Modern.az

"Mənim komandam Azərbaycan millisidir, Almaniya yox"

"Mənim komandam Azərbaycan millisidir, Almaniya yox"

Müsahibə

12 Fevral 2010, 23:04

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fevralın 12-də AFFA-nın saytına  müsahibə verib.Modern.az həmin müsahibəni təqdim edir

- AÇ-2012-nin seçmə mərhələsinin püşkatmasına əsasən, milli komandamız “A” qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan yığmaları ilə mübarizə aparacaq. İstərdik, qrupumuzdakı rəqibləri dəyərləndirəsiniz...
- Maraqlı qrupa düşmüşük. Bizi gələcəkdə çox iş gözləyir. İnanıram ki, bu işdə Premyer Liqa klubları öz köməkliklərini əsirgəməyəcəklər. İndiyədək birlikdə işləmişik. Heç bir problem olmayıb. Çox şadam ki, qrupumuza Almaniya kimi güclü bir komanda düşüb. Almaniya dünyanın ən güclü komandalarından biridir. Onlardan çox şey öyrənə bilərik. Bundan əlavə, qonşu Türkiyə millisi də bizim qrupda yer alıb. Artıq onlarla yoldaşlıq görüşü çərçivəsində qarşılaşmışıq. Əgər Rusiya ilə evdə oynadığımız oyunu Türkiyə, Avstriya, Belçika kimi komandalara qarşı nümayiş etdirsək, yaxşı nəticə qazana bilərik. Qazaxıstan haqda heç nə deyə bilmərəm. Çünki bu komanda haqda hələ ki geniş məlumata malik deyiləm.
- Artıq ikinci dəfədir ki, seçmə mərhələdə Almaniya millisi ilə eyni qrupda yer alırıq. Həmvətənlərinizə qarşı oynamaq sizin üçün ikili hisslər yaratmırmı?
- Almaniyalı olsam da, meydanda rəqib oluruq. Mən Azərbaycan milli komandasının baş məşqçisiyəm. Mənim komandam Azərbaycan millisidir, Almaniya yox. 28 ildən çox Almaniya Futbol İttifaqında işləmişəm, orada dostlarım var. Biz çalışacağıq ki, 180 dəqiqə ərzində almanları əsəbiləşdirək.
- Püşkatmadan sonra almaniyalı həmkarınızla fikir mübadiləsi aparmısınızmı?
- Cənab Lövü hazırda dünya çempionatı maraqlandırır. Bundan əlavə, Almaniya Futbol İttifaqı ilə müqaviləsi başa çatacaq. Yəni Avropa çempionatının seçmə mərhələsinin oyunları onun üçün hələ vacib deyil.
- Seçmə mərhələyə hazırlıq çərçivəsində qrupdakı rəqiblərə uyğun komandalarla yoldaşlıq görüşü keçirməyi planlaşdırırsınızmı?
- Komanda fevralın 22-də toplaşacaq. Çoxdandır birlikdə məşq etmirik. Futbolçularımla seçmə mərhələ haqda söhbət edəcəyəm. Bu təlim-məşq toplanışında oyunçular özlərini göstərmək fürsəti əldə edəcəklər. Mayda Frankfurta yola düşəcəyik. Orada iki yoxlama görüşü keçirməyi planlaşdırırıq. Həm də futbolçuları tibbi testdən keçirəcəyik. Onlar güclü və zəif tərəflərini bilməli, buna əsasən hazırlıq keçməlidirlər. Yoldaşlıq görüşündə qarşılaşmaq istədiyimiz bir-iki komanda var. Ancaq bunun üçün qarşı tərəfin də təqvimini nəzərə almaq lazımdır. İndidən ad çəkmək istəmirəm. Qarşıdakı 4-5 həftədə hansı komandalarla qarşılaşacağımız bilinəcək.
