Modern.az

Eldar İbrahimov: "Partiyamızın sədri nə vaxt məsləhət görsə..." - MÜSAHİBƏ

Eldar İbrahimov: "Partiyamızın sədri nə vaxt məsləhət görsə..." - MÜSAHİBƏ

3 Noyabr 2012, 12:17

“YAP öz namizədini, təbii ki, qurultayda irəli sürəcək”

YAP Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov hakim partiyanın qarşıda gözlənilən qurultayı və digər məsələlər barədə danışıb.

- Qarşıdan növbəti prezident seçkiləri gəlir. Bu baxımdan, seçkiqabağı durumu necə qiymətləndirirsiniz? Eyni zamanda, 2013-cü il seçkiləri ilə bağlı müxtəlif proqnozlar verirlər ki, bu seçkilər artıq hakimiyyətin sonudur. Yəni Qərbdən, beynəlxalq təşkilatlardan artıq hakimiyyətə verilən dəstək çəkilib. Bu iddiaları necə, qəbul edirsinizmi?

– Təbii ki, bu iddiaları mən də izləyirəm, baxıram. Xüsusilə, son vaxtlar Rusiyada azərbaycanlıların yeni diaspora ittifaqını yaratmaq, filan, bunlar, – bəlkə də xoşniyyətlə yaranır, mən onun dərinliyinə qədər bilmirəm, – istər-istəməz sensasiyaya səbəb olur, bu özü 2013-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində belə hesab edirəm ki, yaxşı hal deyil. Eyni zamanda, daxildə baş verən hər hansı bir məsələni bizi istəməyən müxalifət qüvvələri şişirdib beynəlxalq təşkilatlara ötürürlər, dünya ölkələrinə ötürürlər, hətta təsəvvür edin, ABŞ-ın Azərbaycandakı səfirinin danışıqlarında da bunları sezirik, hiss edirik. Yəni, hər cür vasitə ilə daxildə olan qüvvələr, hətta elə iqtidarın içində olan müəyyən adamlar da - mən dəqiqliyi ilə bunu deyə bilmərəm, amma sadəcə, öz hissiyyatımı, proqnozumu deyirəm - çalışırlar ki, hardasa gələn il seçkilərdə nə isə bir problem yarada bilsinlər. Amma bununla belə, belə bir problemin yaranacağına da inanmıram...

– Niyə?

–Çünki Azərbaycan xalqı, bütövlükdə Prezidentimizin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası buna imkan verməz. YAP bu gün 600 min insanı öz ətrafında birləşdirən bir partiyadır. Elə 600 minin hər birində bir dörd nəfər ailə üzvü olsa, bu, iki milyon, üç milyon əhali edir. Yəni bu səs var. İlham Əliyevin prezident seçilməsinin heç bir problemi yoxdur. Sadəcə, yenə deyirəm, bu adamlar belə fikirləşirlər ki, atalar məsəlində deyildiyi kimi, “bəlkə də qaytardılar”. Əlbəttə, onların o niyyətləri hamısının gözündə qalacaq.

İlham Əliyevin iki çağırış, yəni, 2003-cü ildən bəri demək olar ki, bu 10 ildə gördüyü işlər hamının gözünün qabağındadır. İlham Əliyev, həqiqətən, Heydər Əliyev siyasətini çox ləyaqətlə davam etdirir, onu çox yüksək səviyyəyə qaldırıb. Deyirlər, oğul atasından qabağa keçməlidir.

Bu gün ölkəmizin iqtisadiyyatı sürətli inkişaf yolundadır, ölkəmizdə quruculuq, abadlıq işləri dinamik xarakter alıb, bu gün hər yerdə yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bu idman sarayları kimin üçündür? Azərbaycan üçündür. Bu yollar çəkilir, kimin üçündür? Onun üçündür ki, bizim balalarımız məktəblərə rahat yollarla gedib-gəlsinlər. İşığı var, qazı var, suyu var.

Şəxsən mən ölkəmizin, xalqımızın ağır günlərini 20 il bundan qabaq - 90-cı ildən başlayaraq, 93-ün özündə də, 94-ün özündə də - Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtların əvvəlində də şahidi olmuşam. Yəni, 90-cı ildən Azərbaycan Ali Sovetinin deputatı kimi bu işlərin içərisində mən yaşamışam.

Allah uzaq etsin, Allah aparsın gətirməsin o günləri. O günləri görəndə, əlbəttə, bu günlərə hər bir insan, hər bir azərbaycanlı şükür etməlidir ki, indi əmin-aman, azad, müstəqil Azərbaycanın vətəndaşıyıq. Rahat küçələrimizdə gəzirik, nəvələrimizlə çıxırıq, balalarımızla çıxırıq. Bulvarda səhərə qədər adam əlindən də yer olmur. Nəyə görə?

Birinci növbədə ölkədə əmin-amanlıq var. Bu əmin-amanlığın da əsasını qoyan ulu öndərimiz Heydər Əliyev olub. Bu gün də onun davamçısı olan, çox ləyaqətlə onun işini, siyasətini davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevdir.

İqtisadiyyatımız nə qədər inkişaf edib. Büdcəmiz il-ildən qalxır. 1996-cı ildə, mən bunu həmişə deyirəm, büdcəmiz cəmi 516 milyon idi, amma biz artıq manatla götürəndə 20 milyarddan danışırıq. Dollarla götürəndə 24-25 milyard dollardan danışırıq. Bu, inkişaf elə-belə deyil.

Məsələn, 2012-ci ilə nisbətən 2013-cü ildə iki milyarda yaxın bizim büdcəmiz qalxıb. Bütün dünya bu gün böhran, iqtisadi böhran, maliyyə böhranı içərisindədir. İspaniyası, Yunanıstanı, Portuqaliyası, bu günlərdə artıq İngiltərəsi böhranla çarpışmaqdadır.

Artıq bütün Avropanı böhran bürüyüb. Amma baxın Azərbaycanda ümum daxili məhsul istehsalında - düzdür, ümumilikdə götürəndə az olsa da, amma artım var. Ayrı-ayrı sahələrdə artım var. Bunlar özü böyük şeydir. Yəni, biz bu gün artımı saxlaya biliriksə, demək, böhrandan uzaqdayıq. Ən azı böhrana tutulmamışıq, bu özü çox böyük iqtisadi uğurun səmərəsidir.

Bunları - bu işləri aparan ancaq və ancaq möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir və bütün Azərbaycan xalqı bunlara görə İlham Əliyevi dəstəkləyir. Onun növbəti dəfə prezident seçilməyinə inanıram ki, hamı bir nəfər kimi səs verəcək. Amma yenə təkrar edirəm ki, içəridə bunu istəməyən adamlar da var. Bu da təbiidir. Hamı istəyə bilməz. Kimlərsə - müxalifətdən hakimiyyətə gəlmək, əlbəttə, onlar çalışacaq ki, əks təbliğat aparsınlar.

Amma bizlər də “yeni azərbaycançı”lar, Yeni Azərbaycan Partiyasının üzvləri olaraq İlham Əliyevin təbliğatını yüksək səviyyədə aparacağıq, həmişə olduğu kimi. Bütün bölgələrdə ortaya qoyulmuş məsələlərlə əlaqədar olaraq fikirlərimizi deyəcəyik.

Yenə deyirəm, bu gün rayonlarda gedən inkişaf təkcə rayon mərkəzlərini əhatə etmir, bu proses indi artıq kəndlərə keçib. Kəndlərin yolu düzəlir, kəndlərdə abadlıq işləri görülür. Bunlar Prezidentimizin atdığı addımlarla, yəni, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq görülən işlərdir.

Bu yaxınlarda Özbəkistanın Senatının sədrini qarşılayıb yola saldım, o mənə dedi, inanın mən Azərbaycanda birinci dəfədir oluram, heç vaxt olmamışam, Bakı nə qədər gözəldir. Hətta dedi ki, bulvardan üzü  “Kristal Holl”a qədər getmişəm, nə qədər gözəl bulvarınız var, “Kristal Holl”un özü nə qədər gözəldir. Bayraq meydanı nə qədər gözəldir.

Bunların hamısını yaradan kimdir? Bunların hamısını yaradan ölkə başçısıdır. Ölkə başçısının apardığı siyasətdir. Ona görə də insanlar bunu başa düşür, qiymətləndirir və Prezidentimizi dəstəkləyirlər.

– Belə fikirlər də var ki, 2013-cü il seçkiləri ilə bağlı iqtidarda, yəni, hakim partiyada müəyyən tərəddüdlər mövcuddur. Yəni, ola bilər ki, İlham Əliyev namizədliyini verməsin, hakimiyyət digər variantlar, şəxslər üzərində dayansın, hətta burada adlar da çəkilir və sair...

– Təbii ki, mən də müəyyən tərəddüdləri, müəyyən, belə deyim ki, iddiaları hiss edirəm. Amma bizim partiyanın sədr müavini Əli Əhmədov da, mən də və digər bizim partiya üzvləri də konkret olaraq həmişə demişik, bu ümiddəyik və həqiqətdə də belə olacaq, təkcə YAP-ın yox, bütün Azərbaycan xalqının İlham Əliyevdən başqa namizədi yoxdur.

Mən bu sözləri bir neçə dəfə demişəm və bir də təkrar etmək istəyirəm. Bu gün bəlkə İlham Əliyevə o prezidentlik vəzifəsi lazım deyil. Sadəcə, İlham Əliyevin prezidentliyi bizə lazımdır, Azərbaycan xalqına lazımdır. Bu boyda iş görən insan, Azərbaycanı bu boyda inkişaf etdirən, Azərbaycanı dünyada tanıtdıran bir şəxsiyyət yalnız Azərbaycan xalqına rəhbərlik edə bilər, edir və etməlidir.

Elə bir ay yoxdur ki, Azərbaycanda, Bakıda, nəinki Bakıda, regionlarda - Qəbələdə, Naxçıvanda və sair, beynəlxalq tədbirlər keçirilməsin. Azərbaycan dünyada ən mötəbər, hörmətli ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millət Təşkilatında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu balaca şey deyil. Bunlar hamısı bizim Prezidentimizin hesabınadır.

Prezidentin həm xarici, həm də daxildə apardığı işlər hər bir insanın gözünün qabağındadır. Ona görə də mən inanmıram ki, Azərbaycan xalqı başqa seçim etsin. Kimlərinsə bəlkə iddia olaraq, ürəyindən nələrsə keçir, hər şey ola bilər, hamı hər şey fikirləşə bilər. Amma sən fikirləşdiyini fikirləş, gör Azərbaycan xalqı nə fikirləşir. Yenə deyirəm, Yeni Azərbaycan Partiyası olaraq, təkidimiz də, məqsədimiz də ondan ibarətdir ki, İlham Əliyev yenidən Prezident olsun.

Bu gün Azərbaycanda İlham Əliyevin alternativi yoxdur. İkinci bir adam yetişməyib hələ. Yetişməyibsə, demək, İlham Əliyev bizim Prezidentimiz olmalıdır, İlham Əliyev ölkəmizi daha da inkişaf etdirməlidir. Gələcəkdə onun özü bilər, partiyanın sədridir, ölkənin Prezidentidir, nə deyəcəksə, o olacaq.

Amma bu gün üçün, mən elə hesab edirəm ki, o, heç bir başqa fikir də deməməlidir. Bu, mənim şəxsi fikrimdir, yəni, Eldar İbrahimov kimi, uzun illərdən bəri siyasətdə olan bir adam kimi, onun, ulu öndərimizin yaxın silahdaşlarından biri kimi, bu ölkənin 20 ildə keçdiyi həyat yolunu izləyən bir şəxs kimi bunu deyirəm.

Bizim İlham Əliyevdən başqa Prezidentimiz yoxdur və ola da bilməz. Və kimsə istəyir ki, Azərbaycan daim inkişaf etsin, Azərbaycan dağılmasın, Azərbaycanda əmin-amanlıq, sabitlik olsun, o zaman İlham Əliyevdən yapışmalıyıq. İstəsək də, istəməsək də Azərbaycan İlham Əliyevdən yapışmalıdır.

– Müxalif qüvvələr isə onu iddia edirlər ki, azad rəqabət şəraitində hakimiyyətin namizədi yox, müxalifətin namizədi qalib gələ bilər...

- Bilirsiniz, bizim müxalifət başqa ölkələrə arxayınlaşır, onlar başqa ölkələrlə, beynəlxalq təşkilatlarla iş aparırlar. Bunların da okeanın o tayında oturan Con dayıları deyir ki, siz bir az tərpənsəniz, biz sizə kömək edərik. Çünki bu Con dayılar da istəyir ki, başqa ölkələrdə - Afrika ölkələrində olduğu kimi, Azərbaycanda da bu cür hərəkətlər də etsinlər.

Amma onlar unudurlar ki, Azərbaycanda Prezidenti seçən Azərbaycan xalqıdır, Con dayılar yox, nə bilim filankəslər yox. Axı, müxalifət nə edib? Müxalifət hakimiyyətdə olub, 92-93-cü illərdə, bir il 12 ay 27 gün. Onu bütün Azərbaycan xalqı görüb ki, Azərbaycanı necə dağıtdılar, Azərbaycanı necə viran qoydular. Heydər Əliyev gəldi təzədən qırx arşın quyunun təkindən min dənə daşı bir-bir çıxartdı qoydu, dövlət qurdu.

