Modern.az

Azərbaycandakı gözdən əlillərin günüdür

Azərbaycandakı gözdən əlillərin günüdür

13 Noyabr 2012, 12:12


Bu gün Azərbaycanda fiziki qüsurlu, xüsusən də görmə qabiliyyəti zəif olan insanlar müxtəlif problemlərlə üzləşirlər. Digər dünya ölkələrinin təcrübəsindən isifadə etməyə çalışan hökümət mümkün qədər şərait yaratsa da, cəmiyyətdəki fərqli yanaşmalar bu insanların o şəraitdən yararlanmasına maneçilik törədir. Yeni təyin olunduğum Məhdud Fiziki İmkanlı insanlar üçün Regional İnformasiya Mərkəzində gündəlik olaraq qeyd etdiyimiz qüsura malik insanlarla münasibətdə olduğumuz üçün bu məqamları daha aydın görə bilirik. Onların problemləri düşündüyümüzdən də çoxdur. Bizim üçün çox primitiv görünən şeylər onlar üçün həddindən ziyadə çətinliyə çevrilib.  Lakin onları daha çox incidən, daha çox yaralayan bizlərin münasibətidir.  Əlavə olaraq onu da qeyd edim ki, yuxarıda adı çəkilən mərkəz görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışın təmin edilməsinə dair BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında imzalanmış əməkdaşlıq sazişi və layihə əsasında istifadəyə verilmişdir. Gəncə, Naxçıvan və Yevlaxda  artıq mərkəzlər fəaliyyətdədir. 

Onların hər şeydən öncə diqqətə ehtiyacları var

Haqqında bəhs olunan İnformasiya Mərkəzləri gözdən əlil insanların cəmiyyətə inteqrasiya olunmaları üçün istifadəsi nəzərdə tutulub. Onlar üçün müəyyən qədər şərait də yaradılıb. Təəssüf ki, cəmiyyət tərəfindən münasibət onlara qarşı birmənalı olmadığından  bu şəxsləri mərkəzlərə cəlb etmək çətindir. Bu çətinliyi biz də yaşayırıq. İlk şikayətləri isə belədir: “Biz çölə çıxmaq istəmirik, bizə kiminsə yazığı gəlməsin, bezmişik artıq arxamızca gələnlərdən”.
Lakin sevindirici hal odur ki, bu çətinlikləri bizimlə birgə arxada qoymaq istəyən insanlar da var. Onlardan biri Vüqar Məmmədovdur. Onun  32 yaşı var. Mərkəzə daha yeni üzv yazılıb. Sadəcə 5% görmə qabiliyyəti olan Vüqar  musiqi məktəbində şagirdlərə qarmon dərsləri verir.  Boş vaxtlarını mümkün olduğu dərəcədə səmərəli keçirməyə çalışan bu gözəl insan bizə müraciət etdiyində həm özü sevindi, həm də bizləri sevindirmişdi.  Yaradılan şəraitlə tanışlıq onda əməlli başlı ruh yüksəkliyi yaratmışdı, indi o hər dəfə bizimlə görüşəndə sözün əsl mənasında gözlərinin içi gülür.  Onu mərkəzə bağlayan yaradılmış şəraitlə yanaşı ona qarşı olan münasibətdir. “Sizlərin münasibəti məni bura gətirdi, bizim bu mehribançılığa, bu sevgiyə ehtiyacımız var” deyir.  Doğurdan da, bu insanların bizim xoş münasibətimizə ehtiyacları var. Yetəri qədər problemlər yaşayırlar, bir də bizlərin onların qəlbini qıran yanaşmamız bu insanları ikiqat incidir .  Bəli, onların bu qədər əziyyət çəkdikləri bu cəmiyyətdən tək istəkləri var: Diqqət və hörmət!

Təhsil qayğısı və məşğulluq problemi

Təhsil ala bilməmək bu insanlar üçün ən başlıca problemdir. Təəssüf ki, bu gün məktəblərimizdə və ali təhsil ocaqlarımızda onların təhsil alması üçün tam şərait yoxdur. Yerli məktəblərlə əlaqə saxladıq, aldığımız cavablar bizi də təəssüfləndirdi. Fiziki qüsurlu bu şəxslər imkan müqabilində evlərdə xüsusi hazırlıqlı müəllimlərin vasitəsi ilə  təhsil ala bilərlər. Amma təbii ki, burda da önəmli olan məqam bu kimi müəllimlərin azlıq təşkil etməsi və işsizlikdən dolayı aylıq xərcin ödənilə bilməməsidir. Beləcə birbaşa olaraq bu insanlar işsizlikdən əziyyət çəkirlər.  Təhsilsiz bir şəxsin məşğulluq problemi ilə üz-üzə qalması, xüsusən də bu insan fiziki qüsurludursa, daha da çətin olur. Dünyanın bir çox ölkələrində kor və görmə qabiliyyəti zəif olan insanları işlə təmin edən şirkətlərə hökümət tərəfindən güzəştlər olunur. Ümid edirik ki, bu təcrübə bizdə də nəzərə alınar.  Lakin bununla da bitmir. Öncə təhsil problemi həll edilməlidir. 2009-cu ilin statistikasına əsasən gözdən əlil 50 nəfər gənc ali təhsil almışdır. Burda da üzərində durmaq gərəkli məqam odur ki, tələbə adını qazanmaqla da  iş bitmir. Onların təhsilinə davam etməsi üçün şərait demək olar ki, yox səviyyəsindədir. Əlavə olaraq ən başlıca çatışmazlıqlardan biri brayl əlifbasını bilən insanlardır. (Brayl-1821-ci ildə Luis Brayl tərəfindən ciddi görmə problemli insanların oxuyub yazması üçün tərtib edilən əlifbadır) Doğrudur, Gözdən Əlillər Cəmiyyəti kimi təşkilatlarda bu əlifbanı bilən, müxtəlif kitabları brayl şrifti ilə çap olunmasına yardımcı olan insanlar var. Lakin regionlarda bu məsələ hələ də həllini tapmayıb.

13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür

13 noyabr Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqət çəkmək məqsədilə Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunur. Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə gözdən əlillər üçün “unisaial şriftləri”, yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan insanlar üçün məktəb açıb  və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib.  2002-ci ildən etibarən hər il bu tarix bizdə də bu qəbildən olan insanların problemlərini  aktuallaşdırmaq məqsədilə xatırlanır. Qeyd edək ki, Azərbaycanda 320 000 əlilin 35 000 nəfəri kor və görmə qabiliyyəti zəif olan insanlardır. Əslində onlar fiziki qüsurlu olsalar da, həyata baxışlarına görə sağlam insanlardan heç də geridə qalmırlar. Əksinə, fikizi cəhətdən məhdudluq onları bizlərdən mənəvi cəhətdən daha güclü edir, məhz bu gücün sayəsində onlar həyata dörd əllə sarılmağı bacarırlar, hətta onlara qarşı laqeydliyə, kobud münasibətə baxmayaraq.

Nərmin Məmmədli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?