- Püşkatma mərasimindən sonra mətbuatda müxtəlif fikirlər səsləndirildi. Türkiyə mətbuatı da Azərbaycanı qrupun zəif komandası kimi qələmə verdi. Qardaş ölkə mətbuatında səslənən fikirlərə münasibətiniz necədir?
- Mənə məşqçi həmkarlarımın fikirləri maraqlıdır. Hazırda Türkiyə millisinin baş məşqçisi yoxdur. Ona görə də mətbuatın yazdığına şərh vermirəm.
- Azərbaycan milli komandasının qarşıdakı iki yoxlama oyununda yeni simalar görə biləcəyikmi?
- Milliyə cəlb olunan futbolçuların hazırkı vəziyyətlərinin nə yerdə olduğunu bilmək istəyirəm. Fevralın 22-də İordaniyaya yola düşəcəyik. O ki qaldı yeni futbolçuların milliyə cəlb olunmasına, bu, məndən yox, oyunçulardan asılıdır. Həm bu həftəsonu, həm də gələn həftə Premyer Liqanın oyunlarının izləyəcəyəm. İnanıram ki, millidə yeni futbolçular görəcəyik.
- Fevralın 22-də Almaniyada qrupumuzun təqviminin müzakirəsi olacaq. Siz milli komandanın baş məşqçisi kimi təqvimin necə olmasını istəyərdiniz?
- İstənilən halda, bütün rəqiblərə qarşı oynamalıyıq. Birinci oyunumuzu evdə və ya səfərdə keçirməyimizin elə bir əhəmiyyəti yoxdur. Qrupun favoriti biz deyilik. Onu nəzərə almalıyıq ki, avqustun 9-dan sentyabrın 10-dək Ramazan ayıdır. İstərdim ki, bu ərəfədə oynamayaq. Favorit olmadığımıza görə öz fikrimizi bildirmək çox çətindir. Onların fikirlərini nəzərdən keçirəcəyik, öz təkliflərimizi irəli sürəcəyik. Çalışacağıq ki, optimal həll yolunu tapaq. Ümid edirəm ki, öz aramızda razılıq əldə edəcəyik və məsələnin UEFA tərəfindən həll olunmasına ehtiyac qalmayacaq. Əgər ortaq məxrəcə gələ bilməsək, təqvimi UEFA özü müəyyənləşdirəcək. Məncə, heç bir komanda məsələnin UEFA tərəfindən həll edilməsini istəməz.
- Qrupda birinci yeri Almaniya, ikinci yeri Türkiyə yığmasının tutacağı fikirləri səslənir. Avstriyanın və Belçikanın orta, Qazaxıstan və Azərbaycan millilərinin sonuncu pillələrdə qərarlaşacağı güman edilir. Siz bu fikirlərlə nə dərəcədə razısınız?
- Qrupumuz haqda kimin nə fikir bildirdiyi məni maraqlandırmır. Mən futbolçuların və komandanın gücünə bələdəm. Yaxşı hazırlıq keçsək, Bakıdakı oyunlarda rəqiblərimizə çətin anlar yaşada bilərik. Bunun üçün yaxşı hazırlıq keçmək vacibdir. Hər şey futbolçuların əlindədir. Bilirəm ki, hazırlığımız yaxşı olacaq. Futbolçular seçmə mərhələdə özlərini göstərməlidirlər.
- Bu seçmə mərhələdə AFFA rəhbərliyi qarşınıza hansı məqsəd qoyub?
- Rusiyaya qarşı oynadığımız oyunu unutmalıyıq. Mən bilirəm ki, komanda bundan da yaxşı oynaya bilər. İnanıram ki, futbolçular bundan sonrakı oyunlarda özlərinə daha çox güvənəcəklər. Bizə komandanın özülünü qurmaq lazımdır. Bunun üçün də əsasən fiziki cəhətdən hazırlıq keçəcəyik. Futbolçularım Rusiya ilə oyuna aldanıb arxayınlaşmamalıdırlar. Yəni bununla kifayətlənməməlidirlər. Çünki bununla iş bitmir. İndi futbolçularım öz üzərlərində daha çox işləməlidirlər. Bunun üçün də milli komandaya hər cür şərait yaradılıb. Ümid edirəm ki, bu seçmə mərhələdə daha çox xal toplayacağıq. Ötən seçmə mərhələdə evdə keçirdiyimiz Lixtenşteyn və Finlandiya ilə oyunlarda yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Həmin oyunlarda qələbə qazanmalı idik. Ona görə də məqsədimiz budur ki, bu seçmə mərhələdə gözəl futbol nümayiş etdirməklə yanaşı daha çox xal toplayaq.
- Qrupumuzda 9 xal yığmaq və ya 3-cü, 4-cü yeri tutmaq nə dərəcədə realdır?
- Mən komandamın gücünə bələdəm. O cümlədən rəqiblərin nəyə qadir olduqlarını yaxşı bilirəm. Ona görə də, mətbuatda bu cür fikirlərin səslənməsi mənə maraqlı gəlir.
- Bəzi KİV-də yığma komandamızın müdafiəçisi Mahir Şükürovun millidən imtina etməsi xəbərləri yayılıb. Əgər Mahir Şükürovun millidən imtina etməsi qəti olarsa, ona nə məsləhət görərdiniz?
- Mahir artıq öz qərarını verib. Bu gün onunla görüşdüm. Bir məşqçi, bir dost kimi söhbət etdik. Məsləhət verdim ki, futbolçunun fasilə vaxtı müsahibə verməsi yaxşı hal deyil. Çünki bu cür sensasiyalar yaranır. O, əvvəlki kimi millidə çıxış etməyə tam hazır olduğunu dedi.
- Vaqif Cavadovun “Tvente”dəki perspektivini necə görürsünüz?
- Burada olmasam da, orada “Tvente” rəhbərliyi ilə söhbət etmişəm. Enshede şəhəri mənim evimdən cəmi 1 saatlıq uzaqlıqdadır. Vaqif kimi gənc futbolçunun Hollandiyanın “Tvente” klubuna keçməsi yaxşı haldır. Orada tam fərqli şəraitdə, peşəkar səviyyədə məşq keçirlər. Aydın məsələdir ki, Vaqif Hollandiyada bütün oyunlarda meydana çıxmayacaq. Növbəti mövsümdən müntəzəm olaraq oynayacağını düşünürəm. Bu, Azərbaycan futbolu üçün böyük reklamdır ki, millinin oyunçusu Avropa klubunda çıxış edir.
- Köməkçiniz Vaqif Sadıqov “Neftçi”nin baş məşqçisi təyin olunub. Yeni köməkçinizin kim olacağını müəyyənləşdirmisinizmi?
- Seçim etməkdə tələsmirik. Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan uşaqlara rəhbərlik edən Təbriz Həsənovun işindən çox razı qaldım. Başqa namizədlər də var.
- Karyeralarını ölkə xaricində davam etdirən Mahir Şükürovla Vaqif Cavadov UEFA-nın qaydalarına əsasən 4 gündən artıq millinin düşərgəsində ola bilməyəcəklər. Bu sizin işinizə mənfi mənada təsir edəcəkmi?
- Mahirlə söhbətimdə o, mənə bildirdi ki, gün ərzində 4-5 saat məşq edirlər. Ancaq Azərbaycanda futbolçular bu qədər məşq etmir. Biz 10 günlük təlim-məşq toplanışları zamanı əsasən fiziki hazırlığa üstünlük veririk. Çalışırıq ki, futbolçuları 5 gün ərzində iki oyun keçirməyə hazır edək. Həmin futbolçular öz klublarında yaxşı hazırlıq keçəcəklər. Fiziki cəhətdən daha hazır vəziyyətdə olacaqlar. Onların yoxluğunun elə də böyük təsiri olmayacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir