Modern.az

“Koroğlu” dastanının yeni variantı işıq üzü görüb

“Koroğlu” dastanının yeni variantı işıq üzü görüb

16 Fevral 2010, 14:33

Sovet dövründə Azərbaycan folklorunun bir çox nümunələri etnik-milli yaddaşın daşıyıcısı olduğu halda sovet ideologiyasına sünii şəkildə uyğunlaşdırıldığından həmin nümunələrin milli yaddaşdakı dəyərinə ciddi xələl gəlib. Bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun rəhbərliyi altında böyük bir işçi qrupu işə başlayıb. Nəticə etibarı ilə, təkcə Azərbaycan deyil, bütün türk dünyası koroğluşünaslığına böyük töhfə olacaq “Koroğlu” dastanının Əli Kamali variantı nəfis tərtibatla işıq üzü görüb.

AMEA Folklor İnstitutunun Mətbuat Katibi Hikmət Quliyev

bildirib ki, dastanı çapa insitutun əməkdaşı Əli Şamil hazırlayıb. Kitabda “Folklorumuzun üfüqləri” başlığı altında İnstitutun direktoru H. İsmayılovun oxuculara müraiəti, yer alıb, burada da layihənin məqsədi, onu doğuran zərurət şərh olunub. Burada alim folklor materiallarının toplanılmasının qlobal dəyərinə toxunaraq yazır: “Bu layihə, əslində dünya mədəniyyətinə xidmət etməkdə və yoxa çıxmaqda olan folklor nümunələrini qorumaqla ümumbəşər mədəniyyətinə xidmət deməkdir”.

Kitabın girişində “Koroğlu” dastanının Əli Kamali arxivindəki variantları” adlı başlıqda cəfakeş insan, öz xalqının milli-münəvi dəyərlərinə böyük önəm verən Əli Kamali şəxsiyyəti barədə məlumat verilmiş və şəxsi arxivi, söyləyicilər barədə bəzi məsələlərə aydınlıq gətirilib.

Kitabda “Koroğlu” dastanının “Bu Koroğlunun Çəmlibelə gəlməgidi və Ərəp Reyhanı görməgidir ”, “Bu Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır”, “Bu Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi ”, “Bu Koroğlunun Eyvaz dastanıydı ki, getdi Eyvazı gətirdi”, “Bu Koroğlunun Dəmirçioğlu səfəriydi ki, getdi gətirdi”, “Bu da Eyvazın durna səfərinin dastanıydı ki, ərz elədim”, “Bu da Eyvazın Türkmənə getməgidi və ata anasını toyuna dəvət etməgidi”, “Bu dastan Koroğlunun Bolu Sərdarı axtarmağıdı”, “Koroğlunun Türkmən səfəri”, “Koroğlunun Şilat səfəri”, “Aşıq Cümənin Çənilibeldən qaçması” və başqa on altıya qədər başqa qolları yer alıb.

AMEA Folklor insitutunda çap olunan bütün materiallarda olduğu kimi, bu kitabda da sözlük verilib ki, bu da dastanın yerli koloritinə aid olan bəzi çətin anlaşılan sözlərin aydınlaşmasınakömək edir.

Dastan folklor materiallarının hazırlanmasının ən yüksək tələb və prinsiplərinə cavab verəcək şərtlər əsasında hazırlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi