Modern.az

Milli Məclisdə, qar problemindən, Qarabağ məsələsindən, Xocalı soyqırımından danışıldı

Milli Məclisdə, qar problemindən, Qarabağ məsələsindən, Xocalı soyqırımından danışıldı

12 Fevral 2010, 13:24

Bu gün Milli Məclisin yaz ssesiyasının ikinci iclası keçirilir. Modern.az xəbər verir ki, iclas cari məsələlərin müzakirəsi ilə başlayıb.

Deputat İqbal Ağazadə təklif edib ki, bələdiyyələrin səlahiyyəti artırılsın. O, kommunal xərclərin ödənilməsi, Mənzil İstismar sahələrinin göstərdiyi xidmətləri də bələdiyyələrə həvalə etməyin vacibliyini vurğulayıb. İ.Ağazadə iri şəhərlərdə mer seçkisinin keçirilməsi məsələsini də qaldırıb.

Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, psixi xəstələrin sayında hər il 5 min artım qeydə alınır. Deputatın fikrincə Ailə Məcəlləsinə əlavə və dəyişikliklər olunmalıdır. Nikaha girən şəxslərin sağlamlığı haqqında tibbi arayış tələb edilməlidir. “Dünyanın bir çox ölkələrində nikaha girən şəxslərin sağlamlıq haqqında bir-birinə məlumat verməsi qanunvericiliklə tələb edilir. Burada əsas məqsəd dünyaya gələn uşaqların sağlamlığını qorumaqdır”. M.Quliyev deyib ki, Azərbaycanda nikaha girən şəxslərin ən azı 5 xəstəlik üzrə yoxlanılmalıdır. Zahid Oruc İranın Dağlıq Qarabağ münaqişəsini həll olunmasına dəstək vermək istəməsi təklifini xatırladaraq deyib ki, bu ölkə öz səmimiliyini göstərmək üçün Ermənistanla sərhədlərini bağlamalıdır: “1992-ci ildə İran bu prosesdə iştirak edirdi. Amma həmin dövrdə Şuşa işğal edildi”. Deputat deyib ki, İran problemin Dağlıq Qarabağ probleminin uzanmasında səbəbkarlardan biridir. “Əgər həqiqətən İran bunu səmimi istəyirsə Türkiyə kimi addım atsın”.

Spiker Oqtay Əsədov deyib ki, Azərbaycanın İranla 640 km-lik sərhəddi var. O, İranın Azərbaycanla dost ölkə olduğunu bildirib: “Əgər hansısa ölkə Dağlıq Qarabağ məsələsində Azərbaycana kömək etmək istəyirsə, bundan narahat olmaq olmaz”. Tahir Rzayev isə çıxışı zamanı bələdiyyələrə geniş səlahiyyətin verilməsinin əleyhinə olduğunu deyib. Qüdrət Həsəquliyev deyib ki, son günlərin qarlı və çovqunlu hava şəraiti Bakı şəhərinin təsərrüfatının bərbad vəziyyətdə olduğunu üzə çıxardı. Onun sözlərinə görə, strateji əhəmiyyətli sahələrin rəhbərlərinin damarında türk qanı axmalıdır ki, bu sahələrə ürəyi yansın. Deputatın fikrincə, şəhər təsərrüfatının işinin yaxşılaşdırılması üçün aparılan struktur islahatları öz effektini verməyib. O, xidmət sahələrinin özəlləşdirilməsinin, ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslərin cəzalandırılmasının vacibliyindən danışıb.

Fazil Mustafa da qarlı günlərdə yaşanan problemlərə toxunub: “Əgər müharibə aparsaq sinoptiklərlə məsləhətləşməliyik. Çünki havanın qarlı olması göstərir ki, biz belə günlərdə müharibə aparsaq, günlərlə işıqsız qalacağıq”.

Fazil Mustafa spiker Oqtay Əsədova xitabən onin İrana gözlənilən səfəri zamanı bu ölkədə həbsdə saxlanılan azərbaycanlı alim Rəşid Əliyevlə bağlı məsələnin də qaldırılmasını təklif edib. ”Rəşid Əliyev elmi tədqiqat institutunun fizikidir. İranda həbsdədir. Nüvə fizikası sahəsində görkəmli mütəxəsisdir. Vaxtilə Klinton Şimali Koreyaya səfər edərək iki jurnalisti azad etdirdi”. F.Mustafa deyib ki. Spiker İran səfəri zamanı Rəşid Əliyevlə bağlı məsələdən deputatlarımızın narahatçılığını çatdırsın.

Oqtay Əsədovun reaksiyası belə olub: “Mən Bil Klinton deyiləm. Ancaq çalışacam ki vəziyyəti öyrənim. Mənə də bu haqda müraciətlər var”.

Fəzail Ağamalı enerji sistemində baş verən hadisəyə görə struktur rəhbərlərinin cəzalandırılmalı olduğunu deyib. Onnun sözlərinə görə, qarlı günlərdə Bakının əsas küçələri həqiqətən təmizlənirdi. Qaz, su problemi olmadı, amma enerji problemi yaşandı.

Oqtay Əsədov deputatlara “qar yağmasaydı bu gün danışmağa mövzu olacaqdırmı? Bu hadisələri normal qarşılamaq lazımdır. ABŞ-da da belə hadisələr baş verir və işıq günlərlə olmur” deyib. 

Ziyafət Əsgərov Xocalı soyqırımına diqqət çəkib: “Fevral 26-da Xocalı soyqırımının növbəti ildönümü qeyd olunacaq. Hələ də bizim bəzi deputatlarımız qəzet səhifələrində çıxış edir ki, guya Azərbaycan parlamenti Xocalı hadisəsini soyqrımı kimi tanımayıb. Türkiyə deputatları da bunu bizə deyirlər ki, 1994-cü il fevral 24-də Xocalı soyqırımına qətliam kimi qiymət verilib və dünya ölkələrinə bəyanat yayılıb , xahiş edilib ki, hadisə soyqrımı kimi tanınsın. Hər il bu hadisə ilə bağlı dünya ölkələrinə müraciət qəbul edilir”. Z.Əsgərov deyib ki, Ermənistanla Türkiyənin imzaladığı protokollarla bağlı ziddiyyətli vəziyyət ortaya çıxıb. Ermənistan Konstitutusiyası öz məqsədinə uyğun şərh verib. Amma Minsk qrupu Ermənistan əvəzinə Türkiyəyə təzyiq göstərməyə başlayıb. Onun sözlərinə görə, genosid məsələsi başqa-başqa ölkələrin əlində Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edilir. ”Mən ABŞ konqresinə müraciət edirəm ki, bu məsələdə obyektiv mövqe tutsun. Uyrurma "erməni genosidi" onların işi deyil, tarixi məsələdir. Qoy bu işi tarixçilər araşdırsın”. Z.Əsgərov Qarabağla bağlı danışıqların son mərhələdə olduğunu, amma hər dəfə Ermənistan rəhbərliyinin fərqli mövqe tutduğunu qeyd edib. O, Ermənistanı Rusiyanın quberniyası adlandırıb.

Deputat Qənirə Paşayeva I vitse-spiker Ziyafət Əsgərovun qondarma “erməni genosidi” ilə ABŞ Konqresinə ünvanladığı müraciətə bütün millət vəkillərinin qoşulmasını təklif edib.

Rəbiyyət Aslanova həmkarı Qüdrət Həsənquliyevlə razılaşmayaraq onun bəzi dövlət orqanlarının rəhbərləri barədə dediklərinə münasibət bildirib. “Hələ türk olmaq rəhbərin yaxşı işləyəcəyinə əsas vermir”. İclasda fondlar və ictimai birliklərlə bağlı qanunlara əlavə və dəyişiklər müzakirə olunub. Vahid Əhmədov deyib ki, xarici təşkilatlar tərəfindən təsis edilən və hüquqi şəxs olmayan QHT-lərin filiallarının rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşı olmalıdır.

Fazil Mustafa bildirib ki, əgər əsas məqsəd rəhbərlikdə Azərbaycan vətəndaşının olmasını tələb etməkdirsə, bunu əsas vəzifələrdən biri kimi göstərmək daha düzgündür. Çünki elə filial ola bilər ki, onun müavin strukturu ümumiyyətlə olmasın. Deputat deyib ki, QHT-lər təsis edilən zaman Azərbaycanın görkəmli şəxsiyyətlərinin adından istifadə edilməsinə icazə verilmir. İcazə yalnız görkəmli şəxsin vərəsəsindən və ya yaxın qohumlarından alına bilər. “Görkəmli şəxslər kimlərdir, onların siyahısı müəyəynləşdirilməlidir”.

Azay Quliyev bildirib ki, Azərbaycanda 2483 QHT qeydiyyata alınıb. Onun 106-nın filial və nümayəndəliyi xaricilər tərəfindən təsis edilib. “Yaxşı olardı ki, görkəmli adamların adlardan istifadə müvafiq dövlət qrumunun icazəsi ilə verilsin”-deyə deputat bildirib. 

Musa Quliyev söyləyib ki, görkəmli şəxslərin adlarının qadağan olması başa düşülmür. “Əgər onlar görkəmlidirsə, demək xalq üçün əhəmiyyətli insanlardır və xalq da onun adından xoş məramlı məqsədlər üçün istifadə edə bilər. Görkəmli adamların adından istifadəyə icazə verilmirsə, QHT-lərə Barak Obama, Klinton kimi əcnəbi adlar qoyula bilər. Ya bu məhdudiyyət götürülməlidir, ya da ümumiyyətli QHT-lərə şəxs adları qoyulmamalıdır”. Qənirə Paşayeva da görkəmli adlardan istifadə ilə bağlı məhdudiyyətin qoyulmasının bəzi problemlər, narazılıqlar yaradacağını deyib. Ziyafət Əsgərov isə qeyd edib ki, əgər müavin tələbi varsa, bu strukturun olması imperativ normadır və hökmən müavin vəzifəsi olmalıdır. Müzakirələrdən sonra fondlar və ictimai birliklərlə bağlı qanunlara əlavə və dəyişiklər qəbul edilib. Dəyişikliyə əsasən QHT-lər öz nizamnamələrində qeyd edirlər ki, dövlət və qeyri-dövlət özünü idarə orqanlarının səlahiyyətlərinə aid olam məsələlər, dövlət nəzarəti, sanksiyalar, yoxlamalar həyata keçirə bilməzlər. Eyni zamanda QHT-lərin adında görkəmli şəxslərin adlarından yalnız onların yaxın qohumlarının icazəsi olan halda istifadə edilə bilər.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı