Modern.az

“Azərkimya”nın sabiq prezidenti Fikrət Sadıqov üzə çıxdı

“Azərkimya”nın sabiq prezidenti Fikrət Sadıqov üzə çıxdı

Aktual

3 Noyabr 2012, 16:41

“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti, eks-deputat Fikrət Sadıqov uzun müddətdən sonra ilk dəfə telekanallarda görünüb. Modern.az saytının məlumatına görə, bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən tədbirdə F.Sadıqov da iştirak edib və tədbirdən görüntülər dünən yerli telekanalların “Xəbərlər” proqramlarında yayımlanarkən eks-deputat da ekranlarda görünüb.  

Mərhum eks-prezident Heydər Əliyevin dövründə əməkdar mühəndis, texnika elmləri doktoru kimi yüksək titullar əldə edən Fikrət Sadıqov elə Heydər Əliyev dönəmindən sonra “vuruldu”.
F.Sadıqov Heydər Əliyevin prezidentliyinin əvvəlindən “Azərkimya” Dövlət Şirkətinin prezidenti postunu tutmuş, onun dövründə həm də Milli Məclisin deputatı seçilmiş, orden və medallarla təltif olunmuşdu.
Heydər Əliyev dönəmi başa çatandan sonra F.Sadıqovun da taleyi bəd gətirdi. O, 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı.

Amma F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.
Modern.az saytının məlumatına görə, Fikrət Sadıqovun iş yeri hazırda AMEA-nın  Kimya Problemləri İnstitutundadı. O, hazırda bu institutda qrup rəhbəri vəzifəsini tutur.
F.Sadıqov 5 ildən çox idi ictimai təbirlərdə iştirak etmir, televiziya ekranlarında, mətbuat səhifələrində görünmürdü.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı