Modern.az

Parlament jurnalistləri deputat Qənirə Paşayevanı necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Qənirə Paşayevanı necə xarakterizə edirlər?

15 Fevral 2010, 16:45

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Modern.az saytı parlament jurnalistlərinə “Bu deputatı necə xarakterizə edərdiniz?” sualı ilə müraciət etməklə KİV nümayəndələrinin Milli Məclisin bütün üzvləri barədə rəylərini öyrənir. Həmkarlarımız bu dəfə deputat  Qənirə Paşayeva barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

 

Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli : “Mən Qənirə xanımı çox yaxşı, səmimi insan kimi tanıyıram. Çox işgüzardır. Həm qanun yaradıcılığı prosesində, həm də seçicilərinin probleminin həllində mümkün və mümkün olmayan işlər görür. Xaricdə də Azərbaycanı çox yaxşı təmsil edir. İctimai xadim kimi çox mükəmməl insandır”.

 

“Uç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Öncə həmkarımızdır, ünsiyyətcildir, parlamentdə fəaldır. Sərhədlərimizdən kənarda Qarabağ həqiqətlərinin yayılmasında böyük xidmətləri var. Çox iş görür”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Bizim dostumuzdur. Açiği jurnalistlər onu həm də Milli Məclisdəki təmsilçiləri kimi tanıyırlar. Hətta deputat olduğu beş il müddətində dəyişmədi. Seçicilərinə də jurnalistlər qədər yaxındır. Onların problemlərinin həlli üçün də çox çalışır. Bütün seçicilərə belə deputat arzulayıram”.

 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Sözlərimi olduğu kimi verin. Qənirə xanımın xətrini bir bacı qədər çox istəyirəm. O, çox vətənpərvər, Azərbaycansevər, türksevər insandır. Sözünə bütöv, mərddir. Eyni zamanda işgüzar və çevikdir. Parlamentdə jurnalistlərin ən yaxın dostlarından biridir. Mətbuatı maraqlandıran bütün məsələlərdə açıqlamalar verir. Az sayda deputatlardandır ki, seçicilərə verdiyi vədləri yerinə yetirməyə nail olur”.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Çox işgüzardır. Jurnalistlərlə mehribandır. Kifayət qədər məntiqli danışır. Milli məsələlərdə daim mövqeyini görürük”. 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Həmkarımızdır. Parlamentdə ən fəal deputatlardandır. Bütün məsələlər ətrafında onun mövqeyi var. Azərbaycandan kənarda da aktivlik nümayiş etdirir. Jurnalistlərlə yaxşı münasibətdə olsa da, bəzən ayrı-seçkilik edir”.

 

"Ekspress" qəzetinin əməkdaşı Aqil Aslan: "Onun barəsində cəmiyyətdə hər kəs müsbət fikirləşir. Millətini və dövlətini çox sevir".

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Məncə Üçüncü Çağırış Milli Məclisin ən uğurlu deputatlarındandır. Qənirə xanım göstərdi ki, əsl jurnalistin deputat seçilməsi cəmiyyət üçün nə qədər xeyirlidir, nəinki digər sahələrin adamlarının. Deyərdim xanım deputat lazım olandan da çox işləyir. Hətta şəxsi həyatını ictimai fəaliyyətə xərcləyir. Müasir Azərbaycan gəncliyinin nümunə götürəcəyi aktivlik nümayiş etdirir. Məncə, bəzi deputatlarımız da ondan öyrənməlidir”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Parlamentdə ən güvəndiyimiz deputatlardan biridir. Bizim sorğumuzda Qənirə xanım hər il həm plenar iclaslarda, həm də seçicilərin probleminin həllində ən fəal deputat nominasiyasının qalibi olub. Hətta o, başqa dairənin seçicilərinə də kömək edir. Keşkə, bizim 10 nəfər belə deputatımız olsaydı...”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Qənirə xanım barədə bütün Azərbaycan cəmiyyəti məlumatlıdır. Sadəcə, onun bu qədər çalışqanlığı həm də heyrət yaradır. Digər rayon sakinləri onu tovuzlulardan heç də az sevmirlər”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Birinci həmkarımızdır. Bu mənada jurnalistlərlə normal münasibəti var. Buna baxmayaraq “Yeni Müsavat”a müsahibə verməyib. Ümid edirik ki, bizə də danışacaq. Seçicilərlə də normal münasibətdədir. Dəfələrlə şahidi olmuşam ki, başqa seçki dairələrindən gələnləri qəbul edir, onlara kömək edir. Buna görə də başqa dairələrdən gəlib onu Milli Məclisdə axtarırlar. Çalışqandır, kaş Milli Məclis üzvlərinin 50 faizi onun kimi olaydı. Mən Qənirə xanımın hazırladığı siqaretin ictimai yerlərdə çəkilməsini qadağan edən qanun layihəsinin tezliklə qəbulunu istərdim”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Çevik və bacarıqlı deputatdır. Bir dəfə telekanalarda onun eyni gündə Gürcüstanda, Tovuzda və Bakıda tədbirlərə qatıldığını gördüm. Əvvəllər aktiv jurnalist idi. Məncə deputatın bu çevikliyi bundan qaynaqlanır”.

 

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Bəzən bizdə belə fikirlər səsləndirilir ki, Qənirə Paşayeva həddindən artıq fəaldır. Amma mən bununla razılaşmıram. Sadəcə, o, deputat kimi üzərinə düşən vəzifəni yerinə yetirir. Bəzi deputatlarımızda bu olmadığından, xanım deputat belə aktiv görünür”.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir