Modern.az

Sevdiyini öldürən rəssamın tarixçəsi...

Sevdiyini öldürən rəssamın tarixçəsi...

Mədəni̇yyət

19 Oktyabr 2012, 09:38

Dünyanın müxtəlif dillərində haqqında 40 mindən çox kitab yazılan rəssam Pikasso XX əsr incəsənətinin ən tanınmış simalarından biridir. O sadəcə rəssam deyil, heykəltəraş, qrafik ustası, keramist və dizayner idi. Ömrü boyunca yeniliklərə can atan Pikasso incəsənət sahəsinə verdiyi töhfələrlə sənət tarixində silinməz izlər buraxıb.

İlk rəsm əsəri və ilk sərgi

1881-ci il ildə Cənubi İspaniyanın Malaqa şəhərində dünyaya gələn rəssamı bu sənətə yönəldən məhz atası olub. Rəssamlıqla məşğul olan atası Xose Ruis onun ilk müəllimi idi. Rəssam 8 yaşında ikən taxta üzərində yağlı boya ilə yaratdığı ilk rəsm əsəri olan “Pikador”u həyatının sonuna qədər saxlayır. 14 yaşında Barselona İncəsənət məktəbinə daxil olan Pikasso burada anasının portretini çəkir. Əl qabiliyyəti tezliklə kəşf edilən gənc bölgədə yerləşən monastrda bir müddət dini rəsmlər yaratmaqla məşğul olur. 1897-ci ildə Madriddə yerləşən San-Fernand akademiyasına qəbul olan rəssam artıq atasının soyadı ilə deyil, anasının qızlıq soyadı olan Pikassonu istifadə etməyə başlayır. İlk sərgisini 19 yaşında ikən Barselonada Els Quatre Gats kafesində açır. Lakin öz dəsti-xəttini hələ tapmayan gənc rəssamın bu sərgisi mənfi rəylə qarşılanır.

Mavi və çəhrayı dövrlər

Bu dövr onun gənclik illəridir. Artıq Pikasso yenilik axtarışındadır. Məhz mavi dövr bu yeniliyin başlanğıcı sayılır. Həmin zaman içərisində rəssamın əsərlərində mavi və oxra rəngləri üstünlük təşkil edir. Mavi  fonda çəkdiyi melanxolik fiqur rəsmləri bu dövr üçün olduqca xarakterikdir. O mavi dövrün əsərlərində daha çox tənha insanların təsvirinə yer verirdi, xüsusən dilənçilər, əyyaşlar və fahişələr onun qəhrəmanları idi. Mavi yaradıcılıq dövründə çəkdiyi ilk rəsm “ Casagemanın ölümü”(1902) əsəridir.  Bu isə yeni bir üslubun başlanğıcı demək idi.

1904-cü ildə Parisə köçən Pikasso artıq ikinci və tamamilə yeni bir dövrə qədəm qoyur. Yaradıcılığının bu dövründə mavi çalarlar yerini çəhrayı və narıncı rəngə buraxmışdı. Bu zaman içərisində daha nikbin görünən gənc rəssamın əsərlərində teatr və sirkin canlı obrazları- komediantlar, rəqqaslar, akrobatlar diqqəti cəlb edir. Rəssamı birdən-birə nikbinləşdirən səbəb heç şübhəsiz ki, onun bir çox rəsmlərinin ilham qaynağı olan Fernando Olivyeyə olan sevgisi və ilk maddi uğuru idi. Vaxtilə 300 franka kirayələdiyi uçuq toyuq damına bənzəyən evdə yaşayan Pikasso artıq özünə ev də alır. Nə qəribədir ki, qadınlara düşkünlüyü ilə seçilən Pablo bir müddət sonra Fernandanı həyatından çıxardır. Yəqin ki, bir zamanlar bu qadınla süd və kruasan oğurlayıb yediyi, hətta Fernandaya kömürsatanla oynaşıb kömür almağa izn verdiyi hallarını çoxdan unutmuşdu.

Kubizm

1907-1914-cü illər sadəcə Pikassonun yaşam tarixində deyil, incəsənət tarixində də yeniliklərlə səciyyələnir. Max Jacob, Apollinaire, Matisse, Leo ve Gertrude Stein ilə qurduğu dostluqlar onu kubizmə daha da yaxınlaşdırmışdı. Kubizm insənət tarixindəki ən böyük yeniliklərdən biri sayılır. Pikassonun 1907-ci ildə Jorj Brakla birlikdə əsasını qoyduğu bu ədəbi cərəyan naturalizmi və onun təsvir-idrakını inkar edirdi. O bu dövr ərzində yaratdığı əsərlərdə divar kağızı, qəzet parçaları kimi elementlərdən, musiqi alətləri, tütün tənbəkisi kimi atributlara xüsusi yer verirdi. “Üç musiqiçi”( 1921, Müasir İncəsənət Muzeyi, Nyu-York)  əsəri bu anlamda diqqəti cəlb edir. Dahi rəssam uzun bir zaman kubizmdən uzaqlaşsa da, daha sonra yenidən bu üslüba müraciət edir.

Heykəltəraş Pikasso

20-ci illərin əvvəllərində Pikasso yenidən klassikaya geri dönür.  Lakin bu dəfə o özünü heykəltəraşlıq sahəsində də sınayır. Belə ki, heykələtraş Julio Gonzalez ile birlikdə heykəllər yaratmağa başlayır. Amma bu əsərlər heç də alışdığımız tərzdə deyildi. Əldə etdiyi fiqur, əşya və s.  bir-birinə montaj edərək yeni bir metod yaradır. O sadəcə heykəltəraş deyil, dizaynerliklə də məşğul olurdu. Dahi rəssam illustrasiyalar, afişalar, kitab dizaynı və müxatəlif dekorativ əsərlər də yaratmışdı.

“Guernica”

Pikassonu dünyaya sevdirən heç şübhəsiz ki, “Guernica” əsəri olub. Bu əsər əslində protest əhəmiyyətli idi. İlk dəfə bu əsərlə Pikasso hər zaman uzaq durmaq istədiyi siyasətə qarışmış olurdu. 1937-ci ildə İspaniyada vətəndaş müharibəsi dövründə faşist Almaniyasının Kondor Legionu ilə faşist İtaliya rejiminin hava qüvvələrinin təyyarələri Bask şəhəri olan Gernikanı bombalamışdı. Bu bombardmanda  2 min dinc sakin həlak olmuşdu. Bu hadisədən ciddi sarsıntı keçirən Pikasso elə həmin ildə özü də 33 gün içərisində “Guernica” əsərini yaradır. Rəssamın evində əsəri görən gestapoçunun “ Bunu sizmi yaratdınız?” sualına o tərəddüd etmədən “Xeyr, Siz yaratdınız” deyə cavab verir.  Bəli, bu cavab, eləcə də bu əsər Pikassonun müharibəyə və yaşanan üzücü olaya qarşı duyduğu nifrətin təcəssümü idi.  

“Sülh Göyərçini”

1944-cü ildə Pikasso rəsmi olaraq Fransa Kommunist Partiyasına üzv olur. Lakin almanlar tərəfindən  haqqında yayılan şayiələr ( yəhudi olması və şübhəli şəxs kimi qələmə verilməsi) onu siyasi baxışına baxmayaraq Sovet İttifaqında rəssama mənfi imic cızır . Hətta o Stalinin portretini çəkir, lakin təqdimat zamanı əsər bəyənilmir. Rəssamın ölümündən sonra onun itən əsərləri arasında bu portret də yer alırdı. Maraqlısı odur ki, kommunizm hərəkatının o dövrdə ehtiyac duyduğu simgə məhz dahi rəssam tərəfindən hazırlanmışdı. Bu sülh göyərçini idi. Hətta həmin ildə doğulan qızına Pamella adını verir, bu isə ispan dilində göyərçin deməkdir. Moskva höküməti onu istifadə etsə də, təbliğata uyaraq rəssamın heç bir rəsmini sərgidə nümayiş etdirməyə izn vermirdilər. Bu gün Pikassonun məşhur “ Sülh Göyərçini”  Ümumdünya Sülh Konqresinin simvoluna çevrilib.

Dahi rəssam ömrünün sonunadək tükənməz bir enerji ilə çalışır. Hətta son 10 ildə yaratdığı əsərlərini 1972-ci ildə böyük bir sərgi ilə nümayiş etdirir. 1973-cü ildə isə 91 yaşında vəfat edir.

Pikassonun qadınları

Qadınlar-Pikasso sənətinin inkar olunmaz ilham qaynağı idi. Əslində Pol Elüarın dediyi kimi o “ehtiraslı sevən və sevdiyini öldürən adamdır”.  Ailədə tək oğlan uşağı olduğundandır ki, daim qadınlarla çox səmimi münasibətləri olmuşdu. Həyatına girən  qadınlara qarşı çox zülmkar olan bu rəssam onlara əslində heç canlı gözü ilə də baxmırdı. Qadınlar onun sənəti üçün sadəcə üzərində təcrübə keçdiyi bəzək əşyaları idi. Özünün dediyi kimi o ilahələrini döşəmə əskilərinə çevirməkdən böyük həzz alırdı. Maraqlıdır ki, onun bu laqeyd münasibətlərinə, kobud davranışlarına baxmayaraq həyatındakı qadınlar ona dəlicəsinə bağlanmışdılar. Bir tək özündən 45 yaş kiçik Fransuaza bir oğlu və bir qızı olmasına baxmayaraq onu tərk etmə cəsarətini göstərmişdi. Bu cəsarətli qadın rəssamdan ayrıldıqdan sonra “Pikassonun həyatı” kitabını yazıb. Pablo 2 dəfə rəsmi evli olub. Onun həyat yoldaşlarından biri rus balerina Olqa Xoxlova, digəri isə Jaklin Rokdur.  Jaklin Rokk - Pikassonun son qadınıdır. Çox maraqlıdır ki, həyatına girən hər qadının portretini yaratmağa çalışan rəssam bu qadının portretini çəkməyib.

 

Haqqında bilinməyənlər

1900-cü ildə Parisdə yaşayarkən ciddi maliyyə problemləri ilə üzləşən rəssam isinmək üçün rəsmlərini yandırırdı.

Məşhur ispan rəssamı Salvador Dalinin Pikasso ilə tanışlığı Daliyə öz dəsti-xəttini tapmaqda xeyli kömək olmuşdu..

Pikassonun dediyi ilk söz “piz” olmuşdu, bu ispan dilində “pencil”( qara qələm) sözünün qısa forması idi.

Bu gün əsərləri milyon dollarlarla ölçülən rəssam ilk işindən 750 dollar qazanmışdı.

1911-ci ildə Luvr muzeyindən “Mona Liza” əsəri oğurlandığı zaman Pikassonun dostu şair Guillaume Apollinaire polis tərəfindən saxlanılmış, o isə ifadəsində dostunu günahlandırmışdı. Lakin dindirmələr zamanı hər iki dost sərbəst buraxılır.

Qadınlara olan düşkünlüyü ilə seçilən Pablonun hətta 60-70 yaşlarında belə gənc sevgililəri vardı. Məsələn, onun 79 yaşı olanda Françoise Gilotun sadəcə 21 yaşı vardı.

Sevdiyi qadınları incitməkdən həzz alan Pikasso sırf uşaq doğduqdan sonra sevgilisi Fransuazanın necə dəyişildiyini görmək üçün ondan 2 övlad dünyaya gətirtdi. Lakin ekspertimentini bəyənməyən şıltaq rəssam gözləmədiyi halda bu qadın tərəfindən tərk edilir.

Pikassonun  “Yaşıl yarpaqlar və büst” əsəri telefon vasitəsi ilə naməlum alıcı tərəfindən  hərracda 106.5 milyona satın alınmışdı.

Dahi rəssamın bugünədək bir çox əsəri ya oğurlanmış, ya da naməlum şəkildə itmişdir. Lakin onların 200-dən çoxu aşkar olunub.

Bəli, o dahi idi

Özünün də dediyi kimi “incəsənət həqiqəti anlamağa kömək edən yalandır”. Doğrudan da, o fırçasının gücü ilə gerçəklikləri kağızlar üzərinə köçürürdü. Əslində onu və yaratdıqlarını anlamaq çətindir, amma anlayan da çox şanslıdır, deyərdim. Çünki gerçəklikləri görmək hər insanın işi deyildir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?