Modern.az

Hər evdə bir bayraq olsun!

Hər evdə bir bayraq olsun!

5 Noyabr 2012, 09:18

Qarşıdan Dövlət Bayrağı Günü gəlir. Çoxları sevinir. Bilmirəm, həmin günə dəyər verdiklərindənmi, ya istirahət günü olduğundanmı?..

Dünən qardaşımın çarpayısının baş ucunda bayrağımızı görəndə çox böyük sevinc və fəxr hissləri yaşadım. Sevincimi büruzə verəndə o, burada təəccüblü heç bir şey olmadığını söylədi. Dedi ki, mən xarici ölkələrdə keçirilən idman yarışlarında apardığım mübarizə nəticəsində bayrağımızı ucaldanda belə sevinirəm:
“Elə bil ki, dünyaları mənə verirlər, qəlbim çırpınır, ayaqlarım əsir, gözlərim yaşarır. Bayrağın altında dayandığım zaman, elə bil, yarış hələ təzə başlayır, həyəcanım ən pik nöqtədə olur. Necə deyim, ifadə edə bilmədiyim hisslər keçirirəm…”  Ancaq mənim də sevincimin bir başqa izahı var: mən ona görə fəxr etmədim ki, məhz mənim qardaşım bayrağımızı sözdə yox, əməldə də sevdiyini sübut edir, onu otağının ən baş köşəsində saxlayır; mən ona görə sevindim ki, deməli, bayrağa dəyər verən azərbaycanlı gənclərimiz var. 

O bayrağı məhz o yerdə görməyə ehtiyacım vardı. Ailəmizin sonbeşiyi olan qardaşım, bəlkə də, bunu anlamazdı… Bu təsadüf son günlər məndə oyanan xoş olmayan təəssüratı qismən də olsa azaltmışdı. Ürəyimdə “Əgər bir azca səy göstərsək, bizim də gənclərimizin qəlbində bayraq sevgisi yarana bilər” düşüncəsi  oyandı. İndi isə keçim əsas məsələyə.

Bir neçə gün bundan öncə rəfiqəmlə oğlumu dənizkənarı parka aparmışdıq. Orada ucalan bayrağı gördüyümüz zaman rəfiqəm 5 yaşlı oğluma anidən: “Bayraqdakı göy rəng hansı mənanı ifadə edir?” sualını verdi. Cavabında oğlum bayrağımızın rənglərini sadalamağa başladı, amma rənglərin hansı məna ifadə etdiyini dəqiqliklə deyə bilmədi. Onun suala cavab verə bilmədiyini görən rəfiqəm dərhal baxışlarını mənə yönəldəndə anladım ki, elə sualı da mənə yönəltdi. “Türkçülük” söylədim. Amma razılaşmadı. Mən isə: “İnanmırsansa, zəng et, kimdən istəyirsən, soruş,” - dedim. Razılaşdı.

Dosta zəng başladı… Amma ağlıma belə gəlməzdi ki zəng etdiyimiz 8 nəfərdən yalnız biri bayrağımızdakı rənglərin hansı mənaları ifadə etdiklərini tərəddüd etmədən doğru söyləyəcək. “Kaş ki uşağın yanında belə etməzdik,” - deyə düşündüm. Haradan biləydim ki, zəng etdiklərimiz: “Qırmızı rəng şəhidlərin qanını ifa edir”, “Göy rəng islam mənasını verir”, “Göy türkçülük… yox, dayan, kitaba baxım, lap dəqiq cavab olsun”, “Eh, sən də sual tapdın verməyə” və s. kimi zarafat qarışıq cavablar verəcəklər. Ən maraqlısı, eyni zamanda arzuolunmazı isə müraciət etdiyimiz dəyərli dostlarımızın əksəriyyətinin təhsil müəssisələrinin  əməkdaşları olması idi. Aralarında müəllim də vardı….

Artıq mənim cavabımın düz olması qəbul olunmuşdu. Nədənsə sevinə bilmirdim. Axı bizim kiçiklərdən gözlədiyimiz bayraq sevgisini onlar böyüklərdən öyrənməlidirlər. Görünən bu idi ki, bəzi böyüklər özləri də bayrağımıza dəyər vermirlər… Bizim atributlarımıza olan laqeydliyimiz birbaşa Vətənimizə, torpağımıza, xalqımızın tarixinə olan laqeydliyimizin göstəricisi deyilmi? Bu mənzərə bizim vətənpərvərlik məsələlərinə səthi yanaşmağımızdan irəli gəlmirmi? Bayraq, vətən sevgisi olmayan bir ölkənin sabahına nə dərəcədə inam ola bilər? Elə bunun nəticəsidir ki, bu gün gənclərimiz ölkə daxilində olan kiçik bir problemi yadlara, xaricilərə asanlıqla, tərəddüdsüz deməyə meyillidirlər. Onlarda milli təəssübkeşlik hissinin ilbəil azalmasının səbəbi də elə mənəvi dəyərlərimizə saymazyana münasibətdən qaynaqlanır. Sanki Mişelmi, Mayklmı, Con və b. onların vətənlərinin qayğısına qalacaq…Onların uğur qazanmaları üçün çalışacaq, bayraqlarının daim yüksəkdə dalğalanmasına baxıb “ƏHSƏN, Azərbaycan gənci!” deyəcək. 10 dəqiqə içərisində tanıdığı almana, ingilisə, fransıza “Ölkəmizdə filan-filan problemlər var” deyərək qarışqanı da fil etməklə kimlərəsə yarınmağa çalışan gənclərimizə VƏTƏN, BAYRAQ, MİLLƏT sözlərinin kəsb etdiyi mənanı dərindən anlatmaq lazımdır. Və bu zamanında, körpələrə bağça yaşlarından  valideynləri, müəllimləri tərəfindən izah edilərsə, daha uğurlu olmazmı?

Bu gün gənclik elmli ola bilər. Lakin ürəklərində Vətən sevgisi, bayraq sevgisi, milli təəssübkeşlik olmadıqdan sonra nə anlamı var? O bilik kimə, nəyə yarar? Məncə, doğma vətəninin təəssübünü çəkməyən, onun dəyərlərini qəlbən sevməyən, ölkəsi haqqında mənfi rəy formalaşdıranlarla mübarizə aparmayan birinin “inkişaf” etməsi heç nəyə gərək deyil…Heç onun özünə də!

Qarşıdansa Dövlət Bayrağı Günü gəlir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın üçrəngli bayrağı Dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikamızın Dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. “Türkçülük, islamçılıq və müasirlik” mənalarının əks olunduğu, 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır. Arzu edirəm ki, bu günün dəyərini bilək. Bu günlə bağlı maarifləndirici tədbirlər həyata keçirək. Həmin günü sadə bir istirahət günü kimi yox, uca bayrağımıza layiq şəkildə qeyd edək. Hər evdə bir bayraq olsun. Hər kəs bir-birinə bayraq hədiyyə etsin. Şəhərimizin küçələri bayrağımızla bəzədilsin. Yaşlılar, cavanlar, uşaqlar gedəcəkləri yerə Azərbaycan bayrağı əllərində getsinlər. Hər birimizə bu yüksəkliyi dərk etmək arzusu ilə Bayraq Gününüz mübarək!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?