İndi bu dövlət qurulub, Azərbaycan xalqının bəyəm ağlı yoxdur ki, bu qurulmuş, hazır dövləti təzədən verək kimlərəsə, getsinlər dağıtsınlar? Yəni, bunu hər bir insan başa düşür, təkcə mən siyasətçi kimi yox. Odur ki bu, qeyri-mümkün bir haldır. Azərbaycanda yenə deyirəm, əmin-amanlıq var, sabitlik var, Azərbaycan artıq öz resursları ilə dünyada özünə yer tutub, xüsusilə neft-qaz, enerji resursları ilə.

Ona görə də Azərbaycan çox böyük, hörmətli bir ölkədir. Azərbaycana heç kəs yaxın düşməz və düşmək istəməz də, Azərbaycanın pisliyin istəməzlər. Azərbaycan nə edir, Azərbaycan Gürcüstandan, Türkiyədən tutmuş, digər ölkələrə kimi onların iqtisadiyyatında çox böyük rol oynayır. Azərbaycan bu gün artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Şərqi Avropada, Serbiyada nə qədər böyük işlər görülüb, körpülər, yollar salınıb.

Digər ölkələrə - Gürcüstanın özünə biz nə qədər sərmayə qoymuşuq. Son bir neçə ildə üç milyarddan artıq Gürcüstana sərmayə qoymuşuq. İndi Türkiyədə böyük neftayırma zavodu tikilir. Türkiyədə - İzmirdə Heydər Əliyev liseyi artıq başa gəlib, Qarsda Heydər Əliyev liseyinin əsası qoyulub. Bu məktəb kimin üçün tikilir? Qarslı üçün tikilir də, izmirli üçün tikilir də - adı Heydər Əliyev liseyi olsa da.

Azərbaycan tikir, yəni, Azərbaycanın imkanları var və bu ölkələrə qoyduğu sərmayələr bu ölkələrin siyasətinə girən bir siyasətdir. Necə deyim, bu siyasəti əldə edən bir Azərbaycandır. Eyni zamanda, Pakistanda 500 nəfərlik qızlar məktəbi tikilib, mən gedib Kəşmirdə onun açılışında iştirak etmişəm. Dünyanın elə bir yeri varmı ki, Azərbaycan orada iş görməsin? Və çalışır ki, iş görməklə o dövlətləri özümüzə bağlayırıq. Yəni, belə olan bir halda mən inanıram ki, bugünkü hakimiyyətin - İlham Əliyevin hakimiyyətdən getməsində kimlərsə maraqlı olsun.

- Sizcə, YAP indi azad və ədalətli seçkilərə, rəqabətə hazırdırmı?

- Hazırdır. Mən birmənalı deyərəm ki, bu gün Yeni Azərbaycan Partiyası bütün gücü ilə, varlığı ilə buna  hazırdır və inanın ki, bu gün əgər hər hansı müqayisə aparsaq Yeni Azərbaycan Partiyası ən tanınmış partiyalardan biri kimi dünyanın hər yerində tanınır.

Çinin hakim Kommunist Partiyası ilə, Ukraynanın hakim Regionlar Partiyası ilə, Rusiyanın “Yedinaya Rosiya”sı ilə, nə bilim Misirdən tutmuş digər Afrika, Avropa ölkələrinə kimi bizim əlaqələrimiz var. Yeni Azərbaycan Partiyasını dünyada tanımayan bir ölkə, belə deyək də, hansısa bir partiya yoxdur. Bu, çox böyük bir uğurdur.

– Bəs prezidentliyə namizədinizin rəsmiləşdirilməsi necə olacaq?

– Yəqin ki, bütün bu məsələlər gələn il seçkiqabağı ərəfədə olacaq. İndi partiyamızın sədri nə vaxt məsləhət görsə, bu məsələ öz həllini tapacaq. Əlbəttə, bütün partiyalarda olduğu kimi, bizdə də qurultay çağırılacaq və qurultayda Yeni Azərbaycan Partiyası öz namizədini irəli sürəcək...

– Ümumiyyətlə, qurultayın vaxtı dəqiqləşibmi?

Yox, bu barədə danışmaq hələ tezdir.

Kamil Həmzəoğlu (gun.az)

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı