Modern.az

“Babamın gündəliyi” - II Hissə

“Babamın gündəliyi” - II Hissə

12 Noyabr 2012, 14:47

“ÖMRÜM QURĞUŞUN YÜKÜ...”

Bu, acı bir həyat hekayətidir – babamın həyat hekayəti. Amma çox ibrətamiz...

...İsmayıl babamla Sitarə nənəm evlənən ili Laçından Ağdama köçüblər. Birlikdə 34 il yaşayıblar. Nənəmin ömrü az olub: 54 il. Dərd isə təkcə onun ömrünün azlığında deyil. Ən böyük nisgil odur ki, nənəm 54 illik ömrünün 16 ilini çarpayı dustağı olub, ağrı-acılar içində yaşayıb. Müsibət, həm də ondadır ki, nənəmin faciəsinin tarixi ailənin ən bəxtəvər günü ilə birgə başlayıb. Babamla nənəm gözlərinin ilkini – Səadət bibimi Ağdamdan Laçına gəlin köçürürlər – 16 yaşında. Bibim o qədər gözəlmiş ki, əmisi başqasına qismət olmasın deyə tez ona elçi düşür, oğluna istəyir. Sitarə nənəmin valideynləri: Əvəz kişi ilə Səkinə arvad (onları nədənsə həmişə belə çağırıblar – S.C.) narazı olur bu izdivaca. Babam isə qardaşından keçə bilmir, xeyir-dua verir. Səadət bibimin özü də yaman könülsüz gedir əmisi oğluna, gözüyaşlı köçür ər evinə. Ağdamdan Laçına çal-çağırla toy karvanı yola düşür. Hamının üzü gülür – gəlindən başqa...

Səadət razı olmasa da köçürdük onu. Qaynatam-qaynanam toya gəlmədi. Mən incimədim. Amma Sitarə küsdü, “Niyə dədəmlə nənəm Səadətin toyuna gəlib nəvələrinə xeyir-dua vermədilər?” dedi. Toydan üç gün sonra Laçına getdi. Bu, son gedişi oldu. Nə biləydim, Əzrayıl yolunun üstündə dayanıb, yoxsa qır-saqqız olub yapışardım yaxasından, buraxmazdım onu, qoymazdım bu qorxulu yola çıxsın...”

Elə nənəm özü də onu ömürlük yatağa salacaq bir yola çıxdığını xəyalından belə keçirmir. Ağlına belə gətirmir ki, öz ayağı ilə gedib, xərəkdə qayıdacaq balalarının üstünə. Bilsəydi, fikrindən vaz keçərdi, axı evdə qoyub getdiyi sonbeşiyi cəmi-cümlətani bir yaşında idi...

Nənəm Laçına böyük əmim Ariflə gedir, öz aləmində fikirləşir ki, həm qızını görər, həm də ata-anasına incikliyini çatdırar. Yazıq neyləsin: “Uman yerdən küsərlər”.

Babam əzizlərini pay-püşlə, deyə-gülə yola salır Laçına...

Laçında çox ləngimir nənəm, bircə gün qalır orada, qızına dəyir, ata-anasını yoluxur, barışırlar, sonra geri dönür. Əmim babasıgildə qalır. Nənəmi isə atası Əvəz kişi yola salır. Bilet alıb, onu Laçın-Ağdam avtobusuna mindirir, özü də avtobusun dolub yola düşməyini gözləyir. Qəfil ağdamlı tanışını görür, tez və rahat olsun deyə qızını avtobusdan düşürür, bir laçınlı tələbəni də ona qoşub həmin tanışının maşınında yola salır, “Ləngimə, balalarının gözü yoldadı, Allah bilir, avtobus nə vaxt tərpənəcək” deyir...

Yenə də ataların məşhur sözü yada düşür: “Sən saydığını say, gör fələk nə sayır”. Yazıq Əvəz kişi belə sayır, fələk də öz bildiyini edir. Demə, atası nənəmi balalarının yanına yox, öz əcəlinə tələsdirirmiş...

Sürücünün də qəribə adı varmış: Umudvar. Amma adından ümid yağan bu kişi bir ailənin ümidini kəsir, bir ailəni anasız qoyur. Onun günahı üzündən maşın Şuşa yolunda qəzaya düşür, Xəlfəli dərəsinə aşır. Nənəm maşının pəncərəsindən yerə düşür, üzüaşağı yumalanır, bir kola ilişib qalır. Bununla qurtarsaydı, hər şey yaxşı olardı, bəlkə də. Ən dəhşətlisi bundan sonra baş verir, yuxarıdan iri bir daş parçası gəlib düşür nənəmin belinə... Nənəm sonralar danışarmış ki, Umudvara nə qədər yalvardıq, maşını saxlamadı, saxlaya bilmədi, maşının əyləci xarab imiş...

Sürücü Umudvara heç nə olmur, tələbə də salamat qurtarır bu qəzadan. Nə zülüm olursa, nənəmə olur...

Sonralar nənəm Umudvarı bağışlayır, qoymur türməyə düşsün. “O tutulsa, mənim yaralarım sağalmayacaq ki, ayağa durmayacağam ki. Qoy heç olmasa, onun ailəsinin, uşaqlarının gözü yaşlı qalmasın, külfətini dolandırsın. Onsuz da mənə olan olub, bu qəza mənimki imiş...”

Nənəm 20 gün Şuşa xəstəxanasında qalır, babam da Ağdamla Şuşanın yollarında...

“Sitarəmin yolunu yaman kəsdi bu yollar. Məni yollarda qoydu bu yollar. Başıma müsibətlər açdı bu yollar. Ömrümü zülmətə bürüdü bu yollar, bu dolamalar...”

Şuşada nənəmin vəziyyəti getdikcə daha da pisləşir. Amma yazıq babam əlini üzmək istəmir Sitarəsindən. Nə olursa-olsun, onu ölümdən döndərmək istəyir, sanki ölümlə savaşa girir, Əzrayılla “əlbəyaxa olur”... 

“...Ağdamda həkim Sədrxanov vardı, onun oğlu Elman Şuşa xəstəxanasında işləyirdi, Tibb İnstitutunu təzəcə qurtarıb təyinatla ora gedibmiş. Sitarəyə o baxırdı. Hər gün ona elə yalvarırdım ki, elə bilirdim hər şey ondan asılıdı, Sitarənin taleyi onun əlindədi. Yalvarırdım ki, Sitarəni sağaltsın. O da cavan uşaq idi, heç yalvarışlarıma məhəl də qoymurdu. Bircə kəlmə: “Əlimizdən nə gəlirsə, edirik...” deyirdi. Amma mənim əlimdə olsaydı, canımı Sitarəyə verərdim. Sitarə isə elə bir “oda düşmüşdü” ki, ona nə həkim, nə bəndə kömək edə bilirdi. Həkimin nə günahı vardı?.. Sitarənin yanında kiçik baldızım Şəkər qalırdı, Mirbəşirdə (indiki Tərtər rayonu – S.C.) körpə uşaqlarını qonşunun ümidinə qoyub, bacısının hayına qaçmışdı, Sitarənin yanından çəkilmirdi. Özüm də qalmışdım Ağdamla Şuşanın arasında. Sitarənin vəziyyəti düzələnə oxşamırdı, günü-gündən geri gedirdi...” 

...Üstəlik, erməni tibb bacısı katetirlə mikrob keçirdiyindən nənəmin sidik kisəsi də tutulur, bədəni tamam şişir, artıq heç kimi tanımır. Ertəsi gün babam xəstəxanaya gələndə dəhşətli mənzərə ilə üzləşir. Sən demə, həkim nənəmi ölmüş bilib onu “yarır”, amma bədənini açanda görür ki, ürəyi işləyir. Elə bu vaxt tibb bacısı babamın gəldiyini xəbər verir, həkim özünü itirir, tələm-tələsik nənəmin qarnını iri tikişlərlə tikir...

Sonra baş həkim: “Daha sizi aldada bilmərik, xəstənizi aparın evə və hər şeyə hazır olun” deyir babama. Əlacı kəsilən babam nənəmi ağır vəziyyətdə Ağdama qaçırır. Amma həkimlərin dediyi kimi evə yox, xəstəxanaya. Ağdam xəstəxanasında da babama ürəkaçan heç nə demirlər. Babamsa Allahdan əlini üzmür...   

“Yox, hələ Sitarəni saxlamalıyam. Hələ hər şey çox yarımçıqdı, uşaqlar körpədi. O yaşamalıdı, nəfəsi balalarının üstündə olmalıdı. Onun nəfəsi ilə böyüməlidi körpələr. Ya Rəbbim, Sitarəm ölməsin. Eybi yox, təki şikəst qalsın, amma ölməsin...”

Ağdam xəstəxanasında çox qalmır nənəm. İki gün sonra babam eşidir ki, nənəmi meyidxanaya qoyublar. Gecəylə içəri keçir, növbətçi həkimlərlə, tibb işçiləri ilə dalaşır, nənəmi meyidxanadan evə qaçırır. İndi də başlayır tanıdığı həkimləri evə - xəstənin üstünə gətirməyə. “Bu dərdin dərmanı var” deyən olmur. Hamı eyni şeyi söyləyir: “Toxtaq olun, ölüm Allah əmridi, ölümdən qaçmaq olmaz...”  

“Artıq Laçından da bütün qohum-əqrəba tökülüb gəlmişdi Ağdama. Həyətdə iri mağar qurulmuşdu - yas magarı. Hazırlıq görülmüşdü, mərasimi yola vermək üçün qoyunlar, ərzaq alınmışdı. Hamı gözləyirdi... Amma mən buna inanmaq istəmirdim, heç istəmirdim. Qəfil ağlıma Bəxtiyarov gəldi. Ağdamın ən yaxşı həkimlərindən idi. Haqq-salamımız vardı. Xətrimi çox istəyirdi. Gecəylə getdim evinə. Sağ olsun, sözümü yerə salmadı, gəldi.Yalvardım ki, son ümidim sənsən, qurtar onu, evdəki körpələrə qıyma. O da xəstəyə baxdı, di gəl ki, son ümidimi də alt-üst elədi, dedi ki, iş işdən keçib... Yola salanda Bəxtiyarov həyətdə qəfil dayandı, ətrafa göz gəzdirdi, nə fikirləşdisə dedi: “Sizə kömək etmək istəyirəm, amma bu barədə heç kim bilməsin. Gəlin, bunu da sınayaq, çıxmayan cana ümid çoxdu. Göydə Allah, yerdə biz, görək nə olur. Həyətdəki qoyunları kəsin, xəstəni isti-isti qoyunun dərisinə bürüyün, sabaha qədər gözləyək. Əgər mən deyən olsa, xəstə sizindi, yox... onda xəstədən əlinizi üzün, o, sizin deyil, torpağındı...” Biz həkimin dediyi kimi etdik. Allaha yalvara-yalvara səhəri dirigözlü açdıq. Səhər çarpayının yanına qoyduğumuz vedrə dolmuşdu, xəstənin bədəninin şişi isə tamam çəkilmişdi. Bəxtiyarov da gəldi, bunu görüb dedi: “Daha xəstənizin üzü bəridi, bundan sonrası sizdən asılıdı, nə qədər bacarırsınız, saxlayın onu...”

Beləcə, həyətdəki yas mağarı yığışdırılır, mərasim üçün alınan qoçlar qurban kəsilir, qonum-qonşuya paylanır...

* * * *

...Amma o dəhşətli qəza nənəmin təkcə bədənini şikəst qoymur, belini, onurğasını, sümüklərini qırıq-qırıq etmir, ömrünə da balta çalır, sabaha ümidlərini də çilik-çilik edir, arzularını didim-didim didir... 

O vaxtdan nənəmin də, babamın da, ailənin də qaradan-qara günləri başlayır. Evin böyük uşağı on dörd, kişiyi bir yaşında. Evin dirəyi – ana arxası üstə yataqda, uşaqlar körpə, kömək yox. Yük düşür babamın çiyinlərinə. İndi o, təkcə kişi işi – evə çörək gətirmək haqqında düşünmür, qadının görəcəyi işlər də onun boynunda qalır. Di gəl, bu yükü çək görüm, necə çəkirsən. Bu müsibətə döz görüm, necə dözürsən. Kişi toparlayır özünü...

O vaxtdan həm də gündəlik yazır babam. Gündüz çəkdiyi ağrı-acıları gecələr qələm-dəftərə danışır. Gözəl xətti varmış. Amma gündəliyin bəzi yerlərində xətti elə qırılır, elə korlanır ki, “ilan-qurbağa”ya dönür. O dəqiqə anlayıram ki, yazıq kişini yazdığı yerdə yuxu tuturmuş...

“6 aydır sınıxçı bizdə qalır. Sitarənin kürəyinin sümüklərini bitişdirir. Fatma bacımın qohumu Firuzə Ağdamın Soltanpud meşəsindən ağ saqqız gətirir, sınıxçı da saqqızı əridir, ağ parçanın üstündə Sitarənin kürəyinə yapışdırır ki, sümükləri bitişsin. Bunun çox xeyri var. Sitarənin parça-parça olmuş, hissiyyatını tam itirmiş çanaq hissəsinə isə Ruxumla (babam ömrü boyu Rüxsarə bibimi belə çağırıb, indi çağırmasın – S.C.) mən qulluq edirəm. Bu, çox çətindi. Yaralı xəstəni o tərəf-bu tərəfə döndərmək asan deyil. Üstəlik, köməkçim Ruxum çox arıq, cəlimsiz bir uşaqdı...”

Bunları xəyalıma gətirəndə İsmayıl babamın iradəsi, sədaqəti qarşısında deməyə söz tapmıram. Sübh tezdən işə get, günorta evə qaç, xəstəyə bax, uşaqlara yemək ver, sonra yenə işə, oradan bazar-dükana, aptekə dava-dərman dalınca qaç, sonra... Gecələr də göz yumma, çimir eləmə, xəstənin başının üstünü kəsdir. Hələ üstəlik, hər günün gündəliyini yaz, olub-keçənləri qələmə al, nənəmə kitab oxu. Mənim gözəl babam... Baxın, o, nənəmə Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərini, Mikayıl Müşfiqin şeirlərini oxuyarmış. Bir də öz şeirlərini. Elə bilməyin ki, babam yazıçı olub, yox. O, sovet dövründə Laçın Rayon Partiya Komitəsində, Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsində, Ağdam Kommunal Xidmət İdarəsində və s. yerlərdə işləyib. Həm də fitri istedadı, gözəl səsi olub babamın. Duyğusal şeirlər yazıb. Ürəyini, nisgilini bu şeirlərə boşaldıb. Artıq babam yoxdu, amma şeirləri gündəliyində öz ömrünə davam edir...  

Sonralar babam çox həkim gətirir nənəmin üstünə, amma heç kim onu çarpayıdan ayağa qaldıra bilmir. Babam illərlə xəstə nənəmə, övladlarına qulluq etməklə ömrünü əridir, cavanlığını qurban verir, “sevgilisi”ni xilas edə bilməsə də. Bircə dəfə də üz-gözünü turşutmur, nələr çəkdiyini hiss etdirmir, əksinə, onu “sevgilim” deyə əzizləyir. Oxuyuram, mat qalıram. Qadının sənə nəvaziş, qulluq göstərmək əvəzinə sən onun qulluğunda durasan! O sənə əzab-əziyyət verə, sən də qarşılığında ona “can” deyəsən...

Hər axan suya, ötən quşa, telləri oxşayan sərin səba yelinə söyləyib dərdimi, əlacını dilədim. Bu dərdə çarə yox dedilər. Günlər, aylar, illər sarsıtdı məni. Özümü tanımaz oldum. Düşüncələr dolaşıq, xəyallar çarpaşıq qalıb. Daha bundan sonra yox kimiyəm. Eşqimin əzəli, ömrümün sonu saydığım o nazlı nigarım yox kimidir... Dərd ömür bağımda at oynadır, onunla bacara bilmirəm. Elə bil mənimlə savaşa çıxıb. Amma qayğıların əlindən başımı itirəndə də sənə acığım tutmur, əksinə, taleyinə acıyıram. Təkcə ayağa qalxmağını istəyirəm Allahdan. İstəyirəm durub ev-eşiyinə sahib çıxasan, övladlarına yiyə durasan, “qadınlığı” mənim əlimdən alasan. Bu, mümkünsüz bir şeydi, amma mən bunu çox arzulayıram, çox istəyirəm belə olsun...”

Gündəliyi oxuyuram, susuram, oxuyuram, yenə susuram. Dəftər əlimdə “alışıb yanır”, babamın dərdi yandırır əlimi...

O vaxtlar təkcə Rüxsarə bibim yetir babamın karına. Nənəm yatağa düşəndə 14 yaşı varmış, 7-ci sinifdə oxuyurmuş, musiqi məktəbinə də gedirmiş, tar çalırmış. Hər şeyi yarımçıq qoyur, anasının, atasının, qardaş-bacılarının xatirinə məktəbi atır. Babamın əlindən tutur, xəstəyə qulluq edir, bacı-qardaşlarına baxır, bir çətən külfətin yükünü çəkir. Vallah, onun fədakarlığı da sözə gələn deyil. Hələ bu, harasıdır, bibim 8 ildən sonra yenidən məktəbə qayıdır, özündən 8 yaş kiçik uşaqlarla birgə oxuyur, təhsilini başa vurur. Bütün bunlar Rüxsarə bibimi daha çox sevdirir mənə. Və hərdən onun vaxtsız itən cavanlığının, erkən solan gözəlliyinin səbəbini də o illərdə axtarıram...

Babam da gündəliyində Rüxsarə bibim haqqında elə can yanğısı ilə danışır ki: 

“Körpə Ruxumun halı lap yandırır məni. Bütün ağırlıq onun üzərindədi. 14 yaşlı qız “ana”ya çevrilib. Özü ana qayğısına möhtac ikən, “analaşıb”. Ev-eşiyi yığıb-yığışdırmaq, biş-düş, pal-paltar yumaq, bir həkim kimi xəstənin qeydinə qalmaq, uşaqların könlünü oxşamaq, bir müəllim kimi onların tərbiyəsi ilə məşğul olmaq...

Bu körpənin günahı nədir, İlahi? Uşaqkən böyüdü. Tay-tuşları məktəbə gedir. O isə... Gecə-gündüz dincliyi yoxdu, səhəri dirigözlü açır. Bütün bunları görmək bir ata kimi sarsıdır məni. Bu faciə ilə qarşılaşan sarsılmazmı? Sarsılar, əlacı kəsilər...

Xoşsifət, sarışın qızımın əziyyəti, zəhməti nə göyə sığar, nə də yerə. Meşələr qələm olsa, dəryalar mürəkkəb, yenə yazmaqla qurtarmaz...

Ruxum olmasa, neynərəm görən! Ona qıymıram, amma məcburam...”

Rüxsarə bibim “Babamın gündəliyi”nin əsas qəhrəmanıdır. Gündəlikdə ondan çox danışır babam.

“...Bu gün fasilədə işdən evə gəldim. Uşaqlar dərsdə idi. Ağlamaq səsi eşitdim. Tez özümü Sitarəmin yanına atdım. Dərin yuxuya getmişdi. Ürəyim üstümə gəldi. Bəs kimdi ağlayan? Bayıra çıxdım. Ruxum həyətdə anasının paltarlarını sərirdi. Körpə balam... Məni görüb daha bərk hönkürdü. Çox qorxdum, hələm-hələm ağlayan deyil, çox möhkəmdi, deməli, nəsə olub. Yaxınlaşıb boynunu qucaqladım. ”Yorulmusan? Ver mən sərim paltarları...” Qoymadı. “Bilirsən, nə olub? Anamın yarasını sarıyırdım. Dedi ki, məni döndərəndə arxadan itələ çarpayıdan düşüm yerə. Təəccüblə soruşdum ki, niyə? Dedi, bəlkə, yıxılaram, ayaqlarım hərəkətə gələr...” Bunu deyib lap bərk ağlamağa başladı. “Əvvəllər belə deyəndə inanırdım, amma ürəyim gəlmirdi bunu etməyə. İndi başa düşdüm ki, anam əzablardan qurtulmaq üçün belə deyir, elə bilir çarpayıdan yıxılsa, ölər...” Güclə sakitləşdirirəm Ruxumu...

Sitarə çox əzab çəkir, bizə əziyyət verdiyinə görə çox üzülür. Tez-tez deyir ki, ölsəydim, sizin də canınız qurtarardı.

...Özünə tez-tez ölüm arzulayır. Ən qorxduğum şey onun vəsiyyət etməyidi. Həmişə deyir, mən öləndə nə Rux, nə də sən ağlama, mənimlə birgə o qədər ağlamısınız ki. Əziyyətinizi halal edin. Gah: “Evlənərsən, sənə bir gün vermədim” deyir, gah da deyir ki, uşaqları ögey ananın ümidinə qoyma...” Tez-tez dua edir ki, Allah sənə kömək olsun ki, balalarımızı yerbəyer elə...

Hərdən gecələr özünə ağı deyib ağlayır Sitarə. Ruxumun anası – mənim həyatımın mənası...”

“Babamın gündəliyi”ndə bir bayatı da var. Bu bayatı sanki elə babam üçün deyilib:

Aparmaz çaylar məni,

Saxlamaz aylar məni.

YÜKÜM QURĞUŞUN YÜKÜ,

Yordu bu taylar məni...`

Gündəlikdə elə yerlər var ki, onların üstündən keçə bilmirəm. Mütləq həmin hissəni də oxuculara çatdırmaq istəyirəm...

“...Qadasın aldığım Ruxun boynumda haqqı çoxdu, lap çox. BUNU HƏMİŞƏ YADDA SAXLAMALIYAM! BUNU UNUTMAĞA HAQQIM YOXDU! UNUTMAQ OLARMI? (seçim babamındır – S.C.) Bu gün yenə işdən yorğun-arğın gəldim, bazarlıq eləmişdim, Ruxum tez hər şeyi yerbəyer elədi, süfrə açdı, hamını yığdı başına, birgə şam elədik. Səni də yedizdirdi, sonra süfrəni yığdı. Mənə: “Nə qədər gecə düşməyib bir az dincəl, yuxusuz gecə gözləyir səni” dedi. Elə bil yarama duz basdılar. Sən buna bax, özü ora-bura qaçmaqdan ayaq üstə dura bilmir, mənim dərdimi çəkir. Deyəsən, onun bu sözü səni də tutmuşdu. Qeyri-ixtiyari sənə baxdım, baxışların tavana dikilmişdi, gözünün ucunda bir damla yaş donub qalmışdı. Bunu görüb lap havalandım. Heç sənin ağlamağını istəmirdim... Tez uşaqları çağırdım. Yenə hamımız başına yığışıb könlünü almaq istədik. Ruxum tar çaldı, Fərman nağara. Mən də oxudum. “Gecələr”i oxudum. Bu mahnını çox sevir Sitarə...”

...Rüxsarə bibim tez-tez nənəm üçün tar çalarmış. Nənəm rəhmətə gedəndən sonra bir dəfə də olsun tarı əlinə almayıb...

* * * *

...Nənəm çarpayı dustağı olsa da, onun bir sözü iki olmayıb evdə. Əslində, ailəni o, idarə edib. Ailənin gəliri də onda olub. “Babamın gündəliyi” də bunu təsdiq edir.  

“İş yoldaşlarım həftə sonu Göygölə gedəcəkdilər – dincəlməyə. Bunu evdəkilər də bilirdi. MƏN GETMƏK İSTƏMİRDİM. EVDƏ XƏSTƏ VAR. (yenə də seçim babamındır – S.C.) Şənbə günü hamı yığışdı. Fikrimdən dönmədim. Elə bu vaxt oğlum Arzuman gəldi. Sitarə plaşımı, bir də xərclik üçün pul göndərmişdi. ”Anam dedi ki, yoldaşlarından ayrılmasın, o da getsin...” Ah, Sitarəm...”

Həmin gün, bəlkə də, ömrünün ən gözəl gününü yaşayıb babam. Ona görə yox ki, iş yoldaşları ilə “yeyib-içməyə” gedib. Yox... Nənəmin qayğısı ona bir dünya sevinc verib...

...Nənəmlə babamın taleyi çox amansız davranıb onlarla. Çox!.. Bu, təsadüfdür, yoxsa... bilmirəm. Avqust ayı bu iki insanın ömründən paralel qırmızı-qara xətlə keçir. Nənəm avqustun 15-də anadan olub. Nənəmlə babam avqustun 12-də evləniblər. Nənəm avqustun 21-də qəzaya düşüb. Nənəm avqust ayının 26-da ana olub – Rüxsarə bibim doğulub. Nənəm avqustun 26-da, Rüxsarə bibimin ad günündə rəhmətə gedib. Avqust ayı nə istəyirmiş nənəmlə babamdan? Xeyirli və bəd günlər növbəyə düzülüb bu ayda. Bu qədər təsadüf ola bilməz, axı! Bəlkə, bu, taleyin, qədərin, qismətin ironiyasıdır...

Babam o ağır illəri öz gündəliyində özünəməxsus şəkildə qeyd edib.

“...Saatlar günə, sutkalar aya, aylar illərə döndü: bir il, iki il, beş il, on il, on altı il... Nəhayət, 16 il 5 gün. 5 853 gün, 140 min 472 saat. Bu tarixlərin hamısı ürəkparəm Ruxun adı ilə bağlıdır. İlk ilin – 366 günün əzablarını unutmaq mümkünmü? 24 saatlıq yaz, yay, payız, qış gecəsində şirin yuxu yatmayan bir uşağın vəziyyəti necə olar? Yastığımız taxta, yorğanımız, bəlkə də, olmadı. Sadəcə, mürgüləmək üçün başımızı Sitarəmin çarpayısının taxtasına söykədik...

Və... 21 avqust – bu gözlənilməz tarix, arzuedilməz gün çağırılmamış qonaq kimi gəldi. Qapının zəngini çalmadan evimizə girdi, özü ilə qəm-qüssə, kədər gətirdi... Sitarəmi əbədilik apardı...”

Nənəm rəhmətə gedəndə babam qadınlara qoşulub ağı da deyib, oxşayıb onu:

Yarı kaş görməyəydim,
Vəslin xoş görməyəydim.
Yardan qabaq öləydim,
Yerin boş görməyəydim....

“Babamın gündəli”yində bir şeir də var: bilmirəm özü yazıb, yoxsa, kiminsə şeiridir, xoşuna gəlib, köçürüb gündəliyinə...

Göz dikmişdi sənə bu ev, bu ocaq,
Üzünə baxmaqla olarmı doymaq?
Sən ki, bizimləsən, deyilsən qonaq,
Bağrı körpələrin al qandı, getmə.

Bilirsən, tapdandı gül bağım mənim,
Söndü ayım, günüm, çırağım mənim.
Yaman gündə səndin dayağım mənim,
Dur, məni başına dolandı, getmə.

Bütün aləm gülsə, gülmərəm sənsiz,
Bil ki, göz yaşımı silmərəm sənsiz.
Həyatın zövqünü bilmərəm sənsiz,
Göz yaşım dəryadı, ümmandı, getmə.

Sənin hər sözünə mən qulaq asdım,
İstəkli yarımsan, bağrıma basdım.
Adını qəlbimin qanıyla yazdım,
Əbədi ayrılıq amandı, getmə...

“Babamın gündəliyi” yenə “qan ağlayır”:

“Sən öldün! Ümid də, arzu da səninlə öldü! Balalarını yox, məni də yetim qoydun. İndi uşaqların hamısının ağlı kəsir. Ruxumun üzünə baxa bilmirəm. Qarşımdakı o körpə Ruxum deyil daha. Mənim yaşıl gözlü körpə balam bu 16 ildə necə böyüyüb! Niyə heç fikir verməmişəm, İlahi! 30 yaşı var indi mənim dərd yoldaşımın! Amma o, birdən elə böyük, elə yaşlı göründü ki mənə! Sanki bu 16 ildə mənimlə birgə o da qocalıb! Bu 16 ildə evimizə gələn elçiləri geri qaytarmışdı Ruxum... Bu 16 ildə bir xeyir iş olmadı qapımızda, amma artıq uşaqların evlənmək, ərə getmək vaxtı idi. Sənin bir yaşında Esmiran, 3 yaşında Elmiran indi su sonası kimi gözəldilər. Ruxum onları elə böyütdü, elə tərbiyə etdi ki!..

...Səni son evinə yol saldıq. Özümü ələ ala bilmirdim. 16 il əvvəl bir dəfə səni yolundan döndərə bildim, səni 16 il saxlaya bildim. İndi aciz idim, çox aciz. Sanki ən böyük zərbəni də 16 il əvvəl yox, indi aldıq...

...Yanılmamışdım. Ən ağır günlərim indən sonra başladı. Əslində, fiziki ağrılardan qurtuldum, mənəvi ağrılarım birə-beş artdı. Sənsiz evimiz boş qaldı. Çarpayın boş qaldı. Səsin nəfəsin göyə çəkildi. Həyat ikinci zərbəsini vurdu mənə. Nə qədər sağ idin, ağlamağa vaxtım olmadı. İndi səni ağlamağa vaxt o qədər çox ki...”

Babam gündəliyində dövlətin ona köməyindən, Səhiyyə nazirinin bir neçə dəfə bu ailədə olmasından, külfətin böyüklüyü və nənəmə lazimi dava-dərmanın alınması üçün təqaüd kəsilməsindən də yazır. Amma mənim məqsədim bunları yox, bir Azərbaycan kişisinin, bir ərin, bir atanın öz ailəsinin bütövlüyünü qorumaq, ömür dostunu yaşatmaq, balalarını sabaha daha layiqli ötürmək üçün çabalarından, min bir əzaba qatlaşmasından danışmaqdır...  

Bir hadisə də yaddaşımı göynədir: nənəmin atası Əvəz kişi onun yasına gəlmir. Əslində, o dəhşətli qəzadan sonra bir dəfə də olsun babamgilin qapısını açmır. Ölənə qədər Sitarəyə görə bağışlamır özünü. “Mən balamı 16 il əvvəl öz əllərimlə öldürdüm” deyə Laçında acı göz yaşı tökür, qızına yas saxlayır...

“...Sonra sənsizliyə öyrəşdik. Sənsizliyin acısını bir də Ruxumu gəlin köçürəndə hiss etdim. Gözəl Ruxum gəlin köçürdü. Onun xoşbəxt olmağını o qədər çox istəyirdim ki. O, xoşbəxtliyə o qədər layiqdi ki....

Gözəl qızın gəlin köçür, ay ana,
Nə yatmısan, məzarından qalxsana.
K
im alacaq, kim verəcək, bəs görən,
Ana payın o istəkli qızına.

Ata payı, qardaş payı şirindi,
Heç olarmı ana payı əvəzi.
Anasız qız köçürmək çətindi,
Bəs hardasan, özün yoxsan, ay ana...” 

Rüxsarə bibim ailə qurmağa da gecikir. Amma Allah bibimin qarşısına onu xoşbəxt edəcək gözəl bir insan çıxarır, sanki bununla mükafatlandırır onu...    

Nənəmdən sonra Rüxsarə bibim heç vaxt öz ad günü keçirməyib, ancaq anasının xatirə günlərini qeyd edib. Təkcə bu il ad günündə nəvələrini yığıbmış başına – onları küsdürməmək üçün...

Rüxsarə bibim ailədə öz missiyasını yenə davam etdirir: indi də bacı-qardaşları ona “ana” kimi baxır, hər bir işi onunla məsləhətləşirlər...

* * * *          

...Mən nənəmi görməmişəm. Şəklindən, atamın söhbətlərindən, “Babamın gündəliyi”ndən  “tanıyıram” onu. Amma onu mənə sevdirən çox məqamlar var. Əvvəla, babamın sevgisi. Sonra, əzablı həyatı: 16 il ona dinclik verməyən fiziki ağrılardan qovrulub. Üstəlik, gözükölgəli olub ərinin, uşaqlarının yanında, onların qulluğunda dura bilməyib. Qonumdan-qonşudan, xeyir-şərdən qalıb. Gəlin olub cərgələrə qoşulmayıb... 

Mən həm də nənəmin adını daşıyıram. Nənəmdən sonra nəslimizdə qış uşağı doğulmayıb, bunu çox arzulayıblar. Əmilərimin, bibilərimin hərəsinin iki oğlu olub, Allah saxlasın. Mənim dünyaya gəlişim isə toy-bayrama dönüb. Ən çox sevinən babam olub, “sevgili Sitarə”sinin adını verib mənə. Hər dəfə alnımdan öpər, “Səni verən Allaha min şükür! Nənənin torpağı sanı yaşayasan, amma bəxtin onun bəxtinə oxşamasın!” deyərdi.

İndi də əmi-bibi uşaqlarından çoxu mənə “nənə” deyir, bu müraciət mənim üçün çox xoş olur...

* * * *

...Gözəl babam! İndi başa düşürəm ki, bu dünyada necə tənha, necə yalqız olmusan! Heç biz də sənin nə qədər tənha olduğunu bilmədik, görmədik! Övladlarının əhatəsində olsan da, səni əzizləsələr də, nə qədər tənha bir ömür yaşadığının fərqinə varmadıq! Yalnız gündəliyini oxuyandan sonra anladım ki, bu həyatda necə tənha bir ömür yaşamısan! Amma ləyaqətlə yaşamısan! Ömrün “qurğuşun yükü” olub, amma sən bu yükü dəyanətlə çəkmisən! Polad iradənlə qəddar taleyni enmisən, ona qalib gəlmisən!

İnanıram: daha tək deyilsən, “sevgili Sitarə”nin yanındasan! Bu dünyada yalnız onun sevgisi ilə yaşadığın ömür-gün dostunun! Yeriniz cənnət olsun!.. 

* * * *

...Babamın ömür yolu bir örnəkdir. Mən belə düşünürəm. Bu yazımla isə onu tərifləmək, yaxud kimlərəsə “dərs keçmək” fikrindən uzağam. Babamın tərifə ehtiyacı yoxdur, mənim də bu köhnə dünyaya dərs keçmək fikrim. Məqsədim bilirsinizmi, nədir? Dəyərlərin itdiyi bu qarmaqarışıq dünyada, bəlkə, kimsə bu yazıdan nəsə götürdü...

Ağlıma:

...həyat yoldaşını “baltalayan” ər gəlir!
...valideynlərinə əl qaldıran nadan övladlar gəlir!
...öz doğma ata-anasını qocalar evinə “bağışlayan”lar gəlir!
...sevdiyi qızı döyə-döyə saçını kəsən, yalvarışlarına baxmayaraq, bu acınacaqlı görüntünü telefonuna çəkən “oğlan” gəlir!

Mən bütün bunları bir də ona görə qələmə aldım ki, bu, bir Qarabağ xatirəsidir. Bu, təkcə bir ailənin qəlbləri göynədən həyat hekayəti, bir kişinin dəyanəti deyil, həm də Qarabağın yaddaşıdır. YADDAN ÇIXMAYAN QARABAĞIN YADDAŞI...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir