtiram Rüstəmov: – Bununla bağlı bir kupletimiz olub. “Tı kto takoy, davay dosvidaniya” qafiyəsinin üstündə.

İntiqam Rüstəmov – :

Azmarıq biz düşsək də duman-çənlərə,
Lənət olsun o qonşu düşmənlərə
Qarabağdan deyəcəyik ermənilərə
Tı kto takoy, davay dosvidaniya.

– Məşhurlaşandan sonra toyların sayında artımlar varmı?

İntiqam Rüstəmov: – Bəli, var.

Ehtiram Rüstəmov: –Xüsusən bizi MDB ölkələrinə çox dəvət edirlər. Qazaxıstan, Rusiya, Ukrayna...

– Sizinlə birbaşa əlaqə saxlayırlar, yoxsa arada vasitəçilər olur?

İntiqam Rüstəmov: – Birbaşa özümüzlə əlaqə saxlayırlar. Ağasəlimin, Nizami rəmzinin prodüseri olmayıb, mənim haradan olsun.

– Özünüzü bahalı meyxana deyənlər hesab edirsinizmi?

İntiqam Rüstəmov: – Ümumiyyətlə heç o aləmə çox qarışmıram. Amma reklamı məndən az olan şair, niyə baha getməlidir? Toy yiyəsinin maddi cəhətdən imkanı varsa, həmin zəif reklamı olana 1000 manat verirsə, onda 2 min manat istəyirəm. İki qat artıq istəyirəm. Verərlər gedərik, verməzlər getmərik. Bilirik ki, gündəmdə olan şairlər belə olur. Müğənnilərdə də belədir. Gündəmdə olan müğənni həmişə baha gedir və sonra vaxt gəlir qiyməti yavaş-yavaş azaldır. Ümumən elə çox qiymətə fikir vermirəm. Gənc şair məndən baha getsə, ona imkan yaratmaram. Nəyə görə özünü artıq saymalıdır. Bizim də öz dövrümüz olub. Bizimlə bir meyxana deyənlər var, neçə ilin söz ustadları var. Həmişə böyüklərin hörmətini saxlamışam, cavanlar da mənim hörmətimi saxlayır.

– Hazırda meyxana üslubu çox əcaibləşib. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik?

İntiqam Rüstəmov: – Səsi, avazı gözəl olan meyxana ustalarımız var. Görürsən elə bir mahnını meyxana eləyirlər, onun musiqisi qalır qıraqda, mahnının nəqarətini götürüblər, guya onun üstündə deyirlər. Heç mahnıya onun dəxli yoxdur. Başqa ritmlə meyxananı deyirlər. Musiqili meyxana olanda ancaq Namiq Qaraçuxurluya qulaq asıram. Yəni maşınımda da diski var və bu sahədə onu bəyənirəm. Balabəyin avazla yaxşı meyxanaları var. Gənc söz ustadımızdır. Ona da qulaq asıram. Yavaş-yavaş toylarda azaldıblar. Çünki xalqın özü də görür ki, bu dəyərsiz şeydir. Meyxananın köhnə adət-ənənəsinə heç nə çata bilməz. Qabaqlar nağara ilə deyirdik, İndi sintezatorla deyirlər. Siz özünüzdə məclislərə baxın ki, orada köhnə meyxana deyən olmursa, o məclisdə meyxana bir az bayağı, başqa tonda gedir. Bizdə hələ də Ağasəlim, Nizami Rəmzinin meyxanasının ab-havası qalıb. Nizami Rəmzinin meyxanaları daha çox istifadə olunur. Onun dediklərində musiqi var idi və sözlərində şair özü yazırdı. Amma indi musiqili meyxanalardan baş açmaq olmur.

– Siz hər zaman bədahətən meyxana deməyin tərəfdarı olmusunuz?Amma əvvəlcədən yazıb deyənlər də az deyil.

İntiqam Rüstəmov: – Onlarında istedadı əvvəlcədən yazıb deməyə çatır.

– Toylarda daha çox “Tı kto takoy, dava dosvidaniya” meyxanasını istəyirlər, yoxsa..?

İntiqam Rüstəmov: – Bəli, daha çox bunu istəyirlər. Amma biz başqa meyxanalar da deyirik.



Anar Kəlbiyev

Elçin Ağayev

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?